Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:16

Saratovda Putinə qarşı məhkəmə qalmaqalı


85 yaşlı pensiyaçı, Nikolay Suvorov
85 yaşlı pensiyaçı, Nikolay Suvorov

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu ayın əvvəlində Vladimir Putinin «xalq düşməni olduğuna görə» vəzifəsindən uzaqlaşdırılmasını tələb edən və bununla bağlı məhkəməyə ərizə verən 85 yaşlı pensiyaçı Nikolay Suvorovu öyrədənləri tapmağa çalışır.

Saratov vilayətinin Balakovo şəhərciyində yaşayan 85 yaşlı kişi bu hərəkəti ilə mətbuatın gündəminə gəlmişdi. Saratov apelyasiya məhkəməsinin hakimi Tatyana Leskina isə ərizəni qəbul edərək ilkin dinləmənin tarixini təyin etməklə daha böyük qalmaqala səbəb olmuşdu.

Ancaq cəmi bir neçə gün sonra məhkəmə Putinin konstitusion toxunulmazlığa malik olduğu barədə qərar çıxarıb, hakim Leskina isə «öz xahişi ilə» vəzifəsindən azad edilib.

«Əvvəlcə onlar düşünürdülər ki, məni şikayəti yazmağa Kommunist Partiyası məcbur edib», Suvorov Azadlıq Radiosunun Rusiya xidmətinə deyib. «Kommunist Partiyasının bununla əlaqəsi yoxdur. Mən həmişə kommunistlərə səs vermişəm. Kommunist partiyası xalq üçün olan yeganə partiyadır. Qalanları varlılar üçündür. Ancaq şikayətimi özüm əlimlə yazmışam. Sonra hüquqşünaslar onu çap elədilər. ... Onlar daha mənim kağızlarımı çap eləmirlər, qorxurlar», deyə o bildirib.

«Onlar mənə dedilər ki, o özü çıxıb. Ancaq onlar yalan deyirlər. Məncə hakimi işdən çıxarıblar. O, işin irəli getməsinə imkan verdiyinə görə cəzalandırılıb», Suvorov deyib.

Təqaüdçünün sözlərinə görə FTX əməkdaşları nəzakətli olublar və onu qorxutmağa çalışmayıblar.

Suvorov deyir ki, o, İnternetin nə olduğunu bilmir, radiosu yoxdur. «Exo Moskvı» və Azadlıq Radiosu kimi liberal radiolara da qulaq asmır. Təkcə televizora baxır.

«Ərizəmdə yazdığım bütün məlumatı televiziyadan götürmüşəm. Ancaq mən təkcə televizora baxmıram. Mən həm də ətrafıma baxıram ki, görüm adamlar necə yaşayır».

«Putin xalqın düşmənidir. Mən şikayətimdə 17 məqama toxunmuşam. Ən əsası odur ki, o xalqı yoxsul vəziyyətə salıb. O, başqa ölkələrə ildə 2 trilyon dollar pul xərcləyir, xalqa heç nə qalmır. Pensiyalar zarafat kimi görünür, pulun çoxu ev xərclərinə gedir. Kommunal xərclər dəhşətli dərəcədə bahadır. Dükanlarda bəzi qiymətlər son iki ildə dörd dəfə artıb».

Bununla yanaşı Suvorov Putini Krımın ilhaqına və Donbasda separatçıları dəstəklədiyinə görə tərifləyib.

«Bizim hakimlərimiz müstəqil deyil və Putin heç vaxt məsuliyyətə cəlb olunmayacaq. Belə prezident bizim nəyimizə lazımdır?» deyə o sual edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG