Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:52

-
Lənkəran rayon sakinləri Qismət İsayev və Vüqar İsmayılov saxlanıblar.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydıqları məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Lənkəran rayonunda əməliyyat-axtarış tədbirləri keçirilib. «Milli, dini zəmində separatçı fikirlər yayan, vətəndaşları kütləvi itaətsizliyə, hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağıran şəhər sakinləri Qismət İsayev və Vüqar İsmayılov saxlanıblar», -deyə birgə açıqlamada bildirilir.

Məlumatda hər iki şəxsin Taleh Bağırzadənin tərəfdarı olduğu deyilir: «Adını «Müsəlman Birliyi Hərəkatı» qoyan təşkilatının rəhbəri Taleh Bağırzadənin tərəfdarı olan bu şəxslərin üzərilərinə və yaşadıqları mənzillərə baxış zamanı 4 əl qumbarası, 123 patron, 2 trotil şaşkası götürülüb. Eyni zamanda, yayılması qanunla qadağan olunan, dini dözümsüzlüyü və bölücülüyü təbliğ edən 18 ədəd kitabça aşkarlanıb».

Faktla bağlı cinayət işi başlandığı, istintaq aparıldığı bildirilir.
Ancaq saxlanan şəxslərin və ya onların vəkillərinin bu ittihamlara cavabları, hələlik, bəlli deyil.

«Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə ötən il noyabrın 26-da Nardaranda həbs edilib. O, həbsindən əvvəl hakimiyyəti sərt şəkildə tənqid edirdi.

T.Bağırzadə SOCAR prezidenti Rövnəq Abdullayevin Gürcüstanda erməni kilsələrini Azərbaycanın pulsuz qazla təmin etməsi haqda açıqlamasını da çox sərt qarşılamışdı. Hərəkat lideri «Allaha xatirinə, erməniləri pulsuz qazla təmin edirsinizsə, bəs Nardaranı niyə işıqsız, qazsız qoyursunuz» sualını vermişdi.

Baş prokuror Zakir Qaralov bu ilin əvvəlində bildirmişdi ki, bu hərəkat ilə bağlı hazırda ümumilikdə 68 nəfər həbsdədir. Onlar Cinayət Məcəlləsinin terror, dövlətə xəyanət və başqa ağır maddələri ilə ittiham edilirlər.

«Müsəlman Birliyi» Hərəkatı dövlət qeydiyyatından keçməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG