Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:53

-

«Müzakirələrin nəticələrindən asılı olmayaraq, Ermənistan bu cür təxribatçı əməli ilə beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrini pozur».

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistan hökumətinin mayın 5-də «Dağlıq Qarabağın müstəqilliyinin tanınması» adlı qanun layihəsini nəzərdən keçirmək istəməsini belə dəyərləndirir.

Açıqlamada deyilir: «Mütəmadi təxribatçı əməllərlə, Azərbaycanın şəhər və kəndlərini atəşə tutmaqla Ermənistan danışıqlar prosesində hər hansı irəliləyişin əldə edilməsinin qarşısını alınmaq məqsədi güdür. Ermənistan tərəfi başa düşür ki, işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi qaçılmazdır. Odur ki, özünün təcavüzkar və işğalçı siyasətinin aşkar uğursuzluğuna haqq qazandırmağa çalışır. Bu təxribat həyata keçərsə, bunun nəticələri ilə bağlı bütün məsuliyyət Ermənistan və onun rəhbərliyinin üzərinə düşəcəkdir».

Ermənistanda iki müxalif deputat «Dağlıq Qarabağın tanınması» adlı qanun layihəsi hazırlayıb. Bu layihənin mayın 5-də Ermənistan hökumətinin müzakirəsinə çıxarılacağı bildirilir.

BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə işğal edilən rayonların qeyd və şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edib. Ancaq bu qətnamələr yerinə yetirilməyib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralında alovlanıb.

Erməni silahlı qüvvələri ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs haqda saziş imzalanıb və sülh danışıqları başlayıb. Ancaq, hələlik, tərəflər arasında yekun sülhün şərtlərini razılaşdırmaq mümkün olmayıb.

Danışıqlara ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilik edir. Bu qrupa ABŞ, Fransa və Rusiya daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG