Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:20

"Paris günləri" romanından bir parça


Banin
Banin

-

"Tolstoy ailəsinin on nəfərdən çox üzvü də Parisdə yaşayırdı və hamısı çox kasıb idilər. Elə kasıb idilər ki, Parisdə “Anna Karenina” filmi nümayiş etdirilərkən Tolstoyun qızı Tatyana Tolstoy-Suxotina pulu olmadığına görə həmin filmə baxa bilməmişdi."

Banin

"Paris günləri" kitabından bir parça

…Avropa bu qaçqın dalğaları altında boğulurdu. Bu axının ilk dalğaları İstanbula, Balkan və Şimal ölkələrinə toxunur, oradan isə uzaqlara axıb gedirdi. Müharibədən çox pis vəziyyətdə çıxmış, kasıblamış, dağılmış Fransa çoxu pulsuz və peşəsiz olan yarım milyon qaçqın qəbul etmişdi. Bütün Avropa bu məsələ barədə baş sındırır və bəzən də qaçqınlara pis münasibət bəsləyirdi, çünki onlar çox idilər və hər yerə yayılmışdılar.

Ivan Bunin
Ivan Bunin

Müharibədən məğlub çıxmış Fransadan da qat-qat kasıb olan, iflas içində boğulan Almaniyaya dörd yüz minə yaxın qaçqın gəlmişdi. Bu adamlar Berlində əsasən heyvanxana parkının ətrafında məskən salmışdılar. İngiltərə isə qaçqınları dəqiq hesabla qəbul edirdi.

Yazıçı Şilovski deyirdi: “Ruslar Berlində köhnə bir kilsənin ətrafında pərvanələr çilçıraq ətrafında fırlanan kimi fırlanırdılar."

Sergei Vasilievich Rachmaninoff
Sergei Vasilievich Rachmaninoff

İvan Bunin haqlı olaraq deyirdi: “Oktyabr İnqiilabının yaratdığı mühacirət həqiqətən böyük və faciəli tarixi bir fenomendir.”

Bəziləri bu mühacirəti yəhudi diasporası ilə müqayisə edirdi, lakin yəhudi məsələsi dini məsələdir və min illərdən bəri davam edir.

Başqaları isə bunu 1789-cu il inqilabından sonrakı fransız mühacirəti ilə müqayisə etməyə çalışırdı. Amma bunlar arasında fərq çox böyükdür – həm həcmcə, həm də tərkibə görə. Fransız mühacirlərin əksəriyyəti zadəganlar, keçmiş rejimin yüksək rütbəli adamları idi və onların köçməsi çox ciddi ictimai problemlər yaratmamışdı. Rus mühacirətində isə cəmiyyətin hər təbəqəsinin nümayəndələri vardı: adi çar əsgərindən tutmuş qrafa qədər, balet ulduzundan tutmuş ağ orduda xidmətdə olan kəndliyə qədər hər cür adam vardı.

Marina Tsvetaeva
Marina Tsvetaeva

Beləliklə, sərhədlərdən kənarda yaranan Rusiyanın hər cür etnik nümayəndəsi olduğu kimi, sözün əsl rus mənasında hər cür keçmiş qanunları da vardı: zadəgan qanunu, tacir qanunu, kiçik burjua qanunu, kəndli qanunu, xidmətçi qanunu və s.

Rus diasporasını təşkil edən məşhur adamların siyahısını necə tutmaq olar?! Hansı hesabdar kütlə içərisindəki məşhur adamların siyahısını dəqiqləşdirə bilər?!

Elə təkcə Parisdə yaranmış “paytaxtda” onlarla məşhur mühacir vardı, onlardan yadıma düşənləri sadalaya bilərəm: Şalyapin, Stravinski, Prokofyev, balet ulduzları – II Nikolayın məşuqəsi olmuş Kşesinskaya (ona məxsus sarayda bolşeviklər ilk qurultaylarını keçirmişdilər. Sonralar o, Parisdə bir mühacir qrafa ərə gedib, balet məktəbi açdı, mən də bir gün həmin məktəbə getdim, altmış yaşında hələ də məlahətli görünən bu xanıma məftun oldum), elə onun kimi ulduz sayılan Preobrajenskaya və Balaşova isə zənnimcə, hələ ərə getməyə qraf tapmamışdılar.

Rus yazıçıları da Parisə yığılmışdılar: Bunin, Teffi, Remizof, Merejkovski və arvadı Hupis Kuprin. Zaytsev, Adamoviç..., şairlərdən İvanov, Marina Svetayeva, Balmont, Severyanin...

Kovalevski yazırdı: “Rus mühacirlərinin müharibədən əvvəlki (1920-39) nəsli 20-ci illərdə Parisdə özünün mədəni səviyyəsinə görə, ən güclü mərkəzini yaratmışdı."

Mədəniyyət adamları arasında filosof və ilahiyyatçılar: Berdyayev, Şestov, Losski, Bulqakov və başqaları vardı. Onlarca rəssam: Kardinski, Şaqal, Terex, Kovaç, Baket və başqaları, səhnə ustalarından Balyev, Pitosfler, Evreynof... Bunların hamısını necə sadalayasan axı? Siyasi, yaxud başqa səbəbdən sürgünə düşmüş bu adamlar haqqında ancaq təxmini məlumat vermək olar. Məlum məsələdir ki, mühacirlərin əksəriyyəti sağ təmayüllü idi.

1922-ci ildə Avropaya səfər etmiş şair Mayakosvki bu mövzuda yazırdı: “Parisdə mühacirətin “ideoloji” adlanan ən qorxulu qrupu yığılıb; Merejkovski, Hippyus, Bunin və başqaları. Onlar Sovet Rusiyasına aid hər şeyi zir-zibillə örtürlər.” Görəsən, o, yeni Rusiyada özünü necə hiss edirmiş? Axı o da köçməli oldu və bunun üçün başqa yol seçdi – özünü öldürdü.

Tolstoy ailəsinin on nəfərdən çox üzvü də Parisdə yaşayırdı və hamısı çox kasıb idilər. Elə kasıb idilər ki, Parisdə “Anna Karenina” filmi nümayiş etdirilərkən Tolstoyun qızı Tatyana Tolstoy-Suxotina pulu olmadığına görə həmin filmə baxa bilməmişdi.

Qaçqınlar dəstəsində qraflar da vardı. Onların çoxu görməmiş adamlar kimi hər işə gedirdi. Biri taksi sürücüsü işləyirdi. Qrafinyalardan biri fotoqraf işləyirdi, indi daha bu eyibli sənət sayılmır...

Rus mühacirlərinin bəzisi iş bacarmır, bəzisinin bəxti gətirmir, bəzisi isə öz kökündən qopub yeni həyata uyğunlaşa bilmirdi. Bədbəxt mühacirlərə vətən həsrəti əzab verirdi, vətən isə əvvəlki vətən deyildi.

Günlərin birində Teffi mənə dedi ki, Rusiya deyəndə ağcaqayın meşələrini, yaxud Sankt Peterburqun küçələrini deyil, indi yoxa çıxmış mədəni-sosial bir qurumu yada salır. Bəzən o, fikirli-fikirli deyirdi: “Mən burada nə edə bilərəm?” O da başqa həmvətənləri kimi Fransada darıxırdı.

Kuprin özünün “Vətən” adlı məqaləsində vətən həsrəti xəstəlyinin müxtəlif tərəflərini göstərir və məqaləni bu cümləylə bitirir: “Xəstəlik böhran dövrünü keçib və xroniki vəziyyət alıb. Gözəl bir ölkədə (Fransada), yüksək mədəniyyət abidələrinin əhatəsində yaşayırıq, lakin hər şey səthi görünür, elə bil filmə baxırsan... sonra isə sakit, küt bir ağrı gəlir. Bu ağrı heç Moskva, Rusiya yuxularının da ağrısı deyil – onların yerində qara bir çuxur qalıb”, Şair Balmort “Parisdən məktub”da qüssəylə yazır: “Yad ölkə yolları ilə irəlilədikcə məni vətənə bağlayan tellər qırılır”.

Prokofyev özünü əsl rus sayırdı və yad ölkədə yaradıcılığa ilhamı gəlmirdi. Raxmaninov iyirminci illərdə amerikalı jurnalistə belə demişdi: “Rusiyanı tərk edəndən musiqi yazmaq həvəsinə düşə bilmirəm. Vətəni itirməklə mən özümü də itirmişəm.”

Məşhur şairə Mariya Svetayeva isə köçkün ömrünün əvvəlində başqa fikirdə idi: “Vətən ancaq ərazi demək deyil, o, insan yaddaşıın və qanının ayrılmaz hissəsidir, rus olduğundan və Rusiaynı unutmaqdan o adam qorxur ki, bu məfhumu özündən kənar sanır. Kim vətəni öz daxilində gəzdirirsə, onu ancaq öz həyatı ilə itirə bilər...” Sonralar o gördü ki, vətəni daxildə gəzdirmək də kifayət etmir və vətənə qayıtdı...

***

Hər hansı kilsədə ruslar üstünlük təşkil edirdisə, fransızlar gəlmə vəziyyətinə salınırdı. Müharibədən əvvəl Şan Elize Teatrında Raxmaninovun bir konsertini xatırlayıram. Tamaşaçıların çoxu ruslar idi. Fasilə vaxtı coşmuş rus qadının ucadan deyindiyini eşitdim:

“Bu nədir? Bura yad adamlarla doludur ki!” Fransızların günahı o idi ki, öz dillərində danışırdılar. Əgər bir az da imkan verilsəydi, ruslar məmnuniyyətlə belə qışqırardılar:

“Fransa rusların olmalıdır.”

("Paris günləri" kitabı Bakıda 2006-cı ildə Hamlet Qocanın tərcüməsində çap olunub)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG