Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:20

-

«Yaxşı iş» o deməkdir ki, həftədə 30 saat, yaxud daha çox işləyib maaş alırsan; «Foreign Affairs» dərgisi qaçqınları yerləşdirməyin yeni modelindən söz açır – 29 aprel Qərb mediasının icmalı.

Dünyanın yetkin yaşlı əhalisinin 26%-nin yaxşı işi var. Bu rəqəmi «Gallup» sorğu mərkəzi 130 ölkədə əldə etdiyi statistikaya əsasən açıqlayıb. «Yaxşı iş» o deməkdir ki, həftədə 30 saat, yaxud daha çox işləyib maaş alırsan. Gallup belə işə «real», yaxud «yaxşı iş» deyir. Bütün dünya belə bir iş arzusundadır. Ancaq dünyanın 5 milyardlıq yetkin yaşlısının cəmi 1.3 milyardı bu cür işdə çalışır.

Bəs qalan 3.7 milyard? 1 milyardın özünün işi, müəssisəsi var, yaxud sərbəst çalışır, 400 milyon yarım ştat işləyir, tam ştatlı iş istəmir. 300 milyon nəfər yarım ştat işləyir, ancaq tam ştatlı iş istərdi, 250 milyon işsizdir, qalanları isə işçi qüvvəsinə daxil deyil.

Azərbaycanda yaxşı işi olanlar 25% təşkil edir. Gürcüstanda bu rəqəm 14%, Ermənistanda 18%, Rusiyada 49%, Ukraynada 37%, İranda 13%-dir.

Elin Süleymanov

Elin Süleymanov

İPƏK YOLUNUN İZİYLƏ

«The Washington Times» qəzeti Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun məqaləsini dərc edib.

Səfir yazır ki, bu həftə Vaşinqtonda Johns Hopkins Universiteti tarixi İpək Yoluna həsr olunmuş böyük regional konfrans keçirir. «Trans-Xəzər Şərq-Qərb ticarət və tranzit dəhlizi» adlanan bu tədbiri Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə səfirlikləri birlikdə təşkil edir.

«Qazaxıstanın «Şərq Darvazası»ndan Azərbaycanın Ələt limanınadək, Bakı-Tbilisi-Qars dəmiryolu və Türkiyənin Bosfor boğazından keçən Mərmərə tunelinədək qlobal təsirləri olan yeni regional bağlantının şahidi olmaqdayıq. Vaxtilə ticarət yolu kimi məşhurlaşmış İpək Yolu ticarətçiləri, macəraçıları daim heyrətləndirib. Bu günlər bu marşrut yenidən reallığa və gəlir mənbəyinə çevrilməkdədir».

Səfirin sözlərincə, bu marşrutlar Amerika şirkətlərinə böyük imkanlar açır. Məsələn, Trans-Xəzər dəhlizi vasitəsilə Asiyadan Avropaya yüklər dəniz yolundan 3 dəfə daha sürətlə çatdırıla bilər. İqtisadi və strateji faydalar da ortadadır. «Dünyanın kritik məkanlarında inanılmış tərəfdaşlarla işləmək Birləşmiş Ştatların maraqları çərçivəsindədir», - səfir yazır.

«Bu tranzit dəhlizindən istifadə həmçinin, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə hökumətləri ilə regional inteqrasiya deməkdir… İpək Yolu enerji resurslarının nəqli üçün nəzərdə tutulmasa da, Avropanın Cənubi Qaz Dəhlizi bu layihəni də gücləndirir. Qaz dəhlizi Azərbaycanın təbii qaz yataqlarını birbaşa avropalı alıcılara birləşdirən böyük infrastruktur layihələrindən biridir».

İordaniyada Suriya qaçqınları.

İordaniyada Suriya qaçqınları.

İORDANİYANIN QAÇQIN EKSPERİMENTİ

«Foreign Affairs» dərgisi qaçqınları yerləşdirməyin yeni modelindən söz açır. Yazıda vurğulanır ki, 5.8 milyonluq suriyalı qaçqından yalnız 15 faizi Avropaya getməyə cəhd göstərib, qalanları isə digər, ən çox da münaqişəyə sərhəd ölkələrə – Livana, Türkiyəyə və İordaniyaya yerləşib. Məhz bu ölkələrdə qaçqınlara yeni yanaşmanın tətbiqi vacibdir – onların təhsilinə, işləməsinə şərait yaradılmalıdır.

«Ev sahibi olan ölkələr əmək bazarlarını qaçqınlara açmağa meylli deyil, o ki qaldı onları sosial və siyasi baxımdan inteqrasiya etməyə. Bu halda hansı alternativlər mümkündür?».

Məqalədə xatırladılır ki, «Foreign Affairs» hələ ötən ilin oktyabrında qaçqın suriyalıların İordaniyada xüsusi iqtisadi zonalarda (SEZ) işləməsinə icazə verməyi təklif edirdi. Bu ideya bu ilin fevralında Suriyada keçirilən London Konfransında irəli sürüldü. Bu yaydan başlayaraq 150 min qaçqının İordaniyada çalışmasına icazə verəcək pilot proqram işə düşür.

Yazıda Avropanın qaçqın böhranına yanaşması tənqid olunur, yürüdülən siyasətin, eləcə də AB-Türkiyə qaçqın razılaşmasının, əslində, köçkünlərə faydası dəymədiyi vurğulanır.

«Avropa həqiqətən köçkün suriyalılara kömək etmək istəyirsə, Suriyayla sərhəd ölkələrdəki qaçqınlara təhsil və iş imkanları yaradılmasından başlamalıdır. Bu ölkələr Avropadan dəstək almaq xətrinə qaçqınları Avropaya qovmaqla hədələməməlidir. Avropa Komissiyası bu yardımın maliyyə yükünü AB ölkələri arasında paylaşdırmalıdır. AB Avropa şirkətlərini həvəsləndirməlidir ki, xüsusi zonalarda iş yerləri açsınlar, qaçqınlar çörəkpulu qazanmaqla müstəqilliklərini bərpa etsinlər. Avropa Komissiyası AB-nin bazar qaydalarında elə dəyişiklik etməlidir ki, qaçqınların hazırladıqları məhsullar Avropada maneəsiz satıla bilsin», - məqalədə vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG