Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:38

Vəkil: «Keçmiş nazir təcridxanada alçaldılıb»


Naxçıvanın keçmiş MTN şefi Vəli Əlləsgərov və Vasif Talıbov

Naxçıvanın keçmiş MTN şefi Vəli Əlləsgərov və Vasif Talıbov

«Aprelin 29-u səhər saatlarında Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov istintaq təcridxanasına aparılıb. Keçmiş nazir orada təhqir olunub, alçaldılıb».

Bunu AzadlıqRadiosu-na V.Ələsgərovun vəkili Vüqar Xasayev bildirib.

Vəkil deyib ki, bu haqda məlumat alandan dərhal sonra, ombudsmanla əlaqə saxlayıb, qanunsuzluq haqda Baş Prokurorluğa məlumat verib: «Bizim mətbuata açıqlamalarımızdan sonra, bu gün yenidən xüsusi təyinatlılar V.Ələsgərovun qollarına qandal vuraraq müstəntiqin hüzuruna aparıblar. Ona hədə gələrək vəkillərdən imtina etməsi tapşırılıb. Əks halda barəsində CM-nin daha iki maddəsi üzrə ittiham irəli sürüləcəyi və həbs ediləcəyi bildirilib. Saat yarım işgəncələrdən sonra yenidən evinə qaytarılıb».

Naxçıvanın adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqibi ilə bağlı sıx-sıx hallanan keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun hazırda ev dustağı olduğu bildirilir. Vəkilin deməsinə görə, onu martın 7-də Naxçıvanın Dövlət Təhlükəsizlik Xidməti saxlayıb. Martın 29-da isə Vəli Ələsgərov ev dustaqlığına buraxılıb.

Vəkili Vüqar Xasayev əlavə edib ki, keçmiş nazir vəzifə səlahiyyətlərini aşmaqda və mənimsəmədə ittiham edilir:

«Vəli Ələsgərovu vəzifə səlahiyyətlərini aşmaqda, mənimsəmədə ittiham edirlər. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb. Ancaq müdafiə etdiyim şəxs bu ittihamların hamısını rədd edir».

Vəkilin bu şikayəti ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğuna dəfələrlə zəng vursaq da onlardan hər hansı bir cavab almaq mümkün olmadı.

Ancaq, həm Naxçıvan Muxtar Respublikasında, həm də Bakıda hakimiyyət orqanları həbsxana və təcridxanalarda işgəncələrin olması ilə bağlı iddiaları qəbul etmirlər.

Bu məsələdə Ombudsman aparatının mövqeyi də hakimiyyət orqanlarından fərqlənmir. Aparatın şöbə müdiri Faiq Ağayev bu günlər demişdi ki, onlar tez-tez həbsxana və təcridxanalarda monitorinq aparırlar. Ancaq indiyə qədər işgəncə halları ilə bağlı bir faktla belə qarşılaşmayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG