Keçid linkləri

Təcili xəbərlər

Qarabağ danışıqları nə yerdə qaldı?


Sergei Lavrov və erməni həmkarı Eduard Nalbandian.
Sergei Lavrov və erməni həmkarı Eduard Nalbandian.

-

ÜMİD VƏ... FİASKO

Rusiyalı siyasətçi və diplomatlar nəyi bacarmasalar da, səs-küy salmağın yolunu bilirlər. Şişirtmə olmaz, desəm ki, Azərbaycanda, ən azı, bir ay hamı Rusiyanın Qarabağla bağlı səylərini izləməklə məşğul oldu. İnsanlarda son bir neçə ildə ilk dəfə problemin çözüləcəyinə ümid yaranmışdı. Bəlkə də səbəb Rusiya deyil, aprelin ilk günlərində keçirilmiş ilk uğurlu hərbi əməliyyatlar idi.

Amma bütün hallarda ümid vardı. Nəhayət, ötən həftənin sonunda Rusiya xarici işlər naziri S.Lavrov-un da Ermənistana səfəri başa çatdı.

Düzdür, Lavrov-un Ermənistana niyə və nəyə gəldiyini bilmək olmadı. Anlaşılmadı ki, o, iki ölkə arasında son vaxtlar soyumuş münasibətləri isitməyə gəlib, yoxsa Qarabağla bağlı danışıqlar aparmağa?

Hər halda, Rusiya xarici işlər nazirinin sözçüsü S.Lavrov-un səfərinə çox mənalı yozum vermişdi: «Lavrov heç yerə əliboş getməz!».

Şəxsən mən də elə düşünür və bu yozuma inanıram. İnanmamağa əsasım da yoxdur. Axı, Lavrov-un Ermənistana məhz Qarabağla bağlı təkliflər aparmasını, ən azı, bir neçə qaynaq da təsdiqlədi və... Və məlum oldu ki, danışıqlar heç bir nəticə verməyib. Ermənistan prezidenti sülh danışıqlarından yenə boyun qaçırıb...

...Beləcə, daha bir ümid yeri tıxandı və dərhal da sual doğdu: İndi necə olacaq? Daha bir danışıqlar paketi Rusiya XİN-in və ya ATƏT-in arxivlərinə göndəriləcəkmi?

HEÇ ADLA DA BAĞLI RAZILIQ YOX İDİ...

Çox güman, elə olacaq, axı indiki təkliflər paketinin adı barədə də birmənalı razılıq yox idi - Ermənistan onu «Kazan Razılaşmaları» adlandırır, Azərbaycansa «Yenilənmiş Madrid Prinsipləri» deyirdi. Amma narazılıq təkcə adla bağlı olsaydı, bu məsələdə razılığa gəlmək mümkün idi. Danışıqlar niyə alınmaması, hansı müddəaların narazılıq doğurması, təəssüf ki, mənə də siyasi tapmaca təsiri bağışlayır...

Düzdür, bəlli təxminlər mümkündür. Ermənistan tərəfi deyir ki, Kazandakı görüş zamanı bu təklifləri Azərbaycan qəbul etməmişdi. Olsun. Bircə anlığa razılaşaq ki, gerçəkdən belə də olub. Amma indi Bakı bu təklifləri qəbul edirsə, o zaman Ermənistan niyə mövqeyini dəyişib? Niyə bir-iki il əvvəl qəbul etməyə hazır olduqları təklifə «yox» deyirlər?

Təəssüf ki, bu sualın məntiqli cavabı yoxdur. Ermənistan prezidenti, sadəcə, bildirib ki, aprelin ilk günlərindəki hərbi əməliyyatlardan dərhal sonra bu təklifləri qəbul etmək mümkün deyil...

Niyə? Səbəb nədir? Bəlkə bu halda Ermənistan cəmiyyətində Azərbaycanın üstünlüyü barədə fikir formalaşa bilər, o səbəbdən? Hər halda, başqa arqument tapmaq çətindir...

Bu bir neçə gündə Ermənistanda çox qarışıqlıq oldu. Etirazlar baş verdi, çoxlu bəyanat və çağırışlar səsləndi. Kimi yerli hakimiyyəti qınadı, kimi də Rusiyanı... Amma bir məsələdə razılaşmaq olar: Ermənistan hakimiyyəti, xüsusən kriminal Qarabağ hərbi-siyasi klanı bu vaxtadək əhalini o qədər radikal notlarda kökləyib ki, indi durub «filan məsələdə güzəştə getməliyik» deyə bilmirlər...

HƏR İKİSİ UDUŞUNU DA BİLİR, NƏYƏ ARXALANDIĞINI DA...

İndən belə nə olacaq? Aprelin ilk günlərində Qarabağda gedən hərbi əməliyyatlara Ermənistan hakimiyyətinin öz baxışı var – guya Azərbaycan onlardan ötrü önəmsiz sayılan bir-iki yüksəkliyi tuta bilib...

Amma mənə elə gəlir ki, üçgünlük müharibə bir başlanğıcdır. Bundan sonra hərbi əməliyyatların başvermə ehtimalı artacaq. Problemin dinc yolla, danışıqla çözülməsini kim istəməz ki? Amma bu alınmırsa, o halda güc amili daha şirnikləndirici görünür. Xüsusən, artıq iki ilə yaxın bir zamanda hamının hansısa «Lavrov planı»ndan, Rusiyanın münaqişəyə son qoymaq istəyindən danışdığını nəzərə alanda. Budur, Rusiyaya növbəti dəfə kart-blanş verildi, amma nəticəsi nə oldu?

Ermənistan sülh planına «hə» dedimi? Demədi. Bu halda son 20 ildə Rusiya diplomatlarının dönə-dönə səsləndirdiyi bir fikri - Qarabağ probleminin açarının guya Moskvada olması barədə fikri siyasi və diplomatik fiksiya saymayasan, nə sayasan?

Açığı, şəxsən mən Rusiyanın səmimiyyətinə elə əvvəldən çox şübhə edirdim. Üstəlik, Lavrov-un səfəri ərəfəsində bu təkliflərin «Rusiyanın məqsəd və maraqları»na uyğun olduğunun deyilməsi şübhələrimi bir az da artırmışdı. Amma bunu bir tərəfə qoyuram... Məlum olur ki, Rusiya hətta öz «maraq və məqsədlərinə uyğun təklifləri» Ermənistana qəbul etdirə bilmir! Məhz buna görə həmişə deyirəm ki, Qarabağ problemində Ermənistan heç də passiv icraçı, Rusiya iradəsinin qeyd-şərtsiz ifadəçisi deyil. Düzdür, müştərək oyun gedir, amma... Amma hər iki tərəf öz uduşunu da və nəyə arxalandığını da yaxşı bilir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG