Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:29

«Bu gün Azərbaycanda provinsializm baş alıb gedir»


«Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, 17Mar2016

«Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, 17Mar2016

Fəaliyyətini dayandırmış «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı Beynəlxalq Mətbuat Azadlığı günündə medianın indiki durumundan, hər il media azadlığı reytinqlərində aşağı yer tutmasından danışır. O, AzadlıqRadiosu-na müsahibəsində mətbuatın yenidən dirçəlməsi üçün vacib amilləri sadalayır.

– Elçin bəy, Azərbaycan mətbuat azadlığı reytinqində hər il aşağı yerləri tutur. Sizcə, durumu nə dəyişə bilər?

– Hər il bu reytinqində yerimiz dəyişmir, bəli və təəssüf ki, bu belədir. Vəziyyəti dəyişməkdən ötrü hakimiyyətdən gələn siyasi iradə olmalıdır. «Siyasi iradə» deyəndə onu nəzərdə tuturam ki, informasiyaya və ya KİV-ə təbliğat və təşviqat vasitəsi kimi baxmaq prinsipindən imtina olunmalıdır. Çünki KİV təbliğat və təşviqat vasitələri olanda Azərbaycandakı vəziyyət yaranır. Media yalnız informasiya daşıyıcısı və ötürücüsü olmalıdır. Bu olmadıqca, mətbuat azadlığı reytinqlərində həmişə aşağı yerləri tutacağıq.

– Bir ilə yaxındır ki, neft gəlirləri azalıb. Bəzi müşahidəçilər hesab edirlər ki, bu, ölkədə azad medianın dirçəlməsinə səbəb olacaq. Siz nə düşünürsünüz?

– Neft gəlirlərinin buna birbaşa dəxli yoxdur. Sadəcə olaraq, neft gəlirlərinin azalması bizi ölkədə yenidənqurma işləri, islahatların aparılmasına təhrik edə bilər. Belə olan halda, liberallaşma, liberal bazar, bazar iqtisadiyyatının güclənməsi, kiçik və orta sahibkarlara yaradılan şəraitin daha da yaxşılaşdırılması fonunda müstəqil medianın inkişafına da imkan yarana bilər. Bu zaman nədənsə danışmaq olar. Bu isə uzun zaman tələb edəcək. Bunun əldə olunması siyasi iradə istəyir.

– Elçin bəy, sizcə, bu gün Azərbaycan oxucusu yerli qəzeti oxumaq, televiziyasına baxmaq, radiosunu dinləmək istəyirmi? Yəni ölkədə peşəkar mediaya tələbat varmı?

– Azərbaycanda, təbii ki, peşəkar mediaya ehtiyac var, ancaq təəssüf ki, əksər oxucu yerli qəzeti oxumur, televiziyaya baxmır. Bunun obyektiv-subyektiv səbəbləri var. Gənc nəsil, ümumiyyətlə, qəzet oxumağı sevmir. İnsanlar bu dəqiqə sosial şəbəkələrdə yazılanlara daha çox inanır, daha çox etibar edir. Ona görə də hər kəs sosial mediaya meyllənib. Ancaq təbii ki, ölkədə peşəkar mediaya çox ehtiyac var, sosial media yalnız platformadı, ciddi jurnalistika olmalıdır ki, bu platformaya məhsul qoyulsun.

«Əvvəllər həmrəylik vardı…»

– Azərbaycan mediası bir vaxtlar siyasi təzyiqlərə güc gələ bilirdi, bu gün niyə bunu müşahidə etmək mümkün deyil? Bəlkə, indiki şərtlər elə media kapitanlarına, jurnalistlərə də sərf edir?

– Əvvəllər birlik, həmrəylik vardı, ona görə də indi dediyiniz siyasi təzyiqlərə davam gətirəcək qüvvə qalmayıb. Mən peşəkar, müstəqil medianı nəzərdə tuturam. Söhbət tək-tək jurnalistlərdən, şəxslərdən getmir, media icmasından gedir. Bu gün sözü bir yerdə qoyub nəsə eləmək mümkün deyil. Bu gün Azərbaycanda provinsializm baş alıb gedir, bu da ölkənin hüdudlarından kənara çıxıb söz deməyimizə imkan vermir.

...əksər oxucu yerli qəzeti oxumur, televiziyaya baxmır. Bunun obyektiv-subyektiv səbəbləri var.

– Sizcə, bu vəziyyət dəyişə bilər?

– Əlbəttə, dəyişə bilər. Müstəqilliyin ilk illərində rüşeym halında var idi, sonrakı illərdə daha da irəli getmişik. Bunun bütün ünsürləri var, bu prinsiplərdən başı çıxan mütəxəssislərimiz, jurnalistlərimiz var. Sadəcə, bunu istəmək lazımdır.

– Elçin bəy, uzun müddətdir ki, rəhbəri olduğunuz «Ayna- Zerkalo» qəzeti çıxmır. Qəzet bazarında sizcə, bir boşluq yarandımı?

– Mənə elə gəlir ki, yarandı. Tutalım, aprel ayında cəbhə xəttində vəziyyətin gərginləşməsi baxımından yanaşsaq, «Ayna- Zerkalo» Azərbaycanın hüdudlarından kənarda bir müstəqil mənbə ola bilərdi. Öz qəzetimiz olduğu üçün demirəm, amma əgər «Zerkalo» olsaydı, səsimizi daha möhkəm çatdıra bilərdik.

«Qəzetin bərpası üçün iqtisadiyyatla siyasət uzlaşmalıdır»

– Qəzetin bərpası bu gün gündəmdədirmi?

– Düşünmürəm. Çünki bayaqdan danışdığımız şərait buna imkan vermir.

– Bildiyimiz qədər, maliyyə məsələsi «Ayna-Zerkalo»nın bağlanma səbəblərindən ən birincisi deyildi. Bu günkü siyasi şərtlər qəzetin bərpasına imkan yaratmırmı?

– Hələ imkan yoxdur. İqtisadi şərtlər də var idi. Amma iqtisadiyyat da siyasətlə bağlı olub, biri olmayanda o birisini də əngəlləyir. Bunlar uzlaşmadığından bu gün qəzetin bərpası haqqında düşünmürəm.

XS
SM
MD
LG