Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:07

Azərbaycansayağı korrupsiya izi: Evindən 3 şirkət çıxa, xəbərin olmaya...


Foto illüstrasiya
Foto illüstrasiya

-

Hər il minlərlə şirkət qurulur və ləğv edilir. Bu, heç də təəccüblü deyil. Di gəl, uğurlu bir şirkətin «durduğu yerdə» ləğvi dərhal sual doğurur və... Və belə sualların «isti izləri»nə düşəndə, korrupsiya şübhəsi oyadan faktlarla üzləşirsən. Dövlət qurumlarının da qatıldığı korrupsiya faktları ilə.

Bu baxımdan «Qalaktika-2008» MMC-nin ləğvi barədə məlumat araşdırılarkən aşkara çıxan hallar çox düşündürücüdür.

«ELƏ BİR ADAM TANIMIRAM»

Sumqayıtda 2-ci mikrorayondakı 29/69A nömrəli binanın 21-ci mənzilini soraqlaşmaq uzun çəkmədi. Pəncərədən boylanan elə mənzilin sahibi Mirzəxan Ağakişiyevmiş.

- Vüsal Orucov bu mənzildə yaşayır?

- Yox. O kimdir ki?

- Şirkəti var. Bu mənzilə qeydiyyatdadır...

- Bu evdə 1990-cı ildən yaşayırıq. Elə bir adam tanımıram. Şirkətin mənim evimə nə aidiyyəti ola bilər ki?

Doğrudan da, necə ola bilər? Axı qanunla daşınmaz əmlakdan şirkətin hüquqi ünvanı kimi istifadəyə onun sahibinin yazılı və notarial qaydada təsdiqlənmiş razılığı tələb olunur...

Hüquqşünasların fikrincə, şirkətin mənzildən hüquqi ünvan kimi birbaşa razılıqla deyil, başqa yolla istifadə imkanı da yarana bilər. Belə imkan o halda mümkündür ki, mülkiyyətçi başqa şəxsə bu barədə etibarnamə versin, ya da onun yox, əvvəlki mülkiyyətçinin belə bir razılığı olsun.

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri» haqqında qanunda pozuntulara görə məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin tələbincə də hüquqi şəxs statusu almaq istəyən qurum dövlət qeydiyyatına alınarkən, yanlış məlumata görə, fiziki şəxslərə 700 manat, hüquqi şəxslərə 4 min manat cərimə kəsilir.

GƏLƏK MİRZƏXAN KİŞİYƏ...

Mirzəxan kişinin başına gələni aydınlaşdırmaq lazım idi. Axı onun mənzili, heç bir razılıqsız, şirkət ünvanı kimi necə göstərilə bilərdi? AzadlıqRadiosu bunu aydınlaşdırmaq üçün Vergilər Nazirliyinə üz tutdu. Amma dövlət qeydiyyat orqanına sorğuyla müraciət də cavabsız qaldı...

Vüsal Orucovun təsisçisi və direktoru olduğu «Qalaktika-2008» şirkəti isə artıq ləğvetmə aşamasına gəlib-çıxıb. Ləğvetmə haqqında bildirişdə də başqa bir yer deyil, elə Mirzəxan Ağakişiyevin ev ünvanı yazılıb. Vergilər Nazirliyi və şirkət kreditorlarının indi bu şirkətlə necə əlaqə saxladığını da yalnız özləri bilirlər.

BİR DEYİL, İKİ DEYİL...

Təəccüb doğuran olayın araşdırılması daha ilginc məqamları ortaya çıxarıb. Məlum olub ki, bu mənzildə, ən azı, daha iki şirkət qeydiyyatdaymış. Onlardan biri – «Tərəqqi-Təchizat-4» MMC 2012-ci ilin iyulunda ləğv edildiyini açıqlayıb, digəri – «Tayfun» MMC isə bu fikrini təzəliklə dilə gətirib.

ELEKTRİK TƏSƏRRÜFATININ «TAYFUN»U

«Tayfun» MMC 2006-cı ildə qurulub və 2010-cu ilədək nə iş gördüyü bilinmir, çünki ovaxtadək adına heç yanda rast gəlinmir. Amma 2010-2012-ci illərdə «Bakıelektrikşəbəkə» ASC-nin ən sıx əməkdaşlıq etdiyi şirkətlərdən birinə çevrilib. Həmin dövrdə bu şirkət üzərindən paytaxtın elektrik təminatının təşkilinə 32 müqavilə ilə 1 milyon 367.7 min manatlıq mal ötürülmüşdü. İndi «Tayfun» MMC də ləğvedilmə mərhələsindədir.

ADINI BİLDİRMƏ, DADINI BİLDİR?

Kənan Kamal oğlu İsmayılov «Tərəqqi-Təchizat-4» MMC-ni 2008-ci ilin sentyabrında - Vüsal Orucovdan 2 gün sonra qurub. İnformasiya qaynaqlarında nə «Qalaktika-2008» MMC, nə «Tərəqqi-Təchizat-4» MMC, nə də biznes aləminə qədəm qoymuş bu şəxslər haqqında hər hansı məlumata rast gəlməzsiniz. Amma əsas tanınmaq deyil, «bəxtmiş»: Bu şirkətlər çox asanlıqla çoxsaylı dövlət satınalmalarına qatılaraq, prosesdən qalib çıxa biliblər.

Məsələn, satınalmalara dair dövlət reyestrinə daxil edilmiş məlumatlara görə, 2012-ci ildə «Qalaktika-2008» MMC «Bakıelektrikşəbəkə» ASC-nin (indiki «Azərişıq» ASC – red.) 23 satınalma prosedurunun qalibi olub. Tərəflər toplam qiyməti 612 min 895 manat olan müqavilə bağlayıblar. Bakının elektrik təchizatına cavabdeh olan qurum bu şirkət vasitəsilə kompüter avadanlığı, elektrik malları və kondisionerlər alıb.

K.İsmayılovun «Tərəqqi-Təchizat-4» şirkəti 2011-2012-ci illərdə, əsasən, Daxili İşlər Nazirliyi mətbəəsinin poliqrafiya məhsulları istehsalı üçün tələb olunan 380 min manata yaxın dəyərdə malların təchizatı ilə məşğul olub. Şirkət Bakı Metropoliteninin Yol Xidmətini tikinti materialları və avadanlığı (46 min manat), Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunu dəftərxana ləvazimatı və avtomobillər üçün ehtiyat hissələri (10.7 min manat) ilə təchiz edib.

HƏR 20 GÜNDƏN SONRA SATINALMA?

K.İsmayılovu DİN-in mətbəəsi ilə təkcə eyni ünvan deyil, həm də əməkdaşlıq telləri birləşdirir. Onun təsisçisi və direktoru olduğu başqa bir şirkət – «Sənaye-Tikinti-Biznes» MMC 2012-ci ildə həmin mətbəəyə 192 min 770 manatlıq mal satıb. Mətbəənin təqdim etdiyi satınalma protokollarına görə, elə həmin şirkət təmir, abadlıq və yaşıllaşdırma işlərinə görə ondan 38 min manatadək əlavə pul da alıb.

DİN-in mətbəəsinin mühasibatlığında AzadlıqRadiosuna deyiblər ki, burada nazirliyə gərəkli xüsusi jurnal və sənədlər çap olunur və təsərrüfat fəaliyyəti barədə hətta Dövlət Statistika Komitəsinə də hesabat verilmir. Şirkətlərin seçimi isə qanunla müəyyənləşdirilmiş qaydada - tender və başqa metodlarla aparılır. «Bəs nə üçün eyni tələbata uyğun xidmət ilboyu bir müqavilə ilə deyil, çoxsaylı satınalmalarla icra edilir» sualı isə belə cavablandırılıb: «Nə qədər sifarişin olacağını əvvəlcədən bilmək mümkün deyil. Buna görə də sifariş daxil olduqca, təchizatçı seçilir».

MÜƏMMALI LƏĞVETMƏ

Maraqlıdır ki, 2012-ci ildə DİN-in mətbəəsi hər 20 gündən bir satınalma keçirib və 1 milyon 134.4 min manatlıq mal və xidmətlərdən yararlanıb. Satınalma prosedurlarına qatılan iddiaçıların ixtisasca uyğunluğunun yoxlanmasına dair suala isə mətbəədə cavab verilməyib.

«Sənaye-Tikinti-Biznes» MMC-nin əsas biznes tərəfdaşı Bakı Metropolitenidir. Qurum 2012-2013-cü illərdə 542.1 min manatlıq bezdən tutmuş kompüterədək müxtəlif mallar alıb. 2011-ci ildə qurulan «Sənaye-Tikinti-Biznes» MMC düz 25 dəfə onun satınalma əməliyyatlarından qalib çıxıb, amma... Daha sonra şirkət müəmmalı şəkildə ləğv edilib.

«Bakı Metropoliteni» QSC-nin rəhbərliyi AzadlıqRadiosunun seçim prosedurlarında qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı dövlət audit (Hesablama Palatası) və nəzarət (Satınalmalar üzrə Dövlət Agentliyi) qurumları tərəfindən yoxlama aparılması və hansı iradların bildirilməsi barədə sualları cavabsız qoyub (Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib və hazırda onun funksiyasını İqtisadiyyat Nazirliyinin uyğun struktur bölməsi icra edir – red.).

ÜNVAN EYNİ, HƏDƏF BİR

Maraqlıdır ki, «Sənaye-Tikinti-Biznes» MMC-nin ünvanı olmuş mənzil (Bakı şəhəri, Qaradağ rayonu, Füzuli küçəsi, ev 8, mənzil 3) başqa bu kimi dövlət təşkilatlarının sifarişlərini icra edən daha bir şirkətə («Estafet-2011» MMC-yə) «qucağını açıbmış».

Cavanşir Tapdıq oğlu Ələkbərovun 2011-ci ildə təsis etdiyi «Estafet-2011» şirkəti elə həmin ildəcə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dəmiryolu şpalına olan tələbatını (46 min 90 manat) ödəyib.

C.Ələkbərov 2012-ci ildə «Texnogen» MMC-ni qurub və qısa bir zamanda 27.7 min manatlıq malların alınması üzrə Bakı limanının təşkil etdiyi satınalmaların qalibi olub. Həm «Estafet-2011», həm də «Texnogen» MMC çoxdan ləğv edilib.

ƏN AZI 3-Ü

Ədliyyə Nazirliyi 2003-cü ilin iyulunda «Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair təlimat»ı təsdiqləyib. Həmin təlimata görə, tender komissiyası bu işləri görür:

- kotirovka sorğusunun şərtlərini təsdiqləyir;

- əməli baxımdan məqsədəuyğun sayda - 3-dən az olmamaq şərti ilə, potensial imkanı olan malgöndərənlərin (podratçıların) siyahısını tərtib edir;

- kotirovka sorğusunun şərtlərini podratçılara göndərir.

Bu səbəbdən maraqlıdır ki, yuxarıda adları çəkilən dövlət qurumlarının rəhbərləri təzə qurulan və hətta ünvanı şübhə doğuran şirkətlərlə necə təmas yarada bilib?

14 İL MƏSULİYYƏTDƏN KƏNARDA QALANLAR

O da maraqlıdır ki, 2002-ci ilin yanvarından qüvvədə olan «Dövlət satınalmaları haqqında» Qanunun pozulmasına görə məsuliyyət növü indiyədək müəyyənləşdirilməyib. İstər keçmiş Satınalmalar üzrə Dövlət Agentliyi, istərsə Hesablama Palatası buna göz yumub. Yalnız indi - üstündən 14 il ötəndən sonra Hesablama Palatası İnzibati Xətalar Məcəlləsinə bununla bağlı təkliflərini dilə gətirib. Təkliflərdə «şübhəli və etibar doğurmayan» malgöndərən təşkilatlara dəvətlərin göndərilməsinə görə, vəzifəli şəxslərə maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur. Sənədin parlamentin müzakirəsinə nə vaxt təqdim olunacağı isə hələ məlum deyil.

ÇAX-ÇUX BAŞ AĞRIDIR, AMMA DƏYİRMAN...

Hüquqşünas Samir İsayev AzadlıqRadiosuna deyib ki, minimal məbləğli nizamnamə kapitalı olan və bir necə yüz min və ya milyon manatlıq dövlət layihələri həyata keçirən MMC-lərin mülki məsuliyyəti artırılmalıdır. Bununla bağlı dövlət nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var:

«Təklif edirəm ki, qanunvericiliyə MMC-lərə nizamnamə kapitalından artıq həcmdə müqavilələr, o cümlədən, ən azı, bir il maliyyə təminatı olmayan əmək müqavilələri bağlamağı yasaqlayan dəyişikliklər daxil edilsin. MMC-lərin borc təminatı onların nizamnamə kapitalı olmalıdır».

Amma hələlik, belə sözlər söz olaraq qalır. Başqa deyimlə, çax-çux baş ağrıdır, dəyirmansa bildiyini edir...

XS
SM
MD
LG