Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22

ADA Fondunun 3,7 milyonluq Washington mülkü


Washington R və 21-ci küçələrin arasında yerləşən bu gözəl mülkün lap yuxarısında sirli «H» hərfi var. Binanın üzərində «ADA University Foundation» yazılıb.

Washington R və 21-ci küçələrin arasında yerləşən bu gözəl mülkün lap yuxarısında sirli «H» hərfi var. Binanın üzərində «ADA University Foundation» yazılıb.

-

Vaşinqtonda mənzillənən jurnalist Ələkbər Raufoğlu öz bloqunda ABŞ paytaxtında ADA Universiteti Fondunun bahalı binası barədə öz araşdırmasını yerləşdirib. Həmin araşdırmanı təqdim edirik.

NƏHƏNG ÇİRKLİ NAĞD PULLAR

Vaşinqtonun ən gözəl muzeylər və xarici səfirliklərin olduğu tarixi Dupont Dairəsidə yerləşən, 1900-cu ildə tikilmiş mülk keçən il əsaslı təmirdən çıxandan sonra onu almaq istəyənlər çox olub.

R və 21-ci küçələrin arasında yerləşən bu gözəl mülkün pəncərələri ağ örtüklə örtülüb, divarın yuxarısına birləşdirilmiş kameralarsa evin qarşısındakı yola tuşlanıb. Binanın lap yuxarısında isə sirli «H» hərfi var.

Bu ərazidə yaşayanlar deyirlər ki, bu «H»nın məhəllə ilə əlaqəsi yoxdur. Sakinlərdən biri deyib ki, ev xaricilərə məxsusdur.

«Redfin» daşınmaz əmlak şirkətinə görə rəsmi ünvanı 2030 R St NW olan bu mülkün 2016-cı ilin apreli üçün qiyməti 3.670.530 dollar olub. Əmlak sənədlərində göstərilir ki, 474 kvadrat metr sahəsi olan bu evdə (375 kvadrat metri ev, 182 kvadrat metri həyət) 5 tam hamam otağı, 6 yataq otağı və qaraj var. Evin yaşayış üçün yararlı zirzəmisi də var.

Binanın üzərinə yapışdırılmış posterdə «ADA University Foundation» («ADA Universiteti Fondu») yazılıb.

ADA Universitetinin bu yaxınlarda Youtube-da yerləşdirdiyi videoda R küçəsində yerləşən mülk universitetin ABŞ fondunun binası kimi təqdim olunur. Ancaq ADA Universitetin İnternet səhifəsində Fondun rəsmi ünvanı «1627 21st Street NW» kimi göstərilib ki, bu da mülkün üzbəüz qonşusunun ünvanıdır.

Kolumbiya Dairəsinin Vergilər İdarəsinin məlumat bazasında aparılmış kiçik axtarış 1627 21st Street NW ünvanında yerləşən ev barədə heç bir məlumatın olmadığı üzə çıxır. Ancaq şəhərin vergi sənədlərindən görünür ki, ADA Universiteti Fondu məhz 2030 R St ünvanındakı mülkün sahibidir.

ADA Universitetinin əsası 2007-ci ildə Azərbaycan Xarici İşlər nazirinin müavini Hafiz Paşayev tərəfindən qoyulub. O həm də ölkənin birinci xanımı Mehriban Əliyevanın (yeri gəlmişkən, o da ADA Universitetinin idarə heyətinin üzvüdür) əmisidir. WikiLeaks-də əks olunmuş məlumata görə Hafiz Paşayev ölkənin bankçılıq, daşınmaz əmlak, sığorta və başqa sahələrdə geniş maraqları olan «ən güclü ailəsinin» üzvüdür.

Vaşinqtondakı ADA Fondu da 2007-ci ildə qeydiyyatdan keçib. Onun idarə heyətində cənab Paşayev də daxil olmaqla bir neçə nüfuzlu şəxsin adı var. Son üç il ərzində ADA Universiteti Fondunun Kolumbiya Dairəsinin hökumətinə göndərdiyi vergi sənədlərində əksini tapmış bu siyahıda George W. Bush administrasiyasının Dövlət Katibinin müavini Richard Armitage-ın da adı var. (müəllif səfir R.Armitage-ın ofisi ilə telefon əlaqəsi yarada bilsə də ofis bu məqalə üçün hər hansı bir şərh verməkdən imtina etdi. ADA Universitetinin Bakıda yerləşən əsas ofisi də müəllifi cənab Paşayevin köməkçiləri ilə əlaqələndirməkdən imtina etdi).

ADA Universiteti Fondunun Kolumbiya Dairəsinin hökumətinə göndərdiyi vergi sənədlərində Richard Armitage-ın da adı var.

Sözügedən qurumun Kolumbiya Dairəsi hökumətinin rəsmi sənədlərindəki qeydiyyatı nömrəsi 271480-dir. Qeydiyyatda göstərilmiş agentin adı Qalib Məmməddir (Galib Mammad). Bu şəxs 1814 19th Street NW ünvanında biznesi olan əslən azərbaycanlı amerikalıdır. (Cənab Mammad da email-lə göndərilmiş suallarımızı cavablandırmadı. Bir dəfə Azərbaycan mətbuatı onun cənab Paşayevlə yaxın əlaqələrini işıqlandırmışdı).

R küçəsindəki mülkün satın alınmasının çox mürəkkəb strukturu var. Vaşinqtonda daşınmaz əmlak barədə qeydləri əks etdirən İnternet saytı olan BlockShopper.com-un verdiyi məlumata görə, qeyri-kommersiya təşkilatı olan Azərbaycan Diplomatik Akademiyası Fondu bu tarixi mülkü 2014-cü ildə 3,4 milyon dollara alıb. Ancaq qeydlərdən belə görünür ki, fond 2015-ci il sentyabrın 10-da mülkü satıb. Kimə? Özü özünə. Ancaq bu dəfə başqa adla, «ADA Universiteti Fondu» adı ilə. Həm də bu dəfə satış qiyməti göstərilməyib.

2014-cü ildə qısa bir müddət mülkün satın alınması işində iştirak etmiş rieltor müsahibədən kənar şəkildə deyib ki, azərbaycanlılar danışıqlar masasına «qeyri-adi taktika» gətiriblər: pulun hamısını nağd şəkildə ödəməyi təklif ediblər.

ADA Fondunun ABŞ-da neçə daşınmaz əmlakı olduğu qeyri-müəyyən olaraq qalır. Ancaq bir şey aydındır ki, fond Vaşinqtonda nağd pulla daşınmaz əmlak alan, Azərbaycanla əlaqəsi olan yeganə korporasiya deyil.

...rieltor deyib ki, azərbaycanlılar danışıqlar masasına «qeyri-adi taktika» gətiriblər: pulun hamısını nağd şəkildə ödəməyi təklif ediblər.

2012-ci ildə SOCAR-ın Amerika şirkəti 18th St. NW ünvanında 2137 kvadrat metrlik binanı satın alıb. Taleyin istehzasına baxın ki, bu mülkdə əvvəllər Freedom House təşkilatı yerləşib. Freedom House Azərbaycanı dünyanın ən «qeyri-azad» ölkələri siyahısına aid edən insan hüquqları təşkilatıdır.

Azərbaycan həm də müstəqil, xüsusən də ölkənin birinci ailəsinin biznes maraqlarını araşdıran jurnalistlərin ən çox həbs edildiyi ölkə kimi tanınır. Azərbaycanın hökuməti Qərb ölkələrindəki mülkiyyət portfelinin idarəçiliyi müqabilində xaricdəki ofşor şirkətlərə böyük pullar axıtmaqda ad çıxarıb. Bu yaxınlarda mətbuata sızmış Panama sənədləri də buna bir daha işıq salmış oldu.

KLEPTOKRATİYA İŞ BAŞINDA...

Dünyanın zəngin adamlarının öz pullarını ofşorlarda gizlətməsini əks etdirən Panama sənədləri Qərbdə bir çoxlarını şoka salsa da Azərbaycan kimi ölkələrdə sadəcə olaraq məmə yeyəndən pəpə deyənə qədər hamının bildiyi faktı bir daha təsdiqləmiş oldu. Bu ölkələrdə insanlar ölkələrini idarə edən ailələrin dövlət büdcəsini mənimsədiklərini, onu nağd pula çevirərək xaricə daşıdıqlarını, beləliklə də gizlətdikləri sərvətlə özlərinə imperiyalar qurduqlarını yaxşı bilirlər. Hudson İnstitutundan Julie Davidson və digər Qərb alimləri bu fenomeni «kleptokratiya» adlandırırlar.

Vaşinqtinda yerləşən Hudson İnstitutu bu yaxınlarda korrupsiyalı avtoritar rejimlərin Qərb demokratiyasına və ABŞ-ın milli təhlükəsizlik maraqlarına təhlükəsini araşdıran xüsusi proqrama başlayıb. Kleptokratiya Təşəbbüsü adlanan bu proqrama Julie Davidson rəhbərlik edir.

2012-ci ildə SOCAR-ın Amerika şirkəti 2137 kv/ metrlik binanı satın alıb. Taleyin istehzasına baxın ki, bu mülkdə əvvəllər Freedom House təşkilatı yerləşib.

O öz müsahibəsində deyir ki, ABŞ-ın daşınmaz əmlak bazarının çirkli pullarını yumaq istəyən xarici kleptokratların sevimli aləti olması heç kimi təəccübləndirməməlidir. Sərvəti xaricdəki mülklərə, villalara və bank hesablarına axıdan kleptokratlar və onların yaxınları bu ölkələrdə azadlıqlardan və qanunun mühafizəsindən yararlanırlar. Halbuki onlar öz ölkələrində öz vətəndaşlarını bu azadlıqlardan və hüquqlardan məhrum edirlər.

«Biz pulların bizim daşınmaz əmlak bazarımıza necə girdiyindən çox narahat olmalıyıq. Çünki bu pulların xeyli hissəsi bir yerdə gəlir və biz onun haradan gəldiyini bilmirik», Dr. Davidson deyir.

ÇİRKLİ PULLAR ABŞ-IN DAŞINMAZ ƏMLAK BAZARINA NECƏ DAXİL OLUR

Kaliforniyada yerləşən, daşınmaz əmlakın izlənməsi ilə məşğul olan RealtyTrac təşkilatının 2015-ci ilin avqustunda dərc etdiyi hesabatdan görünür ki, ABŞ-da ölkə üzrə nağd pulla satınalmalar son yeddi ildə pik həddə çatıb və

Vaşinqtonun da bu statistikada yeri var. Keçən il xarici müştərilərin satınalmalarının yarıdan çoxu nağd pulla həyata keçirilib.

ABŞ-ın Milli Əmlakçılar Assosiasıyasının aprelin 20-də dərc edilmiş son hesabatında deyilir ki, 2016-cı ilin ilk rübü ərzində həyata keçirilmiş bütün satışların 25%-i nağd pulla olub.

Adının çəkilməsini istəməyən vaşinqtonlu əmlakçının sözlərinə görə nağd pul təklifləri ona görə cəlbedicidir ki, əmlakı satan tərəf pulun mənbəyini bəyan etmək barədə düşünməli olmur. Üstəlik belə təkliflər qısa müddət üçün edilir.

Vaşinqtonlu əmlakçının sözlərinə görə nağd pul təklifləri ona görə cəlbedicidir ki, əmlakı satan tərəf pulun mənbəyini bəyan etmək barədə düşünməli olmur.

Mənbə deyir ki, Vaşinqtonda daşınmaz əmlak sövdələşmələri aparan xaricilər bunu fərdlərin adından deyil, əksərən Məhdud Məsuliyyətli Şirkətlər (LLŞ-lər) vasitəsilə edirlər.

Onun sözlərinə görə işi LLŞ-lər vasitəsilə görmək əmlak vergisi məsələsində üstünlük qazandırır: «Əmlakın sahibliyi LLŞ-ni səhmləri (payları) arasında bölünə bilir və bu halda vergi məsuliyyəti qat-qat az olur. Bu şirkətlərdən həmçinin ölkəmizdə daşınmaz əmlaka yatırılacaq şübhəli pulları başqa ölkələrdən çıxararaq xarici şirkətlərə transfer etmək üçün də istifadə edilə bilər», deyə mənbə izah edir.

QLOBAL KLEPTOKRATİYA: BRİTANİYA NÜMUNƏSİ

Demokratik vergi qanunları və hüququn aliliyi ABŞ-ı xarici kleptokratlar üçün cəlbedici məkana çevirir. Ancaq ABŞ bu qəbildən olan yeganə ölkə deyil.

Britaniyalı araşdırmaçı jurnalist, «Rusiyadan nağd pulla» adlı sənədli filmin müəllifi Ben Judah deyir ki, uzun illər boyu Britaniya da bu qəbildən olan təbii məkanlardan biri olub.

O deyir ki, Panama sirləri barədə xəbərlər ortaya çıxandan əvvəl də Britaniya ictimaiyyəti istəyirdi ki, hökumət Britaniyanın gizli vergi cənnətləri şəbəkələri ilə ilə bağlı nəsə etsin. Judah-nın fikrincə dünyanı təhlükəli yerə çevirən kleptokratiyaya görə məsuliyyət daşıyır.

«Bəzən biz korrupsiya deyəndə elə düşünürük ki, söhbət orda-burda oğurlanan 10-20 dollardan gedir. Ancaq əslində yoxsul ölkələrdən varlı ölkələrə daşınan pulların həcmi ildə trilyon dollara bərabərdir».

Judah düşünür ki, Qərb paytaxtlarında kleptokratların ofşor kanallar vasitəsilə əmlak əldə etməsinin qarşısının alınması bu rejimlərə və korrupsiyaya qarşı böyük zərbə olardı.

«Əslində yoxsul ölkələrdən varlı ölkələrə daşınan pulların həcmi ildə trilyon dollara bərabərdir».

«Mən deməliyəm ki, Britaniyada bunun edilməsi üçün fəal kampaniyalar mövcuddur». O düşünür ki, Panama qalmaqalı bu proses üçün ciddi katalizatordur.

PANAMA QALMAQALI «KOLLEKTİV PROBLEMDİR»

Panama Sənədləri bir tərəfdən ofşor korporativ qurumların strukturu barədə nəhəng məlumat toplusudur. Bu qurumlar kleptokratlara və digər yüksək rütbəli siyasətçilərə əsl adlarını gizli saxlayaraq bank hesabları açmağa və əmlak almağa imkan verir.

Digər tərəfdən isə bu sənədlər korrupsion hökumətlərin fəaliyyətinin Qərbə necə təsir etdiyini və onu necə dəyişdirdiyini əks etdirir. Hudson İnstitutundan Julia Davidsonun təbirincə desək «onlar təkcə pulu yox, korrupsiyanı da idxal edirlər».

Bu yaxınlarda Vaşinqtona gəlmiş Panamanın İqtisadiyyat nazirinin müavini Ivan Zarak Qərb cəmiyyətlərini «bu qlobal problemlə kollektiv şəkildə mübarizə aparmağa» çağırmışdı.

ADA Fondu bu tarixi mülkü 2014-cü ildə 3,4 milyon dollara alıb. Ancaq qeydlərdən belə görünür ki, fond 2015-ci il sentyabrın 10-da mülkü satıb. Kimə? Özü özünə...

«Sızmış sənədlər Panama barədə deyil. Bu Kollektiv problemdir və kollektiv fəaliyyət tələb edir», deyə o aprelin 14-də Wilson mərkəzində etdiyi çıxışı zamanı deyib.

Zarak əlavə edib ki, Panama qalmaqalı «uğursuz addır»: «Bizim ölkəmiz tamamilə şəffaflığa sadiqdir».

ABŞ Xəzinəsinin keçmiş rəsmisi Chip Poncy Zarakla razıdır. «Bəli, bu təkcə Panama deyil... Nyu York şəhərində eyni işi görən çoxlu şirkətlər var ki, biz heç vaxt onların haqqında danışmırıq», hazırda Vaşinqtonda yerləşən Demokratiyanı Müdafiə Fondunun baş məsləhətçisi olan Poncy deyir.

Poncy əlavə edib ki, ABŞ rəsmiləri on ildən çoxdur ki, kleptokratların bu boşluqları istismar etməsini müzakirə edirlər.

«Məni şoka salan yalnız bizim şoka düşməyimizdir... İndi əsl sual odur ki, bu dəfə bizim düşdüyümüz şok bununla bağlı nəsə edəcək qədər uzun sürəcəkmi?»

QLOBAL KLEPTOKRATİYAYA QARŞI NECƏ MÜBARİZƏ APARMALI?

Bəs qlobal kleptokratiyaya qarşı mübarizənin ən yaxşı modeli nədir? Şəffaflıq vəkilləri daşınmaz əmlakla bağlı bu araşdırmanı daha böyük qlobal şəffaflıq təşəbbüslərinə proyeksiya edə biləcəklərmi?

Panama İqtisadiyyat nazirinin müavini: Sızmış sənədlər Panama barədə deyil. Bu Kollektiv problemdir...

«Görülə biləcək bir iş var», Chip Poncy deyir. Panama sənədlərində əksini tapmış detalların dərinliyini nəzərə alsaq kleptokratları müəyyən etmək və onlara qaşı istintaqa başlamaq üçün imkanlar olacaq.

Poncy həmçinin ümid edir ki, Panama sənədlərinin üzə çıxması islahatların aparılması cəhdlərini yenilənməsinə səbəb olacaq və məlumatlar açıq olduğuna görə hüquq mühafizə orqanları daha sızmış məlumatlara əsaslanmalı olmayacaqlar.

Hudson İnstitutundan Julia Davidson deyir ki, kleptokratlara ABŞ maliyyə institutlarından yararlanmaq və ABŞ ərazisinə daxil olmaq imkanı verməkdən imtina etməklə ABŞ qlobal təşəbbüsə başlaya bilər.

Onun sözlərinə görə 11 sentyabrdan sonra ABŞ-da antiterror qanunu olan Vətənpərvərlik Aktının qəbul olunmasından sonra nəzarətdə saxlanmayan yeganə sahə daşınmaz əmlak sahəsidir.

«Biz narahat olmalıyıq, çünki bu, [sadəcə olaraq] binaları tutan adamlar deyil, bu, öz pullarını başqa məqsədlərlə yerləşdirən adamlardır. Ancaq onlar bu pullardan bizim demokratiyada anladığımız mənada investisiya kimi istifadə etmirlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG