Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:42

-

Azərbaycanda illik dövriyyəsi 50 min manatı keçməyən təsərrüfat subyektlərinin yeni qaydada vergi ödəmələri təklif edilir.

«Report»un xəbərinə görə, bunu Xəzər Avropa Klubu (CEIBC) İdarə Heyətinin üzvü Mustafa Abbasbəyli deyib.

O, bildirib ki, Klub prezident İlham Əliyevə iqtisadiyyatın bir sıra sahələrində islahatların aparılması ilə bağlı təkliflər göndərib.

M.Abbasbəyli qeyd edib ki, illik dövriyyəsi 50 min manatadək olan şirkətlərin birinci ildə heç bir vergi ödəməməsi təklif olunur: «Vergi sistemi üzrə bir neçə bənd təklif hazırlamışıq. Onlardan birincisi ƏDV üzrə dərəcələri müəyyənləşdirməkdir. İnkişaf etmiş ölkələrdə ƏDV-nin bir neçə kateqoriyası mövcuddur. Azərbaycanda isə bu, 0 və ya 18 faizdir. İnkişaf etmiş xarici dövlətlərdə isə bu verginin dərəcəsi kateqoriyadan asılı olaraq 21 faizə qədər yüksələ bilir. Gündəlik tələbat mallarında bu faizlər olduqca aşağıdır. ƏDV sahəsində məhz analoji formanın tətbiqini təklif edirik».

M.Abbasbəyli deyib ki, bu sahə ilə bağlı irəli sürülən təkliflərdən biri də vergilərdə üçüncü kateqoriyanın yaradılmasıdır:

«Hazırda Azərbaycanda əsasən iki vergi rejimi var. Sadələşdirilmiş və normal. İkinci kateqoriyaya aid olan şirkətlərin gəlirlərinin 20 faizi vergiyə cəlb olunur. Təklif edirik ki, illik dövriyyəsi 50 min manatı keçməyən şirkətlər vergini yeni qaydada versinlər. Belə olan halda, birinci il ərzində illik dövriyyəsi 50 min manatadək olan şirkətlər heç bir vergi ödəməyəcək. Dövriyyəsi 50 min manata çatanda və ya bir il tamam olanda isə, həmin şirkətə sadələşdirilmiş vergi sistemi tətbiq ediləcək . Bu da illik gəlirin cəmi 4 faizini təşkil edir».

Bir müddət öncə bəzi iri supermarket sahibləri də iqtisadiyyat nazirinə müraciət edərək vergi dərəcələrinin aşağı salınmasını istəmişdilər. Bu təkliflərə hökumətin hansı reaksiya verəcəyi, hələlik, dəqiq bilinmir.

Ancaq bu ilin birinci rübündə ötən ilin analoji dövrü ilə müqayisədə vergi ödəmələrinin azaldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG