-
Rusiyaya Ukrayna böhranıyla bağlı sanksiyalar yalnız o zaman qaldırıla bilər ki, Moskva rusiyapərəst separatçılarla hökumət qüvvələrinin döyüşlərinə son qoysun.
ABŞ prezidenti Barack Obama və Almaniya kansleri Angela Merkel belə bir ümumi mövqedən çıxış ediblər.
«Rusiyaya sanksiyalar yalnız o zaman qaldırıla bilər ki, Rusiya Minsk sülh razılaşmasına tamamilə əməl etsin», - Obama aprelin 24-də Hannoverdə mətbuat konfransında deyib. O, altı günlük səfərinin sonunda Almaniyaya baş çəkib.
Merkel də vurğulayıb ki, atəşkəs sabit deyil və Obama-yla 2015-ci ilin fevralında Minskdə imzalanmış sülh sazişinin icrasını müzakirə ediblər. Sazişin məqsədi Ukraynanın şərqində münaqişəyə son qoymaqdır. Bu münaqişədə 2014-cü ilin aprelindən bəri 9 min 100 nəfər həlak olub.
Kreml isə Minsk razılaşmasının pozulmasında Kiyevi ittiham edir.