Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:28

Qənimət Zahid hesab edir ki, hökumət geriyə addım atmalıdır


Ölkənin bir sıra siyasiləri, ziyalılar problemlə bağlı müzakirələr aparıblar

Ölkənin bir sıra siyasiləri, ziyalılar problemlə bağlı müzakirələr aparıblar

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 21-də siyasi partiya liderlərinin, hüquq müdafiəçilərinin, KİV rəhbərlərinin ona müraciətinə baxmayaraq hələ də aclığı davam etdirir. Artıq o, 13-cü gündür ki, qida qəbul etmir.


Qənimət Zahid deyir ki, ölkənin nüfuzlu adamlarının aclığı dayandırmaqla bağlı müraciətlərinə əməl etməmək onun üçün çox ağırdır. Ancaq, bu adamlar problemi yaradanlar deyil. Onlar problemin həllinə kömək etməyə çalışırlar. Həmçinin irəli sürülən tələb də həlli mümkün olmayan bir şey deyil: «Biz çox şey istəmirik. Sadəcə istəyirik ki, ölkədə azad sözün təmsilçilərinə ləyaqətli bir münasibət olsun».


Qənimət Zahid əlavə edir ki, narahatçılığın ciddi olduğunu anlayır. Eyni zamanda aclıq aksiyası barədə qərarı özü verdiyi üçün onu sona qədər davam etdirməyə iradəsi çatır və mənəvi baxımdan buna hazırdır: «Çox tərəddüdlü vəziyyətdəyəm. Görünür insanın həyatı təkcə özünün əlində deyil. Amma, hər halda mən aclığı davam etdirmək fikrindəyəm. Sonu necə olacaq bilmirəm».


Son iki gündə «Azadlıq» qəzeti, Turan İnformasiya Agentliyi və digər KİV-lərin «Xəqani küçəsi 33» ünvanında yerləşən binadan çıxarılması məsələnə etiraz edənlərin daha mütəşəkkil fəaliyyət göstərmək istəyi özünü büruzə verməkdədir. Noyabrın 21-də ölkənin bir sıra siyasi partiya liderləri, hüquq müdafiəçiləri, ziyalılar və KİV rəhbərləri «Azadlıq» qəzetinin redaksiyasında toplaşaraq problemlə bağlı bundan sonra hansı addımlar atacaqları barədə müzakirə etdilər. Tədbirdən sonra isə ADP, Müsavat, Vətəndaş Həmrəyliyi, Liberal və bir sıra başqa partiyalar AXCP-nin qərargahında partiyaların bu məsələdə iştirakını koordinasiya edən qurum yaratdılar.


Noyabrın 20-də isə Mətbuat Şurası «Azadlıq» qəzeti və Turan İA ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Prezident Aparatı və s. müvafiq qurumlar arasında vasitəçilik edəcək, problemin tənzimlənməsinə çalışacaq komissiya yaradılıb. Komissiya üzvləri elə həmin gün Qənimət Zahidlə görüşüblər. Noyabrın 21-də isə onlar problemi Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla müzakirə ediblər. Komissiyanın rəhbəri Hacı Sabirin sözlərinə görə Əli Həsənov məhkəmənin qərarını gözləməyin tərəfdarıdır. Əgər məhkəmə binanı tərk etmək barədə qərar çıxarsa onda həmin KİV-i razı salacaq başqa variantlar da təklif eləmək olar.


Hacı Sabir bildirir ki, komissiya noyabrın 22-də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovla görüşüb məsələni müzakirə edəcək. Qənimət Zahid isə hesab edir ki, hökumət özünü cəmiyyətdə və beynəlxalq aləmdə nüfuzdan salmamaq üçün geriyə addım atmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG