Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:31

-

"Gəl pulsuz çay, qəhvə iç, təki gəl, kitab oxu"

Bakıda kitab kafesi mədəniyyəti yayılmaqdadır. Bu kafelər yemək-içməklə yanaşı, dolu kitab rəfləri də təklif edirlər. Beş il əvvələ qədər intellektual gəncliyin çayxanalarda gedən ədəbi-mədəni söhbətləri bu gün nəzərəçarpacaq dərəcədə kitab kafelərinə köçməkdədir.

Bakıda ilk kitab kafesi 2008-ci ildə açılmlış "Ali&Nino book cafe" olub, həmin kafe 1 il bundan əvvəl bağlandı. Nigar Köçərli deyir ki, orada Eduard Radzinski, Eduard Topol, Çingiz Abdullayev, Ramiz Fətəliyev və başqalarıyla görüşlər təşkil olunmuşdu.

Ondan sonra 2011-ci ildə universitetdə "ADA kitab kafesi" açıldı, onun ömrü 1 il oldu.

İndi isə Bakıda beş kitab kafesi var.

"Heç kim heç kimin geyiminə, saqqalına, düşüncəsinə, həyat tərzinə..."

2012-ci ildə "Yeraltı" kitab kafesi açıldı. Onun yaradıcıları bu kafedən əvvəl "Yeraltıdan kitablar" adı ilə başqa bir məkanda sırf kitab satışı ilə məşğul olurdular. "Sonra oxucuların həm kitab oxuyacağı, həm də özlərini rahat hiss edib toplaşacağı isti bir məkan açmaq qərarına gəldik" - "Yeraltı" kitab kafesini təmsil edən Elşən Səfərsoy deyir.

Yeraltı Kitab kafesi

Yeraltı Kitab kafesi

Onların publikası 18-35 yaş arası gənclərdir. "Burada insanlar özlərini çox rahat hiss edirlər, çünki heç kim heç kimin geyiminə, saqqalına, düşüncəsinə, həyat tərzinə başqa cür yanaşmır."

Yeraltı Kitab kafesi

Yeraltı Kitab kafesi

E.Səfərsoy: "Bura dəvamlı gələn müştərilər bizim üçün də artıq doğmalaşır və hamı bir-biri ilə yaxşı münasibətdə olur. Oxucular istədikləri kitabları həm ala bilərlər, həm də kafedə oxuya bilərlər. Bizdə kitab təqdimatları, şeir gecələri və gəncləri nəzərə alaraq, əyləncəli tədbirlər keçirilir. Kafemiz "underground" tərzdə olduğu üçün ilk gələn müştərilərimizə biraz fərqli gəlsə də, zamanla yeraltıdan çıxmaq istəməyən oxucularımız da çoxdur.

"Kaş ki, kitaba görə gəlsinlər, amma söhbət etməyə gələnlər daha çox olur"

"Kibrit" kafesi 2013-cü ilin sonunda fəaliyyətə başlayıb. Bu kitab kafesini təmsil edən Bəhruzdan soruşanda ki, kafenizin başqa kitab kafelərindən üstünlüyü varmı, o cavab verdi ki, fərq deyək, üstünlük deməyək.

"İstəyimiz belə kafelərin daha çox olmasıdır. Məqsədimiz o deyil ki, bütün müştəriləri bura yığaq, o biri kitab kafeləri bağlansın. Bu tipli kafelərin artması bizi çox sevindirir.

Kibrit Kitab kafesi

Kibrit Kitab kafesi

“Kibrit”-də sipirtli içki olmur, daha çox ədəbiyyat yönündə istifadə edirik. Yəni kitab təqdimatları, müzakirələri, poeziya gecələri, yazıçılarla görüş.

Azərbaycanda tanınmış yazıçıların kitab təqdimatlarını, imza günlərini, müzakirələrini keçirmişik."

Burada həm kitabları yemək-içmək müşayiətilə oxumaq, həm satın almaq, həm də kirayə götürmək olar.

Bəs publika kimlərdir? "Demək olar ki hər yaşda olan müştərilərimiz var. Təbii, istərdik ki, müştərilərimiz daha çox kitaba görə gəlsinlər, amma söhbətə gələnlər daha çox olur. Şagirdlər, tələbələr gəlib kitab oxuyurlar, dərslərini burda edirlər. Xarici vətəndaşlar gəlib kitab oxuyurlar, söhbət edirlər, yerə heyranlıqlarını bildirirlər. Bunlar bizə stimul verən hadisələrdir."

"Kibrit" Kitab kafesinin adının öz hekayəsi var:

Kibrit Kitab kafesi

Kibrit Kitab kafesi

"Kafenin adını əvvəlki sahibi qoyub və biz də toxunmamışıq. Yaranma tarixini də belə anladıb: Günlərin bir günündə gəzişdiyi İstanbul küçələrində qarşısına bir kitab dükanı çıxır: adı “Kibrit”. Bundan sonrakı əhvalatı isə həmin kitab dükanının sahibi danışır:

“Gəmidə idim, yanımda bir xanım oturmuşdu. 1969-cu ildir. Siqaretimizi kibritlə yandırdıq. Ondan sonra o qadınla heç bir yerdə rastlaşmadım. Həyatımda ilk dəfə bərabər kibritlə siqaret yandırdığım qadın kimi onu heç vaxt unutmadım”. Kitab dükanının sahibindən icazəsini alaraq, Bakıya qayıdır, bu yeri açıb adını “Kibrit” qoyur.

Kitab kafesi

Kitab kafesi

Hekayəsi maraqlı olduğuna və ad kafeni ifadə etdiyinə görə, biz də adına toxunmadıq. Kibrit işığı sönmüş evləri, əşyaları bir parça işıqlandırır, kiminsə siqaretini yandırır. Alışqandan çox, həmişə kibrit daha romantik və estetik görünüb..."

Bəs Azərbaycanda Kitab kafesinə sahib olmağın başqa ölkədə kitab kafesinə sahib olmaqdan fərqi nədir?

"Azərbaycanda kitab kafesinə sahib olmaq çox əziyyətli, çətin olduğu qədər də maraqlıdır. Azərbaycan kitabı üçün, yazıçısı üçün, oxucusu üçün nəsə edə biliriksə nə xoş bizə."

"Niyə Füzuli, Nizami kafesi yox, Kafka kafe?"

Dünyanın çox şəhərində "Kafka" adlı kitab kafesi var. Kafe təsis edənləri Kafkada cəlb edən nədir? "Kafka" kitab kafesində deyirlər ki, bu kafe dünyadakı Kafka kafelərinin estetikasından həvəslənsə və bəhrələnsə də, o kafelər zəncirinin üzvü deyil, müstəqildir. Sadəcə Kafkanın yaradıcılığından xoşları gəlib, ona görə də kafeni belə qurublar.

Burada müəlliflərin kitab imza günlərinin, təqdimatlarının pulsuz təşkil olunmasından əlavə, pulsuz film nümayişləri də olur.

Bu kafedə Franz Kafkanın və başqa yazıçıların kitabları, Kafkaya həsr olunmuş ayrıca divar guşəsi də var. Ora kim istəsə, Kafkaya aid nə isə yapışdıra bilər.

Ancaq onlara sual verənlər də olub ki, niyə Nizami, Füzuli kafesi yox, başqa xalqın yazıçısının adına kafe açmısız?!..

İki gənc isə lap kitabxana açıb

İki gənc – İsmayıl Rizvanoğlu və Ruslan Salim birləşərək, kitabxana açıblar: “Charles’in kitabxanası”.

Charles Kitabxanası

Charles Kitabxanası

Onlar deyirlər ki, bu, fərqli bir kitabxanadır. Dizayn baxımından da, işləmə prinsipinə görə də.

"Biz çalışmışıq ki, cəmiyyət maariflənsin əsas. O qədər də madiyyat dalınca qaçmırıq.

Kitabsevərlər üçün şərait yaradırıq ki, gəlib kitablarını oxu zalımızda əldə edib oxusunlar. Üstəlik də, pulsuz çay, qəhvə içərək.

Bizdə kitabları həm kafedə oxumaq, həm evə aparmaq olar, həm də kitabların onlayn satışı, alışı-barteri və kirayəsi mümkündür. Müxtəlif dillərdə, müxtəlif mövzularda kitablar var. Azərbaycanda fəaliyyət göstərən demək olar ki, bütün nəşriyyatlarla işləyirik. Özümüz də axtarışdayıq ki, oxucular bura gəlib hər hansı kitabı istəyəndə "yoxdur" deməyək."

"Sağlam gəncliyin yetişməsi üçün belə yerlərin olması mütləqdir"

Charles Bukowski

Charles Bukowski

Əgər kitab kafelərində bu qədər çox oxucu toplanırsa, bəs Bakının hər rayonunda olan dövlət kitabxanaları, Azərbaycanın əyalətlərindəki kitabxanalar niyə oxucusuzdur?

Kitabxana açan iki gənc görəsən, dövlət kitabxanalarının səhvini nədə görür?

Onlardan biri deyir: "Dövlət kitabxanalarının boşluğu ondadır ki, mütaliənin təbliğatıyla kifayət qədər məşğul deyillər. Subyektiv fikrimdir, yəqin şərait kasadlığından irəli gəlir... Kitabları gənc nəslə xüsusu olarq sevdirmək lazımdır."

Bəs bu kitabxananın adını niyə "Charles kitabxanası" qoyublar?

"Realist amerikalı yazıçı Charles Bukowskinin xatirəsi üçün qoyulub bu ad. Çoxları bu yazarı əxlaqsız adlandırır, amma o, zamanında bu cür yerlərin olmasına çox çalışıb. İnsanların mütaliəsini daima istəyib. Ona görə onun xatirəsi üçün bu adı seçdik."

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG