Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:04

-

Ölkədən çıxışına qadağa qoyulmuş jurnalist Gülər Mehdizadə prokurorluğu məhkəməyə verib.

Aprelin 18-də Nəsimi Rayon Məhkəməsində jurnalistin iddiası üzrə məhkəmə prosesi başlayıb. Amma iş üzrə cavabdeh tərəf olan prokurorluğun nümayəndəsi məhkəməyə gəlməyib.

Gülər Mehdizadənin vəkili Yalçın İmanov heç bir əsas olmadan jurnalistin ölkədən çıxışına məhdudiyyət qoyulmasının qanunsuz olduğunu bildirib. Yalçın İmanov qeyd edib ki, əgər burada iddia təmin olunmasa, bu iş Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək.

Məhkəmə prosesi mayın 5-də davam edəcək.

7 ildir jurnalist fəaliyyətilə məşğul olan və əsasən sosial sahədəki problemlər barədə məqalələr hazırlayan Gülər Mehdizadə son iki ayda iki dəfə - fevralda Gürcüstana, martda isə Türkiyəyə getmək istəsə də, sərhəddən buraxılmayıb. Ona qadağanın səbəbi də izah olunmayıb.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi isə vəkilin sorğusuna cavab məktubunda jurnalistin ölkədən çıxışına məhdudiyyət qoyulmasını istintaq zərurəti ilə əlaqələndirib.

"Fevralda Gürcüstana gedərkən sərhəddən geri qaytarmışdılar. Sonra vergi fəaliyyətimi yoxlamağa başladılar. Əsasən "Meydan TV" ilə əməkdaşlığımla, oradan pul alıb-almamağımla maraqlandılar. Bildirdim ki, mən "Meydan TV" ilə əməkdaşlıq etməmişəm. Yalnız başqa media orqanlarına, şəxsi bloquma yazdığım bir neçə yazı istinadla orada dərc olunub. Məni heç "Meydan TV" ilə bağlı istintaqa da çağırmayıblar. Belə olan halda hansı əsasla ölkədən çıxışıma qadağa qoyulub?" - Gülər Mehdizadə bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG