-
Ziya F.M.
…dü bizi, dü bizi
Ağlar günə qalmış idik
Qəmə, yasa batmış idik
Hər təlxəyə gülməz idik
Ciddilər güldürdü bizi
Qapı, divar hörməz idik
Kilid, açar bilməz idik
Tikəmizi bölməz idik
Qonşuluq böldürdü bizi
Can bir idik, dil bir idik
Can deyib can eşidirdik
Uşaqlıqdan sevişirdik
Qohumlar küsdürdü bizi
Heç özümüz sürməz idik
At-eşşəyə minməz idik
Minib at-eşşək əvəzi
Müdirlər sürdürdü bizi
İt deyildik canavardıq
Yal yeməzdik, ov tapardıq
İnsana pənah apardıq
Kötəklər hürdürdü bizi
Memarlar sökdürdü bizi
Qəbirlər hördürdü bizi
Ocaqlar söndürdü bizi
Heykəllər çökdürdü bizi
Dirilər öldürdü bizi
Hər yerindən duran, qalxan
Ucalan gömdürdü bizi
Dönməz idik, yenməz idik
Heç qabaqdan yeməz idik,
Heç kimə döyülməz idik
Atalar döydürdü bizi
Nakişilik bilməz idik
Sözümüzdən dönməz idik
Namus idik, enməz idik
Qəhbəlik endirdi bizi
Ortalığa düşməz idik
Açarı itirməz idik
Hər havaya süzməz idik
Şərablar süzdürdü bizi
Təkcə şeytan gördü bizi
Yer üzündən üzdü bizi,
düzdü bizi, süzdü bizi
Torpağın qara üzünə
Üzünə tüpürdü bizi
Ləhləyən köpək (rep)
Ləhləyən köpək
Dilin gah uzun, gah da lap gödək
Yala sən kəpək
Ula ulduzun, ayın altında
Gecələr qara, fikirlər qara
Səhərə qədər kiçik daxmada
Burnun iy çəkər
Qulağın bilər
Kim nə p.x yeyər
Ləhləyən köpək
Dilin gah uzun, gah da lap gödək
Bir ağız ula, bir daha hürmə
Hürmə fillərə
Hürmə illərə
Hürmə boş ötən, keçən günlərə
Bu sənin ömrün
Bu sənin halın
Bu sənin layiq olduğun həyatın
Səninki mumlamaq
Səninki qanmamaq
Səninki yal tökən əlləri qapmamaq
Səninki yal tökən əlləri yalamaq
Ləhləyən köpək
Dilin gah uzun, gah da lap gödək
Qoşulum sənə, bu ömrü bir sürək
Sən də bir adam , mən də bir köpək
Mən də ulayım, aya və ulduza
Mən də yalayım,
Mən də ömrümü puç edim , sərf edim
Aldanım ulduza
Ləhləyən köpək
Dilin gah lap uzun, gah hədsiz gödək
Mən də bir köpək, sən də bir adam
Yediyin haram, içdiyin haram
Yerin də haram, yurdun da haram
Yerişin haram, duruşun haram
Dili uzun köpək
Dili qısa köpək
Gəl bir yerdə yaşayaq
Birgə ömür sürək
Mənim ömrüm kimi
Onu da məhv edək
Dişləyən köpək
Böyüyən köpək
Öyüyən köpək
Sonra qusduğunu yalayan köpək
Yala nifrət,kini
Qabaqdan qalan sümüyü ət kimi
Yaşa sən it kimi
Yaşa it ömrü yaşayan adamlar kimi
Mənim kimi
Mənim kimi
Ləhləyən köpək.
Dili gödək köpək
Sən də bir adam
Mən də bir köpək
BURUN
qurdala ha qurdala
əlin batsın bir bala
insanlıqdan nə pay var, peysərə ver, ver dala
qurdala ha qurdala
bəlkə nəsə çıxardın bəlkə yeni şey tapdın
bəlkə yeni kəşf etdin
apardın lap qabağa
insanlığı, tarixi
Nyuton, Arximed kimi
Alma düşməz başına
Vanna düşməz yadına
barmağının kirini birləşdir burnun ilə
burnunun p.xu dönsün balaca bir yumağa
yumrula noxud kimi
qurusun qurut kimi
qurdala ha qurdala
çeçələ barmağında uzatdığın dırnağı
sox indi də qulağa, çıxart kükürd yığnağı
nə əlini yumağa
nə burnunu silməyə heç əziyyət çəkmə sən
heç də fikir vermə sən
cibində rəngi getmiş,
ütüsü, vaxtı keçmiş, fırtığı qurumuş yaddan çıxmış dəsmala
qurdala ha qurdala
burnunu eş, eş bala
qurdalayıb, çalxalayıb gətirdiz
xalqı, cəmiyyəti bu hala
çıxdı üzə, qaçıb getdi qaymağı
bizə qaldı ayranı, soğanı, sarımsağı
uzunqulaq eşşəyin
burnundan, qulağından
çıxartdığı, tapdığı
burun p.xu, p.xsağı
qurdala ha qurdala
eşələ sən eşələ
adam yoxdu yanında
baxma bizə, kef elə
beş barmağın beşini
mığı, qansoran kimi
Abşeron toprağına
buruq sancılan kimi
sanc deşiyə yağmala
neft kimi, mazut kimi,
qiymətli yaqut kimi
çıxart onu dünyaya
göstər bizə fəxr elə
bu ölkə səninkidi
bu ölkə sizinkidi
qurdalyıb, qayırıb, düzəldib ulu baba
səndən sonra düzəldər növbəti oğul bala
hələlik sizinkidi
sizin kimilərindi
sənindi oğul bala
o burun, o da vətən
qurdala, ha qurdala.
Oxu, dostum
(rəvayət)
Oxu, dostum
Oxu, dostum
Bir az sənə qulaq asdım.
Acmış idim, susuz idim
Ələ-ayağa keçəndən,
gözüm görən yeməklərdən
Doğranandan, kəsiləndən,
stol üstə düzüləndən
İçiləndən, süzüləndən,
Gözə təpdim, basdım-yedim, yedim-basdım
Sənsə oxu, oxu dostum.
Rahatlandım, yayxalandım,
Ətrafıma göz gəzdirdim
Gözüm altdan,
əyri qılça, qara tüklü, kök əndamlı, qara donlu,
saçı qəribə fiqurlu qadınlara, xanımlara,
yekəqarın, qara bığlı, alçaq boylu, yağlısifət kişilərə,
məndən alacaq manatı fikirləşə-fikirləşə araq süzən, meyvə kəsən
onu da gətirim deyə,
bunu da gətirim deyə təklif edən
xörəkpaylayan gədəyə,
mənşəyi bəlli olmayan,
toydan başqa heç bir yerdə oxunmayan mahnılarla
ürəyimi bulandıran
müğənniyə
qulaq asdım,
baxdım,
pusdum.
Oxu, dostum.
Oxu, dostum.
İstədim yaxşı söz deyəm,
Gəlin-bəyi tərifləyəm.
Yoxa çıxdı hay-küyündə mənim tostum.
Sağa baxdım, sola baxdım.
Hamı sərxoş, hamı kefli
Oynayan kim, tullanan kim,
Kimə lazım bəylə-gəlin...
...Tüpürdüm bəylə-gəlinə
Qoşuldum səylə-dəlinə,
Mən də onlara qoşuldum.
Yalsız gəldim, “Yallı” getdim.
Tapdaladım, ayaqladım,
Kiminsə barmağın dartdım,
kiminsə ayağın basdım
Oxu, dostum,
oxu, dostum
Tüstü, duman tutdu məni,
ciyərdə nəfəs qaraldı
Tuman köynək suya batdı, tər apardı,
Üçü badam, biri qozlu ritmlərdən havalandım.
Arada bir imkan tapıb
xoşagələn bir gözələ göz də basdım.
Söz də atdım.
Əri gəldi, yumruq atdı, tutuzdurdu.
Bir neçəsi onu tutdu, otuzdurdu...
Oxu, dostum,
oxu, dostum.
Hal-qəziyyə xarablaşdı.
Tualeti soraqlaşdım.
Unitazla qucaqlaşdım.
Öyüdüm, o ki var, qusdum.
oxu dostum,
dostum, oxu,
Yemək-içmək yalan imiş,
Dincəlmək istəyənlərin əsil yeri bura imiş,
bir tərəfdə oturuşmuş iyrənc qoxu,
digərində yuyulmamış adam p.xu.
Dahiyanə fikirlərin burada yaranıb çoxu,
Oxu dostum,
oxu indi
Sənin yerin tualetdi,
Yaxşı çıxır, məsləhətdi,
Su bol olan yerdə oxuyanın səs-avazı,
Oxu burda, tərənnüm et
Dəli Kürü, Xan Arazı,
Oxu dostum,
Heç də qalmadım narazı
Pulum getsə də ən azı
Yedim, içdim, rəqs elədim,
suya batdım,
soyuqdəyməm çıxdı candan,
gözəl-göyçək bir canandan ağlım uçdu,
yumruq aldım, yumruq yedim,
pul yazdırdım, nəmər verdim,
qapıda duran qocaya pul da basdım,
Mənalı istirahət etdim.
Lap elə bil,
Anadan bir də doğuldum.
Oxu, dostum,
oxu, dostum.
Mən oxudum öz mahnımı,
Çölə çıxdım.
Səsin gəldi, ürək qalxdı,
Bir də qusdum.
Sənin yerinə mən susdum.
Sənsə oxu...
Oxu dostum...
Oxu dostum...
Oxu dostum...