Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:20

Müğənniyə «abırsız» geyimə görə lisenziya verilməyə bilər


Aziza Niyazmetova

Aziza Niyazmetova

-

Özbəkistan hakimiyyəti ölkənin populyar müğənnisini «abırsız» paltar geyindiyinə görə tənqid edib və onu xalqın milli mentalitetini, dəyərlərini təhqir etməkdən çəkinməyə çağırıb. Hakimiyyət xəbərdarlıq edib ki, ona lisenziya verilməyə bilər.

Ölkənin musiqi sənayesinə cavabdeh olan «Uzbeknavo» dövlət agentliyi bildirib ki, müğənni Aziza Niyazmetova-nın xarici görünüşü ona verilən lisenziyanın uzadılıb-uzadılmamasında əsas faktor olacaq. Özbəkistanda müğənni kimi fəaliyyət üçün lisenziya alınmalıdır.

Dövlət qurumunun rəsmi məktubunda deyilir ki, rəsmilər Aziza Niyazmetova-nın etik normaları gözləyib-gözləmədiyini, auditoriyanın hisslərini təhqir edib-etmədiyini, milli mentalitetə, dəyərlərə və mədəniyyətə hörmət göstərib-göstərmədiyini araşdıracaqlar.

Məktubu Özbəkistanda «müğənnilərin naziri» ləqəbini qazanmış, lisenziya verən qurumun rəhbəri Farhod Juraev imzalayıb.

Aziza Niyazmetova AzadlıqRadiosunun özbək xidmətinə deyib ki, o, bu yaxınlarda güzgü qarşısında selfi çəkdirib və bunu sosial şəbəkədə paylaşıb. Şəkildə o, güzgü qabağında qolsuz paltarda, güllərin əhatəsində oturub.

«SƏHNƏDƏ OLMAMIŞAM»

«Bu şəkli evdə, həyat yoldaşımın hədiyyə etdiyi çiçəklərlə çəkdirmişəm», - Aziza Niyazmetova deyib. «Onu nəzərdə tuturam ki, mən səhnədə olmamışam. Bununla bahəm, şəkildə yalnız çiyinlərim görünür».

Aziza Niyazmetova sosial şəbəkələrdə özbəkcə nitqindəki qüsurlara görə də tənqid olunan qadın müğənninin müdafiəçisidir. Müsahibəsində Niyazmetova deyir ki, Özbəkistan çoxlu etnik qrupların vətənidir. Bura taciklər, yəhudilər və ruslar da daxildir və heç də hər kəs ölkənin rəsmi dövlət dili olan özbəkcə danışmaq məcburiyyətində deyil.

ONUN TƏNQİDİ ŞƏRHLƏRİ DƏ RƏSMİLƏRİ QƏZƏBLƏNDİRİB

Aprelin 7-də «Uzbeknavo»da görüşdə olan Niyazmetova AzadlıqRadiosuna müsahibəsinə görə də tənqid olunub. Bu barədə Aziza Niyazmetova radionun özbək xidmətinə bildirib. Müğənni onu da əlavə edib ki, onun sosial şəbəkələrdəki tənqidi şərhləri rəsmiləri qəzəbləndirib.

«Uzbeknavo» AzadlıqRadiosunun özbək xidmətinin müsahibə xahişinə və Aziza Niyazmetova-nın olayı ilə bağlı suallara cavab verməyib.

«Uzbeknavo» səhnədə geyim kodu və davranış qaydalarını ictimaiyyətə bəyan etməyib. Ancaq əvvəllər sənətçilərə özbək mentaliteti və milli dəyərləri pozmaqla bağlı xəbərdarlıq edib.

GEYİMƏ, MAHNIYA, HƏTTA ZARAFATA GÖRƏ LİSENZİYA GERİ ALINIR

2015-ci ildə müğənni Lola Yuldosheva konserti zamanı ayaqları açıqda qoyan geyimi ilə bağlı rəsmi xəbərdarlıq alıb.

Özbəkistanda 2014-cü ildə «Milyon» adlı məşhur komediyanın lisenziyası orda edilən bir zarafata görə ləğv edildi.

Ancaq özbək sənətçilərinə təkcə geyim və zarafatlar baha başa gəlmir. 2013-cü ildə populyar müğənni Jasur Umarov-un dövlətin nəzarəti altında aparılan pambıq yığımı kampaniyasında iştirakı qadağan olunub. Özbəkistan rəsmilərinin zənnincə, həmin vaxt Umarov pambıq yığımından boyun qaçırmaq üçün özünü xəstəliyə vurub və onun mahnıları özbək xalqının milli mentaliteti ilə ziddiyyət təşkil edir.

Lisenziyadan məhrum etmək və ya lisenziya verməmək müğənninin ictimaiyyət qarşısında çıxışını qadağan edir. Bura radio və televiziya ilə yanaşı, konsertlər və toylar da daxildir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG