Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:16

-

«Ermənistan tərəfi əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, Azərbaycan hərbi qulluqçusunun nəşini nümayişkaranə şəkildə qaytarmaqdan imtina edib. Bu, rəsmi Yerevanın, beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası və əlavə protokolların normalarını növbəti dəfə kobud şəkildə pozmasıdır».

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında yer alıb.

Hikmət Hacıyev deyib ki, humanizm dəyərlərindən kənar olan Ermənistan cəsədləri belə işgəncə, təhqir və fiziki zorakılığa məruz qoyaraq qisas, siyasi möhtəkirlik obyektinə çevirir. Onun bildirməsinə görə, bu kimi zorakılıq əlamətləri son günlərdə geri qaytarılmış hərbi qulluqçuların cəsədlərində də müəyyən edilib.

«Ermənistanın qeyri-insani əməllərinin nəticəsidir ki, 1991-1994-cü illər hərbi əməliyyatlarında əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlı mülki, hərbi şəxs hələ də itkin düşmüş hesab olunur. Cəsədlərin qaytarılmasına vasitəçilik missiyasını yerinə yetirən beynəlxalq qurumlar tərəfindən də Azərbaycan hərbi qulluqçusunun nəşinin Ermənistan tərəfində olması faktı təsdiqlənib. Rəsmi Yerevanın imtinasından sonra onların susqunluq nümayiş etdirmələri başa düşülən hal deyil. Onlar bu kimi məsələlərdə prinsipial və aydın mövqe nümayiş etdirilməlidir»,-deyə Hikmət Hacıyevin açıqlamasında qeyd edilir.

H.Hacıyev deyir ki, rəsmi Yerevan aprelin 2-dən etibarən başladığı təxribat və hərbi avantüranın uğursuzluğundan sonra beynəlxalq təcrid vəziyyətində olduğunu bir daha görüb: «Odur ki, beynəlxalq ictimaiyyət qarşısında olan-qalan nüfuz və etimadını da itirən Ermənistan rəhbərliyinin addımları daha sərsəm, qeyri-müəyyən və təhlükəli xarakter alır».

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da aprelin 17-də oxşar açıqlama vermişdi. Komissiya bildirirdi ki, danışıqlardan sonra tərəflər aprelin 17-də saat 10:30-da Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində bir azərbaycanlı hərbi qulluqçunun meyitinin təhvil alınması prosedurunun həyata keçirilməsinə razılaşmışdılar.

Aprelin 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələri əvvəlcədən müəyyən edilmiş məntəqəyə gəliblər. Lakin, komissiyanın bildirməsinə görə, Ermənistan tərəfi vasitəçilərlə əlaqə saxlayaraq özlərinin səhv etdiyini, meyitin Azərbaycan hərbi qulluqçusuna aid olmadığını və təhvil prosesinin keçirilməyəcəyini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG