Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:11

«Formula-1» prezidentinə çağırış: Yol hərəkətini düzəldin


Britaniya vətəndaşının öldüyü yol qəzası.
Britaniya vətəndaşının öldüyü yol qəzası.

-

Amerikalı təhlilçi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflər verir; Səudiyyə şahzadəsi Muhammad kimdir – 22 aprel Qərb mediasının icmalı.

Azərbaycanda yol hərəkətini təkmilləşdirin. Ötən il Bakıda yol qəzasında həlak olmuş britaniyalının ailəsi Azərbaycan hökumətinə və «Formula-1» yarışlarının prezidenti Bernie Ecclestone-a belə bir çağırış edib.

Micah Maxwell-Milne ötən il Avropa Oyunları zamanı Bakıda çalışırdı. O, gecə növbəsindən qayıdarkən içində olduğu avtomobil mikroavtobusla toqquşub. 23 yaşlı britaniyalı Avropa Oyunları mərasimlərində prodakşn qrupunun üzvü idi.

Maxwell-Milne-nin anası deyir ki, «Formula-1»in rəhbəri Ecclestone və ölkənin idman rəsmiləri yol hərəkəti təhlükəsizliyini gücləndirməkdən ötrü maarifləndirmə işləri aparmalıdırlar. Jennifer Maxwell-Milne Bakıda sürücülük vəsiqələrinin küçədə satıldığını eşitdiyini söyləyir. Onun fikrincə, bu ölkəyə səyahət edənlərin təhlükəsizliyini qorumaqdan ötrü çox iş görülməlidir.

Ailə Britaniya Xarici İşlər İdarəsinin Azərbaycanda yol hərəkəti ilə bağlı tövsiyəsinə istinad edir. Tövsiyədə deyilir ki, bu ölkədə maşınların çoxu pis durumdadır, sürücülük standartları pozulur. «Tez-tez qəzalar baş verir, əsas səbəb də maşınların pis və diqqətsiz idarə edilməsi, yol hərəkəti qaydalarına davamlı əməl olunmamasıdır».

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci il hesabatına görə, Azərbaycanda hər 100 min nəfərdən 10-u yol qəzalarında həlak olub. Böyük Britaniyada bu rəqəm 2.9-dur.

Xanım Maxwell-Milne birinci ledi Mehriban Əliyevaya da yazıb, onu dəyişiklik etməyə səsləyib: «Cənab Ecclestone və bu yay «Formula-1» yarışlarına gedəcək azarkeşlər də daxil, minlərlə turistin təhlükəsizliyinə cavabdeh olanları çağırırıq ki, idmanın nüfuzu hesabına yol hərəkəti qaydalarını gücləndirsinlər».

Mikroavtobus sürücüsünə qarşı məhkəmə işində Micah-ın valideynlərini Clare Campbell adlı vəkil təmsil edir. «Faciədir. İstedadlı, valideynlərinin, bacısının həddən çox sevdiyi, karyerasında hörmət qazanmış bir gənc yol qəzasında həlak olur», - vəkil söyləyib.

Qarabağda erməni hərbçiləri.
Qarabağda erməni hərbçiləri.

QAFQAZDA HƏYƏCAN TƏBİLİ

«The National Interest» dərgisi amerikalı jurnalist və təhlilçi Karl Rahder-in məqaləsini dərc edib.

Müəllif Dağlıq Qarabağda cəbhə xəttində son toqquşmalardan söz açır və ATƏT-in Minsk qrupunu əlindəki vasitələrdən yararlanaraq aşağıdakılara nail olmağa çağırır:

1) Hər iki tərəf 2007-ci ildə irəli sürülmüş Madrid Prinsiplərinin icrasına razılaşsınlar. Erməni qüvvələri Dağlıq Qarabağın ətrafındakı yeddi rayondan çıxsın, status məsələsi referendumda həll olunsun;

2) Təmas xətti hərbsizləşdirilmiş zonaya çevrilsin. Tərəflər ağır silahları – artilleriyanı, tankları, hava qüvvələrini bu zonadan çıxarsın;

3) Azsaylı ATƏT müşahidəçilərinin sayı, azı, 100-dək artırılsın. Onlar hərbsizləşdirilmiş zonada daha çevik hərəkət edə, qoşunların hərəkətini izləyə, tərəflərin atəşkəs pozuntularını araşdıra biləcəklər;

4) Atəşkəsi pozan tərəflərə ciddi iqtisadi və digər sanksiyalar qoyulsun;

5) Dağlıq Qarabağın sülh danışıqlarına tərəf kimi salınması ciddi şəkildə nəzərdən keçirilsin;

6) Tərəflər ədalətli və davamlı sülhə nail olmaqdan ötrü torpaq mübadiləsi də daxil, bütün qeyri-zorakı variantları nəzərdən keçirəcəklərinə boyun olsunlar.

Müəllif yazır ki, son iki təklif ağır səslənsə də, daimi sülhün açarı ola bilər.

Muhammad bin Salman
Muhammad bin Salman

SƏUDİYYƏ ƏRƏBİSTANI: YENİ NEFT DÜZƏNİ

Nəsillər boyunca Səudiyyə Ərəbistanında neftlə sabitlik qucaq-qucağa yaşayıb. Mühafizəkar krallıq neft sərvəti hesabına əhalisinin və xaricdəki dostlarının sadiqliyini satın alıb. Ancaq ötən il Kral Salman hakimiyyətə gələndən onun 30 yaşlı oğlu Muhammad Yaxın Şərqdə proqnozları mümkünsüz edib. Bunu «The Economist» yazır.

Tənqidçilərin fikrincə, xeyli çılğın olan ikinci vəliəhd İranla bağlı təhlükəli mövqe tutur ki, bu da məzhəbçiliyi alovlandırır. Eyni zamanda, Amerikayla münasibətlər korlanmaqdadır. Muhammad bin Salman-ın impulsivliyi ölkəyə gərəkən amil sayıla bilər. Axı Səudiyyə son 18 ayda kəskin ucuzlaşan neftdən asılılığını azaltmağa çalışır. Aprelin 25-də şahzadə krallığın «Baxış» islahat planını açıqlayacaq.

Ancaq son bir ildə bu şahzadə Səudiyyəni ehtiyatsız bir yola sürükləyib. Yəməndə münaqişəyə girişib, İranla münasibətlər pisləşib. Dohada neft hasilatçılarının görüşünü nəticəsiz edib və s.

Düzdür, onun ölkə iqtisadiyyatını şaxələndirmək ideyaları maraqlıdır. Subsidiyaları ləğv etmək, yeni vergiləri qaldırmaq, dövlət sektorunda qismən özəlləşdirmə aparmaq, sənaye islahatları həyata keçirmək istəyir. Yolunda əngəllər də yox deyil. Məsələn, ultra-mühafizəkar dindarlar islahatların önünü kəsə bilər. Özəl sektorun inkişafı, şəffaflıq, hüququn aliliyin, qadınların səlahiyyətinin artırılması onların heç ürəyincə deyil.

«The Economist» Amerika faktorunu qeyd edir. Belə ki, Səudiyyə ABŞ-ın onu tərk edəcəyindən qorxur. Hakim Al-Saud ailəsi düşünür ki, Ər- Riyada səfər edən Barack Obama İrana meyllənir. Prezident Körfəz ölkələrini və digər müttəfiqləri İranla «qonşuluğu paylaşmağa» çağırmaqla qorxuları bir az da alovlandırdı. Amma bu, islahatların vacibliyini önə çıxarmış oldu. Səudiyyə Ərəbistanının nefti daha çoxdur, ancaq İranın iqtisadiyyatı daha artıq şaxələnib və çətinliklərin öhdəsindən gəlməyi də bilir.

XS
SM
MD
LG