Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:37

Elman Bayraqdarın (Türkoğlu) (Həsənovun) iddiası əsasında araşdırmaçı jurnalist Xədicə İsmayıl barəsində çıxarılmış hökmə Ali Məhkəmədə baxılacaq.

Jurnalistin CM-nin 147-ci (böhtan) maddəsilə təqsirli bilinib 2 min 500 manat cərimələnməsinə dair hökmü apelyasiya instansiyası da qüvvədə saxladığına görə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından kasasiya şikayəti verilib. Şikayət aprelin 29-da Ali Məhkəməyə təqdim olunub. Bu barədə AzadlıqRadiosu-na Xədicə İsmayılın vəkili Fariz Namazlı məlumat verib.

Vəkil bildirib ki, şikayətdə Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv olunması və jurnalistə qarşı CM-nin 147-ci maddəsilə cinayət təqibinə xitam verilməsi istənilib.

Elman Bayraqdar iddia edir ki, Xədicə İsmayıl «Facebook» səhifəsində onun haqqında mətn yayıb və orada onun xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi göstərilib. Bununla da ona böhtan atıb.

Xədicə İsmayıl və müdafiəçiləri isə bu barədə deyilənlərlə razılaşmır. Bildirirlər ki, Xədicə İsmayılın yaydığı sənədin mətnində şəxsin adı, atasının adı, soyadı silinib.

«Elman Həsənovun MTN-lə əməkdaşlıq etməsi haqda məlumat «Facebook» sosial şəbəkəsində başqa bir şəxs tərəfindən yayılıb. Bunun Xədicə İsmayılla əlaqəsi yoxdur», - jurnalistin digər vəkili Yalçın İmanov bildirib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Binəqədi Rayon Məhkəməsi 2 min 500 manatlıq cərimə hökmünü də jurnalist Kürdəxanıda istintaq təcridxanasında olarkən çıxarıb.

Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə və mənimsəmə ittihamı ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin özü ittihamları qəbul etmir və hakimiyyətin korrupsiyası barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

«Amnesty İnternational» beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG