Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15

►"Doha görüşünün uğurla nəticələnməsinə kartel daxilindəki ziddiyyətlər mane oldu".

Bu sözləri Energetika naziri Natiq Əliyev OPEC-ə üzv olan və olmayan neft hasil edən ölkələrin təmsilçilərinin Doha görüşünün yekunlarını qiymətləndirərkən deyib.

APA-nın xəbərinə görə, nazir qeyd edib ki, neftin qiymətini sabitləşdirmək məqsədilə Dohada imzalanacağı planlaşdırılan saziş hasilatın oktyabradək bu ilin yanvar ayındakı səviyyədə saxlanmasını nəzərdə tuturdu.

"Görüşün 6 saat gecikmə ilə başlanması Dohaya olan ümidlərin artıq özünü doğrultmayacağından xəbər verirdi” - deyən nazirin sözlərinə görə, sonradan layihənin yeni variantı təqdim olunub.

Yeni variantda OPEC üzvü olan bütün dövlətlərin neft hasilatını "dondurmaq" haqqındakı razılaşma sənədini imzalamasının mütləqliyi, yalnız bundan sonra sazişin işlək sayılacağı vurğulanıb. Nazirin deməsinə görə, Səudiyyə Ərəbistanının nümayiş etdirdiyi bu mövqe iştirakçı ölkələrin narazılığı ilə qarşılanıb. Neft hasilatının sabit səviyyədə saxlanması təklifinin təşəbbüskarı, Rusiyanın energetika naziri Aleksandr Novak "Toplantıya müzakirəyə yox, imzalamağa gəlmişik" deyə etiraz edib.

Natiq Əliyevin deməsinə görə, gərgin keçən iclasda ziddiyyətlər özünü hasilatın hansı səviyyədə saxlanmasına dair aparılan müzakirələrdə də göstərib. Hasilatın yanvar, mart, hətta 3 aylıq göstəricilərə uğun səviyyədə dondurulması təklifləri səsləndirilib. Lakin ümumi razılaşma əldə edilmədiyindən neft hasilatçılarının vaxta ehtiyacının olması nəzərə alınaraq növbəti görüşün iyunda keçirilməsi qərara alınıb.

N. Əliyevin düşüncəsinə görə, razılaşma əldə olunsaydı, bu, OPEC üzvü və qeyri-üzv ölkələrin ümumi məqsədlər naminə əməkdaşlıq etməsi baxımından Neft İxrac Edən Ölkələrin Birliyi tarixinə yazılcaqdı.

“Gündəlik hasilatı 97 milyon barel olan, dünya hasilatının üçdə birinə nəzarət edən OPEC qiymətin tənzimlənməsində həlledici mövqe nümayiş etdirməklə, digər neft hasilatçılarının, o cümlədən Azərbaycanın da maraqlarına cavab verən qərarın qəbuluna nail ola bilərdi. Lakin belə bir addımın atılmaması göstərib ki, OPEC buna hazır deyil. Burada da məhz geosiyasi faktorların rolu danılmazdır" - deyə nazir bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG