Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:42

"Təzədi" deyib götürdü kiminsə "köhnədi" deyib atdığı pencəyi


Elvin Bakiroğlu

Elvin Bakiroğlu

-

Elvin Bakiroğlu

Şeirlər

.
"Təzədi!" deyib götürdü,
kiminsə "köhnədi..." deyib atdığı pencəyi

2.
Əsgərlik xatirəsi kimi danışacaq
ilin ən uzun gecəsini bomj

3.
Təmirdən çıxmış yolun yaddaşından
heç bir qəza silinməmişdi

4.
Sevdiyi qızı öpə bilməmişdi
öpüşənləri cərimələyən gənc polis

5.
Ömürlük məhbuslardan tarixi soruşmurdu heç kim

6.
- Son arzunu de
- Məni tez öldürün!

7.
Həmişə dənizə baxan evi olsun istəyirdi
boğulmamışdın əvvəl

8.
Vitrindəki şam ağacı
Küçədəki şam ağaclarından utanırdı

9.
Uşaqlar Şaxta babaya daha çox inanır
nəinki Allah babaya

10.
Biletsiz gəlmişdi Ayın qatara düşən işığı

11.
Kürəyindəki izlər əlindəki bıçaqdan dəriniydi

12.
Əlinin çatdığı qızlara boyu çatmadı
boyunun çatdığı qızlara əli

13.
Vaxta bir saat qalmış intihar edib
qumar borcunu ödədi

14.
Mərhumun əlindən düşən kola qapağında
“Bəxtinizi bir daha sınayın” yazılmışdı

15.
Kafenin xadiməsi
axşamdan qalan söyüşləri süpürürdü

16.
Bütün şəkilləri ikiyə böldü
birini yandırdı: qucaqlaşmışdılar

17.
İşini tez qurtardı ki, rahat darıxsın

18.
Arvadını hər gün döyən qızıl medallı boksçu
bütün ölkənin fəxriydi

19.
Saatları bir saat geri çəkdilər
elə bildi ki bir saat çox yaşayacaq

20.
Balaca qız uşağı qəfəsdəki leyləkdən
ölmüş qardaşını geri istəyirdi

21.
Qara qutudakı səsi
yadigar saxlamışdı pilotun qızı

Günün bütün mövzuları

XS
SM
MD
LG