Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:00

Məmməd Səid Ordubadi: Əylis erməniləri...


M.S.Ordubadi
M.S.Ordubadi

-

"Qadınların erməni zavodunda işləmələrinə maneə törədən ən əsas səbəb müsəlman kustarçılarının Karapet Babayevlə apardığı rəqabət idi."

Məmməd Səid Ordubadi

İPƏK TİCARƏTİ

Ordubadda ipək ticarətinin tarixi çox qədimdir. Hələ 1838-ci illərin hesabına görə, yalnız Ordubad okruqunda yüz min tut ağacı mövcud idi. Lakin İran dövründən başlayıb ipək işində çalışan Ordubad müsəlmanları onu mədəni bir şəklə sala bilməmişdilər.

İpək və barama ticarəti əksəriyyətlə Əylis ermənilərinin əlində idi. Nəhayət, birinci olaraq Karapet Babayev Marseldən bir ipək zavodu gətirdi.

İpək zavodu əvvəlcə 48 çarxdan ibarət idi. bu zavodun açılması Ordubadda barama toxumu bəsləmək işinə böyük bir maraq oyandırdı. Çünki indiyə qədər mədəni üsulda işlənilməyən Ordubad ipəyi yalnız Təbrizin qanauz fabriklərinə gedirdi. Buna görə də barama o qədər də məqbul qiymətə satılmırdı.

M.S.Ordubadinin kitabı
M.S.Ordubadinin kitabı

O vaxtkı yaş barama 9 manatdan 10 manata qədər satılırdı. Lakin Karapet Babayevin zavodundan çıxan ipək Rusiya fabriklərinin rəğbətini qazandığından baha qiymətə satılırdı.

Bunun üçün də Karapet Babayev baramanı artıq qiymətə almağa və kustarları aralıqdan çıxarmağa başladı. Çünki Təbriz fabrikləri Moskva fabrikləri alan qiymətə mal ala bilmirdilər.

Karapet Babayev varlanırdı. Qarabağ əyanlarından Ordubada təbid edilmiş şair Məhəmməd bəy Aşiqin evlərini aldı və orada ikinci bir ipək zavodu açdı.

Bu vaxtlar Əylisdə də bir zavod tikdilər. Baramanın qiyməti daha da yüksəldi. Kustarlar aralıqdan çıxmağa başladı. İpək ticarəti ermənilə-rin əlində mərkəzləşdi.

Karapet Babayevin ipək zavodunun yanında digər bir zavod da var idi. Bu zavodda birinci zavoddan çıxan ipəyi qoşalaşdırıb eşir və toxucu fabriki üçün hazırlayırdılar.

Bu zavodda çalışanlar tamamilə qadınlar idi: Karapet Babayev müsəlmanların rəğbətini qazanmaq üçün bu zavoda müsəlman qadınlardan da qəbul edəcəyini söyləyirdi. Lakin mütəəssib müsəlmanlar buna heç vəchlə yol vermirdilər.

Anam gedib işləmək istədiyini bildirdikdə, xüsusən onun kimin qadını olduğunu anladıqda məmnuniyyətlə qəbul etmişdi. Bundan sonra başqa qadınlar da həmin zavoda daxil olmağa başladılar. Lakin Ordubadda buna çox pis nəzərlə baxırdılar. Şəhərin qolçomaq seyidlərindən Mirəttar Ağaseyid uşaqları və sairləri qadınlarını erməni zavoduna buraxanları “namussuz” deyə çağırırdılar. Lakin buna baxan yox idi. Ehtiyac işləmək və harada olursa işləmək tələb edirdi.

Qadınların erməni zavodunda işləmələrinə mane törədən ən əsas səbəb müsəlman kustarçılarının Karapet Babayevlə apardığı rəqabətdən ibarət idi. Seyidlər və başqaları isə, daima olduğu kimi, xırda burjuaziyanın əlində alət idilər. Müsəlmanlardan Məşədi Cəfər də ipək zavodu hazırladı. Bunun dalınca Fərəcovlar zavod tikdirdi. Rzayev, Nağıyev, İsmayıl Məhəmmədhüseyn oğlu və Ərəbov Hacıkərim zavod açdı.

İpək alverçiləri arsında ciddi rəqabət başlandı. Rzayev şəhər qlavası seçildikdə rəqabətdə qalib gəldi. Bütün baramanı əlinə topladı. Zavod sahibi olan Fərəcov Rzayevin rəqabətindən qurtarmaq üçün onun bacısını oğluna aldı. Ərəbov da öz qeydinə qaldı. O da şəhər qlavası ilə qohum olmağa və iqtisadi vəziyyətini möhkəmlətməyə çalışdı. Rzayevin qızını öz oğluna aldı.

Nağıyev Hacı İsmayıl isə Anbaras məhəlləsinin qolçomaqlarından qəssab Məşədi Həsənin qızını aldı. Ona qolu qüvvətli bir adam lazım idi. Barama bazarında qalib gəlmək lazım idi. Buna görə də üç qadını olduğuna baxmayaraq, qəssab Məşədi Həsənin qızını dördüncü qadın olaraq aldı.

Müsəlman ipək tacirləri birləşdilər. Birinci ipək taciri olan Karapet Babayev kənarda qaldı. Çünki onun nə ərə verməyə bacısı, nə də qızı var idi. O, məğlub oldu. Daha öz zavodunu işlətməyə aciz oldu.

Bu adam aralıqdan çıxandan sonra birləşmiş qurdlar baramanı istədikləri qiymətə aldılar. Buna baxmayaraq, Karapet Babayev zavodunu az da işlətsə, maaş az da versə, yenə də müsəlmanların onun zavodunda işləməyə rəğbətləri var idi. Çünki o öz haqq-hesabında təmiz, işçisini çox istismar etməyən bir adam idi. Həm də onun geniş istismara imkanı yox idi. Erməni olduğundan qorxurdu.

"Həyatım və mühitim" kitabı ("Hədəf" nəşriyyatı)

XS
SM
MD
LG