Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38

Rusiya «sülhməramlılar»ına razılıq vermək olar?


-

Prezidentin cəbhə bölgəsinə səfəri, Qarabağ münaqişəsi, ölkədə bank sektorunun vəziyyəti və pambıqçılıq bu gün medianın aparıcı mövzusudur.

ƏSGƏRİN VƏ XALQIN YANINDA

«Azərbaycan» qəzetində «Ali baş komandan kimi ön səngərdə, prezident kimi daim xalqın yanında» başlıqlı məqalə dərc edilib.

Yazıda prezident İlham Əliyev və xanımının cəbhə bölgəsinə səfəri ilə bağlı deputatların mövqeyi əks olunub.

Milli Məclisdə Ağdam şəhərini təmsil edən Bəxtiyar Əliyev deyib ki, Ermənistan silahlı bölmələrinin Azərbaycan mövqelərini daim atəşə tutduğu bir vaxtda bu səfər öz xalqına sevgi və məhəbbətin göstəricisidir: «Bu, bir daha onu göstərdi ki, cənab prezident xalqın taleyini hər şeydən üstün tutur. Eyni zamanda, dövlət başçısı onu göstərdi ki, Ali Baş Komandan kimi ön səngərdəki əsgərlə, prezident kimi sadə vətəndaşlarla birlikdədir. Dövlət və onun güclü ordusu daim bu insanların mühafizəsindədir və bir qarış da olsun Azərbaycan torpağı Ermənistana verilməyəcək. Burada güclü siyasi iradə və haqq var».

Başqa bir deputat Elman Məmmədov isə qəzetə bildirib ki, bu səfər milli ordunun əhval-ruhiyyəsinin artmasına zəmin yaradır: «Hər bir Azərbaycan əsgəri bu gün fəxarət hissi ilə vətənə qulluq edir. Ali Baş Komandanın onlara baş çəkməsi isə döyüş ruhlarını daha da artırır. Bu fəaliyyət ölkə prezidentinin siyasətinin, idarəçiliyinin tərkib hissəsidir. Cənab prezidentin Ali Baş Komandan kimi cəbhədə olması əsgərlərimizə böyük ruh yüksəkliyi verdi və onların torpaqlarımızın tezliklə işğaldan azad olunmasına inamını artırdı».

Etibar Məmmədov

Etibar Məmmədov

ETİBAR MƏMMƏDOV RUSİYA «SÜLHMƏRAMLILAR»INA QARŞI

«Yeni Müsavat» qəzeti Qarabağ münaqişəsi ilə bağlı Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovla müsahibə təqdim edib.

E.Məmmədov bu müsahibəsində Qarabağ cəbhəsindəki indiki durumu Azərbaycanın birmənalı üstünlüyü sayıb. O, Kremlin Azərbaycandan istəklərinə də toxunub: «Azərbaycanın Gömrük İttifaqına qoşulması real məsələ deyil. Rusiya da bunu çox yaxşı bilir. Ən əsas məsələ odur ki, Rusiya «həlledici qüvvə» olduğunu hamıya göstərmək istəyir. Bunun da əsasında özünün silahlı qüvvələrini «sülhməramlı» adı ilə bölgəyə yeritmək istəyir».

E.Məmmədov deyir ki, bununla heç vaxt razılaşmaq olmaz: ««Sülhməramlılar»ın yerləşdirilməsi qarşılığında Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması Azərbaycana ciddi heç nə vəd etmir. Çünki, Rusiya qoşunlarının yerləşdirilməsi o deməkdir ki, Azərbaycan ərazilərinin qalan hissəsindən birdəfəlik gözünü çəkməlidir. Azərbaycan tərəfi heç vaxt buna razı ola bilməz».

İmişlidə pambıq yığımı.

İmişlidə pambıq yığımı.

ƏLİYEVİN PAMBIQ PLANI NƏ QƏDƏR REALDIR?

«Azadlıq» qəzeti dövlət başçısı İlham Əliyevin bu günlərdə Ağsu səfərində ölkədə pambıqçılığın perspektivləri ilə bağlı dediklərinə kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun münasibətini təqdim edib.

«Əliyevin pambıq planı nə qədər realdır?» sərlövhəli məqalədə V.Məhərrəmov deyir ki, son 10 ildə ölkədə pambıq sahələri 110 min hektardan 18 min hektara düşüb. Onun deməsinə görə, istehsal da buna uyğun olaraq 196 min tondan 35 min tona qədər azalıb: «Bu sahəyə maraq da azalıb, səbəbləri də var. Pambıq çox ucuz qiymətə alınır. Pambığın emal və ixracı inhisardadır. İstehsal çox baha başa gəlir, çünki məhsuldarlıq aşağıdır. Digər tərəfdən bu məhsulun aqrotexniki qulluğu məsrəflər tələb edir. Texnika çatışmazlığını da bura əlavə etsək, tamam başqa mənzərə yaranır».

V.Məhərrəmov deyir ki, pambığın bir hektarına fermer 1200 manat xərc çəkir. Hər hektardan yalnız 2 ton pambıq götürdükdə, məhsulun maya dəyərini çıxara bilir: «Deməli, bu sahə rentabelli deyil, bir müddət öncə isə bu sahədə istehsal ziyanla başa gəlirdi».

V.Məhərrəmov qeyd edir ki, dünyadakı böhranla bağlı pambığa tələbat azalıb: «Bu baxımdan Azərbaycanda pambıq istehsalının perspektivli olması, ölkəyə böyük gəlir gətirəcəyi real görünmür. Yalnız bu sahədə pambıq emalı və ixracını ələ keçirmiş mafioz məmurlar yüksək gəlir əldə edə bilərlər».

Həkim.

Həkim.

SAĞLAMLIQ BİRİNCİ, TƏHSİL SONUNCU

«Exo» qəzeti «Sizin həyatınızda hansı amil birinci yeri tutur» sualının yer aldığı sorğunun yekunlarını və ondan meydana çıxan düşüncələri oxucularla bölüşür.
Yazıda qeyd edilir ki, rəyi soruşulanların 50 faizi sağlamlığın, 18 faizi sabit gəlirin, 4 faizi təmtəraqlı həyat şəraitinin, 2 faizi təmiz ekologiyanın, 1 faizi isə təhsilin onlardan ötrü birinci yerdə durduğunu deyiblər.

Daha sonra məqalədə respondentlərin marağını nəzərə alaraq ölkədə səhiyyənin durumu və hökumət səviyyəsində həyata keçirilən proqramlar dəyərləndirilir. Məqalədə oxuyuruq: «Azərbaycanda qan-damar, bədxassəli şişlər, tənəffüs yollarının problemləri xəstəlikləri geniş yayılıb. Bu xəstəliklərə səbəb kimi tütün məmulatlarından istifadə, çəki artıqlığı və düzgün qidalanmama göstərilir».

Məqalədə qeyd edilir ki, əhalinin ancaq 4 faizi idmanla məşğuldur. Əhalinin 40 faizi isə göyərti və meyvədən gündəlik istifadə etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG