Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:02

Vahid Qazinin yeni çıxmış "Çöl Qala" povestindən bir parça


Kitab
Kitab

-

Vahid Qazinin yeni nəşr olunmuş "Çöl Qala" povesti müasir insan həyatının bir parçasına çevrilmiş sosial şəbəkələrdə yaşanan virtual həyatdan bəhs edir. Yeni çıxmış kitabdan bir parça.

Vahid Qazi

Çöl Qala

Sabahların sahibi bu günün azad gəncliyinə həsr olunur.

“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram.

Üçüncü dünyanı biz özümüz yaradırıq”.

Karl Popper

Yaşıl tumurcuqlardan açılan yarpaqlar kimi hamı eyni cür doğulur. Amma hamı bir cür ölmür. Ölümlər də müxtəlifdi – eynən xəzandı elə bil: biri saralıb üzülür, biri qızarıb düşür.

Birini də küləklər elə yaşılkən qoparıb salır...

***

Vahid Qazi
Vahid Qazi

Neçə vaxtdı qərarsızlıqdan özümə yer tapa bilmirəm. “Dərc edimmi, etməyimmi?” sualı yaxamdan əl çəkmir. Başqasının şəxsi məktublarını oxumaq bir yana, onları çap eləmək istəyi heç bir çərçivəyə sığmayan istəkdi, pisimə gəlir.

Evli bir kişinin dul qadınla gizli məktublaşmasından danışıram. Elə-belə yazışma olsaydı, fikir verməzdim. Uzaqbaşı şəhvəti maraqla oxuyub keçərdim. Amma elə deyil! Sanki bir bədii əsərin ayrı-ayrı hissələridi – bir yerə yığmaq lazımdı. İş bununla bitmir, mətnlərdən əsər düzəldərsən, dərd ondadı ki, o məktubları çap eləmək üçün izn almağa adam yoxdu.

Qəliz məsələ oldu, deyəsən. Hal-qəziyyə belədi, danışım, siz də görün yuxumu ərşə çəkən suala cavab vermək nə qədər müşküldü.

Bir gün “Üns” teatrında tanış xanımla rastlaşdım. Tələbəlik illərindən tanıyırdım. O vaxt gözəlliyi neçə-neçə oğlanı çöllərə salmışdı. Kimlər ölmürdü dərdindən, kimlərin balaları ölmürdü! Ona yaxınlaşmaq nədi, kəlmə kəsmək nədi, heç baxışlarını tutmaq olmurdu. Varlı-kasıb, oxuyan-avara, ürəkli-qorxaq, fərqi yoxdu – kiməsə gözünün ucuyla belə baxmırdı. Yeriyəndə yerişi, duranda qəddi-qaməti canlar yaxırdı. Atası Nazirlər Sovetində yüksək mənsəb sahibi idi. Babası köhnə inqilabçılardan olub.

Fəlsəfə dərsində qruplarımız birləşirdi, onda yaxından müşahidə edirdim.

Bir səhər onu ötürən oğlanı görəndə universitet uşaqlarının, elə müəllimlərin də əli üzündə qaldı. Əlacları olsaydı, onu Akademiyanın bağına çəkib şil-küt edərdilər. O qədər nifrət dolu baxış altında özünü tox tutmasından, təmtək fakültəyədək gəlməsindən xoşum gəlmişdi onda.

Tələbələr o qızdan ötrü öz aralarında neçə dəfə davaya çıxmışdılar. Hələ neçə-neçə cavan universitet müəlliminin divanəliyini demirəm. Moskvada, Lomonosov universitetində oxumuş, qocaman müəllimlərin belə həsədlə baxdığı kürən fəlsəfə müəllimimiz İxtiyar Bəxtiyarov elə vurulmuşdu ki, Aristoteldən tutmuş Kanta qədər sevimli filosoflarını onun ayaqlarına atardı. Tələbəsinə aşiq müəllimin sinifdə davranışı qəribə olur, bəzən elə anlar yaranırdı ki, deyirdin bəs İxtiyar müəllim ataksiya xəstəsidi, əli, ayağı özündən xəbərsiz hərəkət edir.

Sonuncu kursda elə həmin oğlana ərə gedəndə isə hamı “Eh, gərdişi-dövran” deyib köks ötürdü. Onun kasıb bir rəssam olduğunu öyrənəndə varlı ataların bahalı maşın sürən balalarının büzülən ağızlarından əyilə-əyilə çıxan sözləri ta bura yazmağa lüzum yoxdu. Aydın məsələdi!

Ordan-burdan söhbət elədik. Ərini xatırladıq, necə yaşadığını soruşdum, uşaqlarından hal-əhval tutdum. Araşdırıcı olduğumu bildiyindən idi yəqin, məndən ərinin arxiviylə tanış olmağımı, bir yazı yazmağımı xahiş elədi. Sərgisini təşkil eləməyi düşündüyünü, sərgi kataloqunun hazırlanması barədə bəzi məsləhətlərə ehtiyacı olduğunu söylədi. Ünvanını, telefonunu aldım, şənbə günü gəlməyə söz verib ayrıldım.

***

Köhnə şey-şüyləri eşələməkdən ötrü ölürəm. Uşaq vaxtı nənəmin cehizlik şifonerində saxlanardı ailə arxivimiz. Şifoner deyildi, muzey idi elə bil. Yuxarı gözündə, papaq, şərf, əlcək qoyulan yerdə babamın, nənəmin 1920-30-cu illərdə dostları, qohumlarıyla çəkdirdikləri şəkillər, orta gözündə hər iki qapağının içində o dövr model qızların yarıçılpaq şəkilləri olan gümüş portsiqar, sümük müştük, qədim düymələr, gümüş piləklər... Anamın gəlinlik paltarı, dikdaban ayaqqabısı, atamın gəncliyində geyindiyi “Makintoş” plaşı...

Kağız-kuğuzlar yığılan qara çamadan isə şifonerin aşağı siyirməsindəydi. Saatlarla vaxtım gedirdi o kağızlara baxmağa, oxumağa. Nikolay dövrünün əsginazlarından tutmuş ilk sovet “zayom”larına, “Mockviç-400” avtomobilinin, “Temp-22” televizorunun, cürbəcür cihazların sənədləri, qırx ilin xəstəlik kağızları, analiz cavabları, atamgilin toy dəvətnamələri, anamın cehiz gətirdiyi əşyaların siyahısınadək...

Evimizin rəngi saralmış qalın “domovoy kniqası” orta əsrlərin əlyazmasına oxşayırdı. Əvvəlki səhifələr ərəb əlifbasıyla yazıldığından heç nə anlamırdım. Latın və kiril əlifbaları ilə yazılan sonrakı səhifələri oxusam da, bu qədər adamın bizim evdə niyə yaşadığını kəsdirə bilmirdim. Aralarında rus da vardı, gürcü də. Sonralar biləcəkdim ki, hərəsi bir səbəbdən bizim şəhərə gəlibmiş, biri kirayə qalıbmış, o biri sadəcə pasport qeydiyyatına düşübmüş. İçərilərində başqa yerlərdən şəhərimizə sürgün edilənlər də vardı.

Palan içi tökmürəm, bircə onu deyirəm ki, təyyarələrin qara yeşiyi kimiydi ailə arxivimizi saxlayan qara çamadan.

Kənddə nənəmgilin evinin zirzəmisində, taxtapuşunda bir dünya köhnə əşyalarla əlləşməkdən də doymazdım. Ordakılar daha qədim idi.

Elə tələbə vaxtı da eynən beləydi. Məni axtaran bukinistdə, əntiq şeylər satılan mağazalarda tapardı. İndi də hər dəfə dostum İmran Bədirxanla görüşə vaxtından əvvəl gəlirəm. Görüşdüyümüz yerdə – üçüncü mikrorayonda, köhnə “Arzu” şadlıq evinin qabağındakı balaca parkda rus qarılarının töküb satdığı köhnə vallara, kitablara, məişət əşyalarına, elektrik avadanlıqlarına, onların ehtiyat hissələrinə tamaşa eləməkdən xoşum gəlir.

Hər detal bir tarix parçasıdı, insan ömrünün bir anıdı. Qocaların titrək əllərində bu detallar qəribə duyğular yaradır. Qəribəliyi həm də ondadı ki, bu cür əşyaları satan da, maraqlanıb baxan da, elə aradabir nəsə alan da qocalardır.

Yaşlaşanda adam heç olmasa bu ehtiyat hissələr kimi kiməsə gərək olmaq istəyir...

Şənbə gününü səbirsizliklə gözləyirdim. Bir tərəfdən tanınmış rəssamın arxiviylə tanış olmaq imkanım yaranmışdı, sevdiyim işlə məşğul olacaqdım, o biri tərəfdən də tələbəlik illərimin əlçatmaz gözəlinə qonaq gedəcəkdim. Şuxluğunu itirməyib, elə bil illər gözəlliyindən bir naxış belə soldura bilməyib. Amma gözləri əvvəlki gözlər deyildi. Parıltısı gözünün xeyli dərinliyinə çəkilmişdi.

Rəssamın arxivi isə mənimçün az qala qədim xəzinə qədər maraqlı idi. Şübhəsiz, qiymətli sənədlər, fotolar, tablolar, bəlkə də bir muzeylik əşyalar olacaqdı orda. Sonunda oxunaqlı bir araşdırma-məqalə yazacaqdım, nə bilmək olar, bəlkə sənədli bir kitab da alınacaqdı.

***

Onlara vədələşdiyimiz vaxtda – günorta saat üçdə gəldim. Çoxotaqlı mənzildi. Divarlarda fotolar, tablolar, “çekanka” lövhələr asılıb, şkaflar, tumbalar cürbəcür balaca heykəllərlə, suvenirlərlə doludu.

Hərdən burdakı kabinetində işləsə də, Rəssamın emalatxanası başqa yerdədi. Odur ki, burda molbert, fırçalar, boyalar, kətan parçalar, taxta çərçivələr elə də çox deyil, otağın əsas hissəsini tavana dirənən kitab rəfləri tutur.

Şkafların aşağı gözündə yan-yana düzülmüş qutular, içində səliqəylə üst-üstə yığılmış qovluqlar otaq sahibinin sahmanından xəbər verir. Burda həyatının müxtəlif illərini əks etdirən fotolar, haqqında yazılmış qəzet səhifələrindən kəsmələr, mühazirələrin, kulturoloji məqalələrin əlyazmaları var.

Balaca bir qutu isə ağzınacan təyyarələrə minik kartlarının kəsilmiş hissələridi, kolleksiya yığırmış. Nə qədər ölkəyə uçubmuş! Baxdıqca elə bilirsən hər minik kartı Allaha doğru can atmağa görə verilən qəbzdi, göylərin o üzünə səyahət üçün oynanan lotereya biletidi. Təkcə bu xatirə qutuda eşələnməyə – üstündəki tarix, aeroport adlarını oxumağa bir saatdan çox vaxtım getdi, xəyalım neçə-neçə qərib ölkə, uzaq şəhər dolaşdı.

Qısası, o qənaətə gəldim ki, otağı günlərlə ələk-vələk eləsəm də, iş başa çatası deyil.

Xanım qaradinməz qadındı. İki fincan qəhvə gətirib mənimlə qabaq-qənşər oturanda da dindirməsəm dinmirdi. Əslində onun dili üzündə, gözündədi. Baxışı, hərəkəti hər şeyi deyir, sadəcə duymaq lazımdı. Güclə sezilən ürkək təbəssümü üzündən əskik olmur. Əvvəlki təravətini saxlayıb, yenə gözəldi, intəhası indi bir başqa cür gözəldi. Tək fərq məğrurluğunun lal bir təmkinlə əvəzlənməsindədi.

Güzgülü komodun üstündə, divarlarda birgə fotoları var. Çərçivələrdən boylanan baxışlar iki sevdalının bəxtəvər günlərinin nişanəsidi.

Otağın aşağı başındakı divarda onun ayaqüstü portreti asılıb. Cavanlıq illərinin şəklidi. Bu tablo barədə qısa söhbətimiz oldu, öyrəndim ki, əri evliliklərinin ilk aylarında çəkib, xarici sərgilərdə dəfələrlə nümayiş olunub, bir neçə dəfə babat pul da təklif ediblər, amma Rəssam satmayıb. Portret həqiqətən də gözəl alınmışdı, rəssamlıqdan sən deyən başım çıxmasa da, duyurdum ki, buna ürək qoyulub, sevgiylə çəkilib. Tabloda tək hündürdaban ayaqqabı qabarıqlığıyla yad cisim kimi gəlirdi mənə. “Dikdaban ayaqqabı qadın kompleksinin ilk zahiri əlamətidir”. Xəyalımdan keçən fikri dilimə gətirmədim.

...Sonra düz beş dəfə evlərinə, iki dəfə də emalatxanaya getdim. Bir kitablıq material topladım. Amma məni maraqlandıran, beynimi məşğul edən başqa şey idi.

Üçüncü gəlişimdə yazı masasının aşağı siyirməsindən götürdüyüm köhnə təqvim-gündəliyi vərəqləyirdim. Müxtəlif adamlarla görüş vaxtları, tədbirlər, zəng saatları, bir sözlə, gündəlikdə sahibinin görəcəyi işlər qeyd olunmuşdu. Ətrafı cızma-qara hərflərlə “bəzədilmiş” bir söz diqqətimi çəkdi. Söz ciddi-cəhdlə ört-basdır edilmişdi, quşlar yad gözlərdən gizlətmək üçün yumurtaların üstünü kol-kosla örtür ey, eynən elə.

İlk baxışda adi söz idi. Mənasını bir Allah bilirdi, bir də özü. Bəlkə də əhəmiyyətli bir şey deyildi. Özü bir məna verməsə də, dörd tərəfi anlaşılmaz hərflər, əyri-üyrü xətlərlə əhatələnmiş sözün aydın oxunması məni şübhələndirirdi.

Adətən adam stolüstü təqvimində belə qaralamalar eləmir, qeyri-ixtiyari cızma-qaranı əl altda olan istənilən kağız üstündə qaralayır. Psixoloqlar başqaları üçün anlaşılmaz olan bu qaralamaları “oxumaqla” onu cızanın psixoloji durumunu müəyyən edirlər. Belə işlərdən başım çıxmasa da, bu xətlərin o qaralamalardan olmadığını yəqin bilirdim. Çəkilən xətlər, yazılan hərflər qeyri-ixtiyari deyildi, məhz qəsdən o sözü gizlətmək üçün idi.

Gözüm kol-kos arasındakı quş yumurtasını – Rəssamın yazdığı sözü almışdı: “Cholqala1992”.

Bu, nə demək idi?

Suala neçə gün cavab axtardım.

Əvvəlcə “Cholqala1992” sözünü açmağa çalışdım. Sözü rəqəmdən ayırdım. “Cholqala” və “1992”. Yenə bir şey anlamadım. Amma bunun bir şifrə olmasına gümanım get-gedə artdı. “Cholqala” sözü bir anlam vermirdi deyə, “1992” rəqəmindən yapışdım.

İnstitutdakı qrup nömrəsi deyildi. Çox güman, bu, 1992-ci illə bağlıdı. Əgər beləydisə, demək, 1992 onun üçün çox əlamətdar il olub. Arxiv sənədləri əsasında hazırladığım ilkin bioqrafiyasına göz gəzdirdim. O ildə əhəmiyyətli hadisəyə rast gəlmədim. Nə ilk sərgisinin keçirildiyi, nə evləndiyi, nə uşaqlarının doğum tarixi uyğun gəlirdi. Siyasətlə az maraqlanan adam olduğundan həmin ildə baş verənlərin ondan ötrü həyatı məsələ olması inandırıcı görünmürdü. Bəs bu rəqəmin mənası nə idi?

Dördüncü gəlişimdə stolüstü təqvimdəki o səhifənin şəklini çəkib özümlə götürdüm. Həftəsonu yalnız bu haqda düşündüm. Xanım da 1992-ci ili xeyli xatırladı. Ona bu illə belə maraqlanmağımın əsl səbəbini demədim, Rəssam üçün hansı əhəmiyyəti ola biləcəyini soruşdum. Xeyli düşünsə də, ağlına heç nə gəlmədi. O da cavab tapmaqda kömək eləyə bilməyəndə həvəsdən düşdüm, ta əlimi üzdüm.

Yalnız bazar günü axşama doğru Xanım zəng eləyib, bir söz dedi. Dedi ki, 1992-ci il Rəssamın həyatında dərin iz buraxıb. Həmin il ermənilər Şuşanı işğal edib. Şuşada doğulub böyüyən Rəssam bunu özünə dərd eləyib.

Daha şübhəm qalmadı: bu rəqəm Şuşayla bağlıdır! “1992” rəqəmi açar oldu. Elə o dəqiqə şuşalı dostum Hikmət Sabirə zəng edib “Cholqala” sözünü soruşdum. Əvvəlcə anışdıra bilmədi. “Chol” + “qala” aydın bir məna vermirdi. Sözü müxtəlif cür tələffüz elədim. Yalnız bir xeyli söz oynatmasından sonra Hikmət bir kəlmə işlətdi: “Bəlkə, Çöl Qala“dı?”

Nəhayət, sözün mənasını tapdım – “Çöl Qala” Şuşada bir məhəllənin adı, “1992” də Şuşanın işğal tarixidi. Qala divarları inşa olunandan sonra köçüb gələnlərin bir qismi yer azlığından Şuşa qalasının çölündə məskunlaşmalı olub. Məşhur Şuşa türməsi, Mirzə Həsən qəbiristanlığı yerləşən məhlənin adı Çöl Qala imiş. Rəssam şuşalıydı, odu ki, şifrəsinin Şuşayla bağlı olması təbiidi.

Bunun kod olduğuna əmin idim, qalırdı haranın, nəyin kodu olmasını öyrənməyim. Rəssamın şəxsi seyfinin kodu da ola bilərdi, bank hesabının açar sözü də. Hər halda arvadı bilməmiş olmazdı. Örtülü sual-cavabdan belə anladım ki, Rəssamın nə bir şəxsi seyfi, nə də Xanımdan xəbərsiz bank hesabı var, ümumiyyətlə, ərinin ondan gizli bir işi olmayıb.

Təqvim-gündəlikdəki sözün cızma-qarayla gizlədilməsi şübhəliydi. Xanıma heç nə demədim. Neçə gün əlləşəndən sonra Rəssamın bu açar sözü harada işlətdiyini tapdım.

Öyrəndim! Və dəhşətli bir sirrin üstünə çıxmış kimi heyrət elədim.

Bu, Rəssamın sosial şəbəkələrin birində açdığı səhifənin kodu imiş. İndi onun gizli yazışmalarının açarı əlimdə idi. Yazışma deyəndə, bir-iki “like”dan başqa elə bir qeydi yox idi. Tək birindən savayı.

O, uzun müddət bir qadınla məktublaşırmış.

Ağlıma “Başqasının məktubunu oxumaq ayıbdı!”, “Kodu arvadına verimmi?” sayaq cürbəcür fikirlər, suallar gəlirdi. Ancaq dəli bir maraq bütün hissləri üstələdi!

Yazışmaları birnəfəsə oxudum. Neçə gün özümə yer tapmadım. Oxuduqlarımı Xanıma danışmaq, sirri açmaq günah olardı! Amma bədii əsəri xatırladan bu yazışmaları dərc eləməməyin özü də bir başqa günah idi. Çıxılmaza düşmüşdüm.

İndi nə edəcəyimi bilmirdim. Qalırdı son suala cavab tapmağım: Nə edim?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG