Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:18

M.İbrahimbəyov. Gəlin baxaq görək bu gün bizim nəyimiz var?


Maqsud İbrahimbəyov
Maqsud İbrahimbəyov

-

"Keyfiyyətli insan amili nəzərə alınmazsa, yaxşı düşünülmüş siyasi kampaniyalar və maliyyə tədbirləri və ya xoşniyyətli islahatlar, ən sərfəli beynəlxalq müqavilələr heç olub gedəcək..."

"Hər şeydən çox bizim pula ehtiyacımız olduğunu düşünənlər səhv edirlər. Bizdə ağıllı, saf adamların, vətəndaşlıq mənafeyi baxımından düşünən insanların, cəmiyyətin qaynar qatı ilə alicənablıq prinsipi əsasında birləşməyə qabil insanların qıtlığıdır..."

Maqsud İbrahimbəyov

Düşünməyə dəyər

(ixtisarla)

Başa çatmaqda olan 20-ci yüzildə Azərbaycan öz tarixi inkişaf yolunu iki dəfə çox sərt surətdə dəyişməli olub; özü də nə az, nə çox, birdən-birə 180 dərəcə.

Bu dönüşlərin nə kimi çətinliklərlə, hansı mürəkkəb hadisələrlə müşayiət olunması tarix dərsliklərindən bəllidir, lakin bir məsələni xüsusilə diqqətə çatdırmaq istərdim ki, bir-birinə daban-dabana zidd olan bu iki tarixi dönüş nəticəsində millətimizin elitası, ən seçmə adamları tamamilə məhv edilmişdir. Məlum bir həqiqətdir ki, dünyada heç bir ölkə elitasız nəinki inkişaf edə bilməz, heç uzun müddət mövcud ola bilməz.

Təbii olaraq belə bir sual ortaya çıxır: məgər bu bəla yalnız Azərbaycanınmı başına gəlib? Bəs o biri dövlətlər?

Əksər dövlətlərdə, xüsusən elitası inkişaf etmiş ölkələrdə hər şey qaydasındadır. Bu dövlətlərdə əsrlər boyunca onu əzizləyiblər, onun qayğısına qalıblar. Həmin dövlətlərin yaşarılığının, tərəqqisinin rəhni də elə budur. Bu, həm də genetik əsası olan insanların zəkasından, onların əzmkarlığından və mənəvi-əxlaqi keyfiyyətlərindən yoğrulmuş çox möhkəm bir müdafiə qatıdır, zirehidir. Zaman-zaman kütlələrin içindən külçə halında çıxmış ayrı-ayrı çox istedadlı və qabiliyyətli adamlar bu zirehi daha artıq möhkəmləndirir, onu zənginləşdirir və bəzəyirlər.

Zadəganlar, əsilzadələr zəminində əmələ gəlmiş bu müdafiə qatı, bu zireh həmişə və hər yerdə hər bir dövlətin siması, düşünən beyni, bir sözlə, canıdır.

Elitanın fəaliyyəti dövlətin gündəlik həyatının bütün sahələrinə: elm, təhsil, incəsənət, hüquq-mühafizə orqanlarından tutmuş, ta ordu və hökumətin özünə kimi hər sahəyə nüfuz edir.

Müharibə zamanı isə elit ailələrdən çıxmış oğullar ilk sıralarda cəbhəyə gedir və döyüş meydanında ən təhlükəli sahələrə atılırlar.

Onlara dönə-dönə çağırış göndərib hərbi komissarlığa çağırmaq lazım deyil, onların atalarının heç ağıllarına da gəlmir ki, rüşvət verib onları ya xaricə qaçırtsın, ya da kəndə yollasın, nə var-nə var, Allah göstərməsin, onların oğlanları birdən ön cəbhəyə düşər.

Yox, belə rəzil fikirlər onların qəti ağıllarına da gəlmir, çünki bu onların ölkəsidir, bu onların ÖZ ölkəsidir və onlar belə hesab edirlər ki, özlərindən və oğullarından savayı bu ölkəni qoruyacaq, şöhrətləndirəcək kimsə yoxdur. Vətənin başqa övladları da onlardan nümunə götürür, özlərini onlara oxşatmağa, cəmiyyətin bu qabaqcıl təbəqəsinin səviyyəsinə yüksəlməyə çalışırlar.

Mən əsilzadələri ideallaşdırmaq fikrindən uzağam. Onların da arasında fərarilər, rüşvətxorlar, hər cür yaramazlar az deyil. Amma dəfələrlə biz bunun şahidi olmuşuq ki, elitaya mənsub kim isə şərəfsiz bir hərəkət edirsə, cəmiyyət bunu dərhal qeyri-adi bir hadisə kimi qarşılayır.

Elə bir hadisə kimi ki, əks-sədası adətən aləmə yayılır, uzun illər unudulmur. Qanun tərəfindən məhkum edilsə də, edilməsə də, cəmiyyət ondan üz döndərir, çünki mənsub olduğu üzüqaralığa boş şey kimi baxmırlar. Əlbəttə, belə hadisələr nadir hallarda baş verir və heç vaxt kütləvi xarakter daşımır.

Ola bilsin ki, indi deyəcəyim kiməsə "təskinlik" vermiş olsun, bəli, təkcə Azərbaycan yox, keçmiş Sovet İttifaqı ərazisindəki bütün ölkələr bu vəziyyətdədir; bəlkə də daha pis. Hamısı elitasız, zirehsiz qalmışlar, müdafiə qatını itirmişlər.

Misal üçün, MDB ölkələri içində ən böyüyü olan Rusiyada baş verənlərə nəzər salın. Görün bir nə vəziyyətə düşüb?! Buna tam çıxılmaz vəziyyət demək azdır, bu dəhşətli, sonu görünməyən bir yuxudur.

Nə qədər kədərli olsa da, amma görünür, MDB ölkələrinin, demək olar ki, hamısı gec-tez ağır sınaqlardan keçməli olacaqlar; bəziləri ölkələrinin parçalanmasının acısını dadacaq, digərləri daha beynəlxalq birliyin subyekti olmaya-caqlar.

Nisbətən bəxti gətirənlərsə nüvə tullantılarının miskin suveren qəbiristanlığına və dünya elminin nailiyyətlərinin və müxtəlif yem qatışığının təcrübədən keçirildiyi müstəqil bir əraziyə çevriləcəklər.

Buna görə də cəmiyyətin əsas və təxirəsalınmaz vəzifələrindən biri də öz elitasını bərpa etməkdir. Hələ nə qədər ki, uğur qazanmağa müəyyən ümid var, bu işi görmək lazımdır. Son dərəcə mühüm bir seçim qarşısındayıq – millətimizin və dövlətimizin qorunub saxlanması, hətta deyərdim ki, xilası bizdən, bizim hansı yolu seçəcəyimizdən asılıdır. Keyfiyyətli insan amili nəzərə alınmazsa, yaxşı düşünülmüş siyasi kampaniyalar və maliyyə tədbirləri və ya xoş niyyətli islahatlar, ən sərfəli beynəlxalq müqavilələr heç olub gedəcək. Bu gün də olmasa, sabah; sabah da olmasa, on ildən sonra – mütləq heç olub gedəcək!

Müqayisə üçün, təsəvvür edin ki, yaxşı bir həkimin ixtiyarına ən müasir cihazlarla təchiz olunmuş bir klinika verilib və ona baş beyinin islaholunmaz zədəsi nəticəsində koma vəziyyətinə düşmüş bir xəstənin sınıq qollarını və ayaqlarını bərpa etməyi tapşırıblar. Tutaq ki, o, sümüklərin bitişməsinə nail oldu; əgər insan düşünmək və öz bədənini idarə etmək qabiliyyətindən məhrumdursa, bunun nə əhəmiyyəti var! Elə çətinliklər var ki, dahilər belə, onların qarşısında acizdirlər.

Bu gün özlərini qurban verməyə qabil düşünən, vicdanlı, mərd adamları səfərbər etmək son dərəcə vacib, həyati bir məsələdir. Belə adamlar var. Onların çoxu məlumdur, biz onları tanıyırıq. Digərləri cəmiyyətdə bir o qədər də tanınmırlar, haradasa sakitcə, buna şübhə etməyə bilərsiz, vicdanla öz vəzifələrini yerinə yetirirlər. Biz onları sapı qırılıb ətrafa səpilmiş incilər kimi çox diqqətlə və ehtiyatla axtarıb tapmalıyıq. Yoxsa biz ölümə məhkumuq!

Özünüz bir mülahizə edin. Cəmiyyətimizdə Xeyir və Şərin əsas meyarları artıq itib gedib, vicdan kodeksi anlayışı – tək-tük adamlar bunun nə olduğunu hələ xatırlaya bilsələr də – lüğətdən silinib. Onu büsbütün cinayət kodeksi əvəz edib. Amma onun da yanında rüşvət cədvəli deyilən məxfi əlavəsi var ki, qrafalarının həcmi, miqdarı, bu kodeksin maddələrindən və menyünü tutanın iştahasından asılı olaraq, çox müxtəlifdir. Yaxşı ki, heç olmasa, bu var. Cinayət kodeksinə kazino və ya cıdır tək gəlir mənbəyi kimi baxsaq, hər halda, hesab etmək olar ki, o, müəyyən xeyir verir.

Bütün faciə bundadır ki, əgər insan həbsxanada deyil, azadlıqdadırsa və əgər "güclü pulu" varsa, onda ictimai rəy deyilən məsələdə də onun elə bir problemi olmur.

Bütün faciə bundadır ki, əgər insan həbsxanada deyil, azadlıqdadırsa və əgər "güclü pulu" varsa, onda ictimai rəy deyilən məsələdə də onun elə bir problemi olmur.

İstəyir lap yetimlərin fondunu yeyib dağıtmış olsun, ya hamının gözü qarşısında qorxaqlıq etsin, dostlarının ona etibar etdikləri pulu xərcləsin, azyaşlı uşaqları zorlasın, ya bir partiyadan o birinə, daha nüfuzlu partiyaya qaçsın, ya da müharibə əlillərindən rüşvət alsın, fərqi yoxdur, heç kim onu məzəmmət etməyəcək, hiddətini bildirməyəcək.

Əgər dediyim bu alçaq hərəkətlər "müəllifinə" maddi gəlir gətirirsə, vəzifə pilləsində günü-gündən yüksəldirsə, onu nəinki məzəmmət etmirlər, hələ üstəlik, qibtə də edirlər ona.

Hətta bəzən belələrini yeni nəslə nümunə göstərirlər, yəni bax, belə yaşamaq lazımdır. Buna bir norma kimi baxırlar.

Xeyriyyəçiliyin, vətənpərvərliyin, igidliyin bu mövzuda çox coşqun mühakimələrlə əvəz olunduğu bir ölkənin gələcəyi həyəcan doğurmaya bilməz.

Bugünümüzün gerçəkliyi belədir ki, vicdan, alicənablıq, soydaşları və dövlət naminə özünü qurban vermək qabiliyyəti kimi keyfiyyətlər insanın ictimai dəyərinin müəyyənləşdirilməsində əvvəlki mənasını itirib.

Hər şeydən çox bizim pula ehtiyacımız olduğunu düşünənlər səhv edirlər. Elədir, ehtiyacımız var, pul hamıya və həmişə lazımdır. Amma pula ehtiyacı olmaq, bir o qədər də əsas məsələ deyil. Bizdə ən çox çatışmayan şey varsa, o da saflıqdır.

Bizdə ağıllı, saf adamların, vətəndaşlıq mənafeyi baxımından düşünən insanların, cəmiyyətin qaynar qatı ilə alicənablıq prinsipi əsasında birləşməyə qabil insanların qıtlığıdır. Bax, bu mənada biz bu gün müflisləşmə həddindəyik.

Gəlin baxaq görək bu gün bizim nəyimiz var? "Biz" deyəndə mən Azərbaycanı nəzərdə tuturam. Ehtiyatda hansı siyasi resurslarımız var? Kimə biz bu gün arxayın ola bilərik?...

Azərbaycan o zaman öz qüvvəsi ilə azadlıq qazana bilməzdi, çünki elə bir gücü yox idi. Bu barədə yalnız xəyala dalmaq mümkün idi. Azadlıq və müstəqilliyi heç bir kənar amil olmadan özümüzün əldə etməyimiz barədə odlu-alovlu mühakimələr, olsa-olsa, bu mühakimələrin müəllifləri tərəfindən uydurulmuş təsərrüfat hesablı, çox mənfəətli bir dastandır.

09/21/1990. Boris Yeltsin, Mircea Snegur
09/21/1990. Boris Yeltsin, Mircea Snegur

Azadlığı və müstəqilliyi Azərbaycana veriblər, həm də deyərdim ki, az qala zorla sırıyıblar. Bunu Yeltsin və onun komandası edib.

Onlar istisnasız bütün ittifaq respublikalarına eyni zamanda, birdən veriblər bu azadlıqla müstəqilliyi. Özü də hadisələr o qədər sürətlə və qəfil baş vermişdi ki, yaxşı yadımızdadır, respublikaların əksəriyyəti çaşıb qalmışdı.

"Yeltsin və komandası" əsas məqsədlərini – Sovet İttifaqını dağıtmaq planlarını həyata keçirərək hamını birdən xoşbəxt etmişdilər. Çoxsaylı mintinq və görüşlərdən sonra axşamlar Şaxray və Starovoytova Bonnerin mənzilinə toplaşıb gerblərin və bayraqların layihələrini çəkir və hazır olduqca, yenicə yapılmış müstəqil dövlətlərin paytaxtlarındakı rezidentlərinə göndərirdilər.

Vaxtları və qabiliyyətləri az olduğundan, onların bu "əsərləri" çox sönük alınırdı, üstəlik də, biryumurtalı əkizlər kimi bir-birinə oxşayırdılar. Demək olar ki, heç kim də bu layihədən imtina etmirdi. Bax, belə! Vəssalam! Azadlıq və müstəqillik barədə bu qədər.

Ola bilsin ki, məqalənin bəzi məqamlarında mən bir qədər kəskin və qəti fikirlər söylədim. Bu, yaxşı deyil, amma bununla məsələnin mahiyyəti dəyişmir. Mən kiminsə xətrinə dəyməyi və ya kimisə tərifləməyi qarşıma məqsəd qoymamışdım. Vəziyyət həddindən artıq qorxuludur, məsələ bundadır!

Bəlkə də lap yaxın zamanlarda bizi yeni sınaqlar gözləyir. Biz Sovet İttifaqının tərkibindən çıxmışıq, amma bu günə kimi də keçmiş ittifaq respublikaları ilə gözəgörünməz bağlarla bağlıyıq. Əgər biz cəmiyyətdəki sağlam qüvvələri birləşdirə bilməsək, gözlənilən fəlakətlərin dağıdıcı dalğası bizi də məhv edə bilər. Göy gurultusu isə getdikcə daha aydın eşidilməkdədir!...

90-cı illərin əvvəllərinin acı təcrübəsi məgər bizə dərs olmayıbmı? Bir çox siyasi fəallarımızın bugünkü hərəkətlərinə, "siyasi mübarizəsinə" baxdıqca, adamı şübhələr çulğayır ki, yəni yenədəmi bunlar bizim ağıllı, istedadlı, amma həddən ziyadə sadəlövh xalqımızı parçalamağa, onun müvazinətini pozmağa nail ola biləcəklər?!

Bu gün müşahidə etdiyimiz daxili didişmələr və "siyasi mübarizələr" ədavətdən başqa bir şey deyildir. Bunlar ölkəmizin nüfuzuna vurulan ağır zərbələrdir və onu hörmətdən, gözdən salır. Sabah, birigün, düşmənlərimizə lazım olduğu vaxt onlar son dərəcə təhlükəli, hətta öldürücü ola bilər.

1989-cu ildə Moskvada çıxan "Drujba narodov" jurnalında mənim "Sabah gec olacaq" adlı bir məqaləm dərc olunmuşdu; sonra onu, bəzi respublika qəzetləri də verdilər və hətta ayrıca nəşr kimi də çap olundu. Həmin məqalədə mən yalvarırdım, xəbərdarlıq edirdim, aydın həqiqətlərdən danışırdım, konkret adları və olmuş hadisələri xatırladırdım.

Bakının və Moskvanın siyasi dairələrində o məqalədən heç də hamı məmnun qalmadı. Bu gün həmin adamlar siyasi meydandan həmişəlik yox olublar və unudulublar, harda olduqları da bəlli deyil.

Boğazlarını yırta-yırta xalqa məhəbbətlərini izhar edən, amma işdə hər şeyi hərraca qoyan və cəbhədə əsgərlərimizi arxadan vuranlar da yoxa çıxıblar. İndi onlar hardadırlar – biz bilmirik və bilmək də istəmirik! Onların adlarını belə unutmuşuq! Amma onların yox olması ilə eyni vaxtda biz Dağlıq Qarabağı və onun ətrafında olan rayonları itirdik. Bunu isə bizlərdən heç birimiz həyatımız boyu unutmayacağıq. Bəlkə də istərdik unudaq, amma ürəyimiz alışıb yanır!

Ona görə ki, elitamız yox idi. Xalq bilmirdi kimə inansın, kimdən nümunə götürsün, elə ona görə də gur səsli, fəal gədə-güdənin arxasınca getdi!

Ona görə ki, elitamız yox idi. Xalq bilmirdi kimə inansın, kimdən nümunə götürsün, elə ona görə də gur səsli, fəal gədə-güdənin arxasınca getdi!

Elə indi də, bu gün də bizim gözlərimiz önündə nə vaxtsa gördüklərimizə çox bənzəyən hadisələr baş verir. Yəni son dərəcə baha qiymətə qazandığımız o acı təcrübədən bir nəticə çıxara bilməmişik, bizə bəs eləməyib başımıza gələnlər?

Axı sabah söhbət, Allah göstərməsin, daha böyük itkilərdən gedə bilər; Dağlıq Qarabağdan böyük itkilərdən. Bu, son dərəcə real bir söhbətdir... Bəli, bu belə ola bilər, əgər biz bu gün əlimizi qoynumuza qoyub otursaq!..

Qarşıda bizi uzun və çətin bir yol gözləyir və biz bu yolla getməliyik. Mütləq getməliyik. Belə bir məsəl var, – bunu köhnə kişilər deyiblər: "Qalxa bilirsənsə, uzanmaq ayıbdır!"

1999

XS
SM
MD
LG