Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:23

Uşağın babası həkimləri məhkəməyə verib


Ə.A.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası

Ə.A.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası

-

3 yaşlı Səkinənin ölümündə həkimlər günahlandırılır

«Həkimlə məsləhətləşdim ki, "bəlkə bu uşağı tomoqrafiya etdirək, uşağın dərdini bilək". Dedi, "ehtiyac yoxdur, sağlam uşaqdır, götür apar evə"».

«GÖRDÜK, SAĞALANA OXŞAMIR»

Bakı sakini Elman Əliyev Ə.A.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının həkimlərini məhkəməyə verib. O, iddia edir ki, 3 yaşlı nəvəsi Səkinə Novruzova həkim səhlənkarlığının qurbanı olub.

Elman Əliyevin sözlərinə görə, Səkinənin yüksək hərarətini aşağı sala bilməyən ailə üzvləri onu həmin xəstəxanaya götürüblər. Burada uşağa pankreatit diaqnozu qoyulub:

«Uşaq həm sol ayağını çəkirdi, həm də sağ gözündə şiş əmələ gəlmişdi. Halı yox idi. Üçcə gün xəstəxanada saxlayandan sonra dedilər, «götürün aparın evə, bu uşaqda heç nə yoxdur». Gətirdik, evdə gördük ki, yox, uşaq halsızdır, sağalana oxşamır. Ölçdük ki, hərarət 38-i ötüb. Dördgünlük hərarətdən sonra məcbur qalıb xəstəxanaya qaytardıq. USM etdilər, dedilər, «heç nə yoxdur». Dedim, «axı, necə heç nə yoxdur ki, bu uşağın halı üstündə deyil, qızdırması düşmür. Bəlkə bir tomoqrafiya etdirək, görək dərdi nədir». Dedilər, "lazım deyil, sağlam uşaqdır, götür apar evə"».

DEYİBLƏR, UŞAĞIN DƏRDİNİ TAPA BİLMİRLƏR

Səkinəni bir həftə xəstəxanada saxlayandan sonra yenə evə qaytarıblar. Ancaq uşağın vəziyyəti daha da ağırlaşdığından bu dəfə xəstəxanaya apararkən həkimlər deyiblər ki, körpənin dərdini tapa bilmirlər. Ailə üzvləri bu xəstəxanadan əllərini üzüb başqasına - Kliniki Xəstəxanaya pənah aparıblar. Ancaq Elman Əliyev iddia edir ki, bu xəstəxanada da dərmanı dozadan çox verdiklərindən uşaq zəhərlənib. Sonradansa onlara məlum olub ki, dərman uşaqlar üçün nəzərdə tutulmayıb.

«Xəstəxanada uşaqda FMF xəstəliyi (Ailəvi Aralıq dənizi qızdırması) olduğunu bildirdilər. Dedilər ki, bu xəstəlik genetik, həm də dövri xəstəlikdir. Bu xəstəliyin diaqnozu üçün analizlər verilməlidir, analizlərin nəticəsi də 40 gündən tez bilinmir. Ancaq həkimlər uşağa bu diaqnozu müayinəsiz, 5 dəqiqənin içərisində qoydular».

ŞİŞ 2 AY ƏRZİNDƏ BÖYÜYÜB

Azı üç ay xəstəxanaları gəzən, ancaq bu müddət ərzində uşağın vəziyyətinin daha da ağırlaşdığını görən valideynlər yerli həkimlərin yazdıqları reseptləri kənara atıb onu ölkədən kənarda müalicə etdirməyə qərar veriblər. Ötən ilin yayında Səkinəni Tehrana, az sonra Moskvaya aparıblar. Morozovski Uşaq Kliniki Xəstəxanasında məlum olub ki, Bakıdakı həkimlər uşağı səhv diaqnoz üzrə «müalicə» ediblər. Körpəyə dəqiq diaqnoz qoyulub:

«Bütün diaqnozlar səhv çıxdı. İcazəmizlə uşağı yardılar, məlum oldu ki, xəstəlik 4-cü mərhələdədir. Həkimlər dedilər ki, şiş çox qısa müddətdə - 2 ay ərzində böyüyüb. Gecdir və müalicəyə başlamaq mənasızdır. Əgər ilkin müayinədə həkimlər xəstəliyi aşkar edə bilsəydilər, uşağın sağalma şansı vardı».

Balaca Səkinə xəstəliyinin aşkar olunmasından 18 gün sonra gözlərini əbədi yumub.

MƏHKƏMƏ İDDİAYA BAXIR

Elman Əliyev 3 yaşlı nəvəsinin ölümündə təpədən- dırnağa günahkar bildiyi yerli həkimlərə qarşı çox qəzəblidir. O, 2 saylı Kliniki Uşaq Xəstəxanasını, Mərkəzi Klinik Xəstəxananı və xəstəxananın həkimləri Sevinc Abdullayevanı, Samirə Orucovanı məhkəməyə verib. Onun iddiasına Nəsimi rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə baxılır.

Acınacaqlısı odur ki, Səkinənin atası iki il əvvəl avtomobil qəzasında həyatını itirib. Səkinə atasının yeganə yadigarı olub. Məhkəmənin sonuncu iclasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə sorğu göndərilib. Məhkəmə iclası sorğuya cavabdan sonra davam edəcək.

Ə.A.Qarayev adına xəstəxanadan «Qaynar Xətt»ə bildirdilər ki, iddiaya məhkəmədə baxılır, son sözü məhkəmə deyəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG