Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

-

"Şeirə bitkin mətn kimi baxa bilmirlər, ayrı-ayrı misralarda "şedevr yaratmağa" çalışırlar. Bunu istedadlı adamlar edir. Bəzən də məqsədlərinə nail olub ayrıca detalla yadda qala bilirlər. Amma şeirdə rabitə pozulur, bitkinlik olmur..."

Şairə Rəbiqə Nazimqızı ilə OxuZalında söhbət

"Məsələ bacarıqda deyil. Məsələ yanaşmadadır"

- Avtobus gözləyirdik anamla. Səbrim çatmırdı. Özümdən guya şeir qoşdum və anama bədahətən oxudum. Dedi, belə şeir olmaz. Dərhal niyəsini soruşdum. Qafiyə, heca bölgüsü barədə qısaca arayış verdi. Mən də o vaxtdan inadkaram. Yeni şeir qoşdum. Bənövşə adlı hansısa xəyali bir qız obrazına yazılmışdı. O vaxt bu ad xoşuma gəlirdi. Beləcə, başladım düzüb qoşmağa.

İndiki yanaşmamla 11-ci sinifdə yazdığım çoxlu şeirlər arasında cəmi biri, ya ikisi normaldı. Yeri gəlmişkən, o şeirlərdən birini ikinci kitaba daxil etmişəm. Sonra da özümçün yazırdım.

"Alatoran" jurnalının forumunda paylaşdım ilk dəfə. Rasim Qaraca bəyəndi, jurnalda çap olundum.

Sonra Zahir Əzəmət ruhlandırdı, "bizimki.org"-a göndərdim. "Nəsimi Ədəbi Mükafatı" müsabiqəsində ikinci yeri qazandım.

Sonra kitabım çıxdı, Rəsul Rza adına Ədəbiyyat Fondunun debüt mükafatını qazandı. Sonra AYB mərhələsi və oranı tərk etmək. İkinci kitab "Epizodik sevgilər"...

Bu yaxınlarda dörd xanım həmkarımla - Elnaz Eyvaz, Jalə İsmayıl, Feyziyyə və Aysel Novruzla bərabər ABŞ-da dərc olunan jurnala "çıxdıq", haqqımızda yazı yazıldı, şeirlərimiz ingiliscə tərcümədə çıxdı. Bu qədər, sonra nə olacaq bilmirəm...

Həmçinin bax: Azərbaycan qadın yazarlarını təbliğ edən amerikalı qadınla müsahibə

- Səncə, şeiri "zəif" edən nədir? Zəif olduğunu düşündüyün şeirləri birləşdirən ümumi cəhətlər nələrdir?

- Yəqin ki, ilk növbədə hissin, fikrin ümumi halda - detallaşdırılmamış verilməsindədir problem. Məsələn, "darıxıram", "sevirəm", "qısqanıram", "ana əzizdir", "vətən müqəddəsdir", "şəhid unudulmazdır". Bunlar peşəkar yanaşma deyil və bir az da müəllifin səmimiyyətini şübhə altına salır. Çünki o, fərdi yanaşma nümayiş etdirmir.

İkinci ciddi məsələ mücərrədliklə bağlıdır. Dərddən yazırlar, bilmirsən ki, bunların dərdinin adı nədir, necə təzahür edir. Allahdan yazırlar, bu, ümumiyyətlə mənə çatmır, çünki müraciət hansı zərurətdən doğur, bu, anlaşılmır.

Sanki dəb-klişelərdir. Oturuşmuş obrazlar - gecə, daş, quş, qağayı, milyon dəfə işlənmiş bədii təsvir vasitələri eynilə təkrarlanır. Müşahidə azdır.

Başqa bir məqam müasir türk dilinin və şeirinin bəsit, uyğunsuz təsiri və ya söz quraşdırması ilə bağllıdır. Məsələn, bu gün belə bir sevgi şeiri rastıma çıxdı, deyilirdi ki, qadın seçicidir. Fikirləşdim ki, nə dəxli, kontekstə yaddır, seçki söhbətinin yeri yoxdur. Birdən başa düşdüm ki, söhbət qadının daha uzaqgörən olmasından gedir. Bizdə 'seçici' seçki ilə bağlı siyasi termin kimi qəbul olunur.

Bir məqamı da deyim. Bəzən bizdə konstruksiya olaraq şeirə bitkin mətn kimi baxa bilmirlər, ayrı-ayrı misralarda "şedevr yaratmağa" çalışırlar. Bunu istedadlı adamlar edir. Bəzən də məqsədlərinə nail olub ayrıca detalla yadda qala bilirlər. Amma şeirdə rabitə pozulur, bitkinlik olmur. Ya da baxırsan çox orijinala yaxın forma tapırlar və məzmun qalır kənarda, daha doğrusu, məzmun olmur. Bu da başqa dərddir...

- Sənin məişət dilinlə şeir dilin arasında nə qədər fərq var?

Rəbiqə Nazimqızı

Rəbiqə Nazimqızı

- Demək olar ki, fərqlənmir. Ümumiyyətlə, mən sadə, anlaşıqlı dildə yazılan poeziyanın tərəfindəyəm. Bəzəksiz-düzəksiz şeirin. Yəni minimum bədii təsvir vasitəsilə şeir yaratmaq. Gözəl, bəzəkli misra yox, sadə və gözəl şeir yazmaq.

Məsələ bacarıqda deyil. Məsələ yanaşmadadır. Mücərrəd şeiri sevmirəm, nə qədər gözəl yazılır, yazılsın, mən ilk növbədə onu başa düşməliyəm. İkincisi, onun səmimiyyətinə inanmalıyam, dəbdəbə, ifrat istedad və intellekt nümayişkəranəliyi - ümumiyyətlə, hər cür açıq nümayişkəranəlik məni itələyir.

Şair evdə, küçədə, kafedə danışdığı dildən çox kənara çıxmamalıdır. Bunu deyən kimi soruşurlar ki, biz axı həyatda söyüş söyürük. Hə, amma mən söymürəm. Söyüşdən də zəhləm gedir. Amma məsələn, düşmən haqqında şeir yazıb "itoğlu" demək də normaldı mənimçün.

Polyak şair

Polyak şair

Polyak şair var, Martin Svetlitski. O da söyür, andeqraund şeirlər yazır, amma o, söymək, ya diqqət çəkmək üçün söymür. Onun söyüşü həqiqi etirazdır. Güclü və əsaslandırılmış podtekst var.

Bizimkilərdə isə hər şey nümayişə hesablanıb. Hətta həyat tərzi, məişət davranışı da.

- Səncə, gündəlik həyati vəziyyətlərdə şairlə qeyri-şairin davranışı fərqlənirmi? Şairləri ələ salan bir deyim var, deyir, şairlər həssas adamlardır, xüsusən, pul məsələsində.

- Yaralı nöqtədən vurdun. "Pul xərclənmək üçündür, xərcləməsən, gəlməz" təsəllisiylə yaşayanlardanam. Amma... məsuliyyət hissim var. Məsələn, maaşımdan artıq xərcləyib özümü borca salmağı sevmirəm. Borc aldığım tez-tez olur, amma vaxtında qaytarıram. O ki qaldı sualın ümumi məğzinə, məncə, fərqlənmir.

Elə adamlar tanıyıram ki, bir misra yazmayıblar, amma elə şeir kimi, ya "bizim şair obrazımıza" uyğun yaşayırlar. Mən özüm, çox adi, sıradan həyat yaşayıram, qeyri-adi situasiyalara düşməyi sevmirəm, stabillik və daxili rahatlıq, xüsusən əsəblər mənimçün şeirdən daha önəmlidir.

Bəlkə də, fərqlənirlər, amma mən fərqlənmək istəməzdim. Ümumiyyətlə, bir şairin ki şeirindən daha çox həyatı müzakirə olunur, o, məncə, yazmasa yaxşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG