Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:49

Avropa Məhkəməsi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının birləşmə, toplantı keçirmə azadlığının pozulmasından verdiyi şikayəti araşdırmağa başlayıb. Məhkəmə işlə bağlı hökumətə suallar göndərib. Bu haqda Avropa Məhkəməsinin saytı xəbər verir.

Sözügedən şikayət Avropa Məhkəməsinə 2008-ci ildə göndərilib.

İşin hallarına görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2007-ci ilin mayında Bakıdakı Sabir parkında dinc aksiya keçirmək istəyib. Aksiyanın məqsədi hökumətdən böhtan və təhqirə görə cinayət məsuliyyətini (Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dekriminallaşdırılması) ləğv etmək tələbi olub. Şikayətçi təşkilat Bakı Şəhər İcra Hakimiyyətinə aksiya ilə bağlı bilgi versə də, toplantıya icazə verilməyib.

Ərizəçi icra hakimiyyətini buna görə məhkəməyə verib. Səbail Məhkəməsi 2007-ci ilin iyununda bu şikayətə baxıb.

Məhkəmə hesab edib ki, icra hakimiyyətinin aksiyaya icazə verməməsi qanuni olub. Rayon məhkəməsinin qərarını apellyasiya və kassasiya instansiyaları da qüvvədə saxlayıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Avropa Məhkəməsindən birləşmək və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınmasını istəyir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bu yaxınlarda prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü seçilib.

Sahib Məmmədovun özü də Facebook səhifəsində məsələyə qısa münasibət bildirib.

«Avropa Məhkəməsinə şikayət hakimiyyətə qarşı verilmir. Konkret vəzifəli şəxsə qarşı da verilmir. Cavabdeh dövlət olur» – deyə o qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG