Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:02

Nabokovun "Lolita"sını ondan 40 il əvvəl kim yazıb?


Vladimir Nabokov
Vladimir Nabokov

-

İki Lolita. Kitab
İki Lolita. Kitab

Bu söz-söhbəti Michael Maar adlı alman ədəbiyyatşünası ortaya atıb.

O, əvvəlcə Almaniya ədəbiyyat dərgilərində məqalələr, sonra isə "İki Lolita" adlı kitab yazıb. İddia edir ki, Nabokovun məşhur "Lolita"sını ondan 40 il əvvəl təxəllüsü Heinz Von Lichberg olan bir alman yazlb və onun yazdığı kitab vaxtilə "tufan kimi dünyanı bürüyüb".

"Heinz Von Lichberg" təxəllüsü alman yazıçı Heinz von Eschwege-ə məxsusdur. Sonralar, Nasist dövründə Lichberg görkəmli jurnalist olduğuna görə gənclik əsəri nəzərlərdən yayınıb, unudulub. Nabokovun "Lolita"sını isə hamı bilir.

"İki Lolita" kitabını yazan ədəbiyyatşünas Michael Maar iddia edir ki, V.Nabokovun "Lolita"sı ilə onun "Lolita"sı arasında "bənzərliklər həddən artıq çoxdur".

Nabokov 1937-ci ilə qədər Berlində yaşayıb. Həmin vaxt Nabokov alman yazıçı Lichberg’in romanından xəbərdar olubmu, olubsa şüurlu şəkildəmi ondan bəhrələnib? Bu, klassik plagiat məsələsidirmi?

Bugünlərdə Almaniyanın Cicero jurnalında Michael Maar ilə jurnalist Daniel Kehlmann arasında söhbət çap olunub. "The Paris Review" həmin söhbəti ingilis dilinə tərcümə edərək çap edib.

Söhbəti OxuZalında təqdim edirik.

- Siz öz "İki Lolita" kitabınızda çox maraqlı bir kəşf etmisiniz. Ən maraqlısı odur ki, Nabokovşünaslar sizin bu kəşfinizi və kitabınızı görməzlikdən gəldilər. Bəlkə onlar Nabokovu plagiat ittihamlarından qorumalı olduqlarını düşündülər. Əvvəlcə gəlin görək bu, plagiatdırmı?

- Əlbəttə, yox. Mən axı demirəm ki, bu, plagiatdır. Mən deyirəm ki, daha maraqlı məqamlar var. Mətbuatda bu kəşfim haqda məqalə çap etdirən kimi çoxlu reaksiyalar oldu və hamısı bu münasibətlə "plagiat" sözündən istifadə etdi. Məqsədim bu deyil.

- Gəlin başdan xatırlayaq. Deməli, bugün unudulmuş yazıçı Heinz von Lichberg 1916-cı ildə hekayə kitabı buraxıb. Həmin kitabda "Atomit" adlı hekayə olub ki, orada bir kişi dünyanı dağıtmağa qadir maşın yaradır. Nabokov 1938-ci ildə "Waltz İxtirası" adlı kitab yazıb, kitab dünyanı dağıtmağa qadir maşın ixtira edən kişi haqdadır.

- Bu, hələ hamısı deyil.

- Lichberg’in “Atomit” hekayəsi belə başlanır ki, ixtiraçı ABŞ Müdafiə müşaviri ilə layihəni müzakirə etmək üçün görüşür, maşını işə salır. Nabokov’un "Waltz ixtirası" isə belə başlanır ki, adı çəkilməyən güclü bir dövlətin Müdafiə nazirinin otağında ixtiraçı öz qiyamət maşınını işə salır. Bu, adi təsadüfdür?

- Bilmirəm. Amma bu, hələ hamısı deyil.

- Nabokovun əsərindəki ixtiraçının adı Waltz-dır. Nabokovun əsərində xalauşaqları var, familyaları Waltz. Lichberg’in hekayə kitabında iki kişi var, onlar yaxın qohumdurlar, onların familiyası Walzer-dir.

Bu hekayənin təhkiyəçisi gənc qıza aşiq olur, öz ev sahibinin qızına. Ev sahibinin qızına aşiq olan yaşlı təhkiyəçi - bizə Nabokovun "Lolita"sından yaxşı tanışdır. Bəs Lichberg’in 1916-cı ildə yazdığı hekayədəki qızın adı nədir? Lolita.

Nabokovun "Loita"sından əvvəl yazılmış Litchberg'in "Lolita" hekayəsini burada oxu

- Təkcə ad hələ heç nə demək deyil. Amma o biri bənzərliklər - qiyamət maşını, ixtiraçı, Müdafiə Nazirliyi, Waltz adlı xalauşaqları - bunlar onu deməyə əsas verir ki, Nabokov o vaxt Lichberg’in kitabı ilə tanış imiş.

Nabokovun "Lolita" kitabının ABŞ nəşri
Nabokovun "Lolita" kitabının ABŞ nəşri

- Ağlabatan mülahzirələrdir, amma Nabokovşünaslar buna reaksiya vermirlər. Cavab vermək fikrinə düşən azsaylı alimlərdən biri Nabokovun almanca "Seçilmiş əsərləri"nin redaktoru Dieter E. Zimmer oldu. O dedi ki, bu, adi təsadüfdür. Amma o, öz yazısında yalnız Lolita adına toxundu, Waltz bənzərliyinə toxunmadı.

Nabokovun bioqrafı Brian Boyd nə dedi bəs? Heç nə. Sənin bu kəşfindən sonra o, Nabokovşünaslığın inkişafına dair yeni esselər toplusu çap etdirdi, orada Lichberg məsələsinin üstündən sükutla keçdi. Bu yaxınlarda isə o, Nabokov onlayn forumunda dedi ki, iki yazıçının iki ayrı əsərində iki qızın eyni adda olması adi təsadüfdür. O da qiyamət maşınına, Müdafiə Nazirliyinə, Waltz adına toxunmadı. Nabokova böyük hörmətimlə yanaşı, şəxsən mən özümü aldadılmış hiss edirəm.

- Bir məsələ də var. Bəzi reaksiyalardan belə məlum olur ki, nabokovşünaslar məhz Lichberg-in nasist olmasını həzm edə bilmirlər. O, Alman radiosundan Hitleri kansler olduğu vaxt coşğunluqla tərifləyib. Onun nasist çıxışları bu gün də YouTube-da var. Lichberg nasistlərin "Völkischer Beobachter" qəzeti üçün məqalələr də yazıb.

Yəhudi arvadıyla nasistlərdən qaçmış Nabokovun o cür adamla əlaqəsinin olması qəbuledilməz görünür. Üstəlik, Nabokovun qardaşı Sergey nasistlərin düşərgələrində ölmüşdü.

Nabokov "Lolita"nı yazır
Nabokov "Lolita"nı yazır

- Yəni bu, adi plagiat deyil, göndərmədir, istinaddır, Nabokov bizə qeyri-vacib bir alman yazıçının əsərinə siqnal verir. Hansısa şəxsi səbəbdən bu yazıçıya və onun əsərlərinə Nabokovun əsərlərində bir neçə istinad, göndərmə var. Bu məsələni görməzlikdən gəlmək mənim üçün çətindir, Nabokovşünasların bu faktları sükutla qarşılaması məni əsəbləşdirir.

- Bu krossvordda nəsə çatmır, bu iki yazıçı bir-birini tanıyıblar, amma sübut lazımdır. Onlar on beş il eyni şəhərdə yanaşı yaşayıblar. Bəlkə elə Lichberg Nabokovun ev sahibi olub? Bəlkə eyni tennis klubuna gediblər? Çünki hər ikisi yaxşı tennis oyunçusu olub. Bunu aydınlaşdırmaq istədim, amma tennis klublarının arxivi dağılıb. Lap əgər eyni tennis klubuna gediblərsə, yenə nə isə çatmır. Nabokov nəyi və kimə siqnal vermək istəyirmiş? Bu məsələ tapmaca kimidir.

- Onların dost olduğunu təsəvvür etmək çətindir. Amma Nabokov alman dilini bilirdi və Lichberg-in kitabı da həmin vaxt Berlində məşhur idi.

- Əlbəttə, almanca bilirdi. Özü Thomas Mann və Freud-i orijinalda oxuduğunu deyirdi. O, Heinrich Heine və Goethe-ni rus dilinə tərcümə etmişdi. Bunları edən adam üçün Lichberg-i oxumaq çətin olmamalı idi.

- Nabokov ədəbi və mənəvi məsələlərdə prinsipal mövqedə idi, Litchberg kimi pis, nasist yazıçıya niyə göndərmə verməliydi! Onun məqsədi nə ola bilərdi?

- Məndə "The Cursed Cioconda" kitabının ilk nəşri var, nadir kitabdır. Kim bu suala cavab tapsa, kitabı ona bağışlamağa hazıram.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG