Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:45

Azərbaycanlılar nədən müalicə üçün xaricə gedirlər?


İlham Əliyev İƏT sammitində.
İlham Əliyev İƏT sammitində.

-

Azərbaycanın islam dünyasında yeri, jurnalistikanın durumu, biznesə maneələr və tibbi xidmətin səviyyəsi medianın aparıcı mövzusudur...

İSLAM PLATFORMASINDA AZƏRBAYCAN NÜMUNƏSİ

«Azərbaycan» qəzeti İstanbulda başa çatan İslam Əməkdaşlıq Təşkilatının XIII sammitinə geniş yer ayırıb. «İslam platformasında Azərbaycan nümunəsi» adlı məqalədə prezidentin çıxışı əsasında ölkənin məqsəd və maraqları açıqlanır. Məqalədə prezidentin «Azərbaycan islam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir» fikri xüsusi vurğulanır: «Prezident bu bəyanatı ilə xarici siyasətimizin uzun müddətdir müəyyənləşən əsas istiqamətini təşkilat üzvlərinin nəzərinə çatdırdı. Əslində, bu ölkələrin liderlərini də səmərəli əməkdaşlıq, etibarlı tərəfdaşlıq barədə bir daha düşünməyə və yeni qərarlar qəbul etməyə çağırdı».

Məqalədə islam aləmində Azərbaycanın yeri çox yüksək dəyərləndirilir: «Bəli, tarix təkrarlanır. XX əsrdə müsəlman Şərqində dövlət quruculuğu, mədəniyyət, sənaye və digər sahələrdə çox ilklərə sahiblik edən Azərbaycan bu gün sabit demokratikləşmə, səmərəli islahatlar, milli inkişaf modeli yaratmaq kimi nailiyyətlərlə öncül mövqedədir. Azərbaycanın bu yeni nümunəsi İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitində daha aydın, daha perspektivli görünürdü...».

Arif Əliyev
Arif Əliyev

MEDİANI ŞİKƏST EDİBLƏR

«Azərbaycan mediasını şikəst ediblər». Bunu «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev «Azadlıq» qəzetinə müsahibəsində deyib.

A.Əliyev qeyd edib ki, indi Azərbaycanda kimin harası «ağrıyırsa», buna görə medianı ittiham edir: «Ümumiyyətlə, deputatların adətidir, nə baş verirsə, medianın üzərinə atırlar. Bu ona bənzəyir ki, kimisə vurub şikəst edirsən, sonra da gülürsən ki, sən niyə belə yeriyirsən?».

A.Əliyev medianı şikəst edənləri də gizli saxlamır: «Medianı kim şikəst etdi? Medianı qəbul etdikləri qəribə qanunlarla həmin deputatlar, məmurlar şikəst etdilər. Medianın aparıcısı televiziyadır. Diqqət edin ki, televiziyalar kimin əlindədir».

A.Əliyev deyir ki, artıq Azərbaycanda müstəqil media mövcud deyil: «Ölkədə müstəqil media olsaydı, tam fərqli mənzərə yaranardı. Dövlət normal qanunlarla medianın müstəqil fəaliyyəti üçün hər cür şərait yaratsaydı, o zaman medianın ünvanına tənqidlər səsləndirmək olardı».

A.Əliyev son günlər cəbhədə yaranan gərginliklərlə bağlı da medianın vəzifələrinə toxunur: «Əgər məmurlar, deputatlar şəhidin yas mərasimlərinə getmirlərsə, media bunu belə də yazmalıdır. Cəbhədə ölənlərin sayı ilə bağlı qəribə situasiya yaradılırsa, o zaman media bunu işıqlandırmalıdır. Əksinə, ən böyük təhlükə belə məlumatların mediada yer almaması olardı».

Korrupsiya
Korrupsiya

RÜŞVƏTƏ YOL AÇAN QANUNLAR...

«Novoye Vremya» qəzetində «Bakı yeni böhrana hazırdırmı?» sərlövhəli yazıda isə ölkə qanunvericiliyindən bəhs edilir. Müəllifin gəldiyi nəticəyə görə, son vaxtlar iqtisadi sahədə qəbul olunan bir sıra qanunlar sahibkarlığın inkişafından çox, məmur maraqlarına xidmət edir: «Məmurlar qanunvericilik aktlarını elə hazırlamağa öyrəniblər ki, ya pozmağa məcbursan, ya da yerinə yetirərkən gec və ya tez anlayırsan ki, bunu etmək olmaz. İqtisadi sistem özü elə qurulub ki, rüşvət vermək təmiz işləməkdən daha sərfəli olur. Vergi, gömrük sistemi, iqtisadi siyasət elə qurulub ki, sahibkar rüşvət verməyə məcbur olsun».

Məqalədə daha sonra qeyd edilir ki, inhisar və məmur özbaşınalığı biznesin inkişafına əsas maneədir: «Aydındır ki, total korrupsiyanı ləğv etmək üçün köklü iqtisadi, siyasi, məhkəmə islahatı lazımdır. Amma köhnə düşüncə ilə bu islahatları aparmaq mümkün deyil».

Tehranda hospital
Tehranda hospital

QİYMƏT BAHA, KEYFİYYƏT AŞAĞI...

«Bizim Yol» qəzetində dərc edilən «Klinikalarda qiyməti 55 min manat olan əməliyyat var...» adlı məqalədə ölkə səhiyyəsindəki durum tənqid olunur.

Məqalədə ekspert fikirlərinə də yer verilir. «Ölkə səhiyyə sistemində qiymətlərin baha, keyfiyyətin aşağı olması üzündən müalicə üçün son vaxtlar xarici ölkələrə üz tutan vətəndaşların sayı artır»,-deyə Natiq Cəfərli qəzetə bildirib.
Onun fikrincə, insanların keyfiyyətli tibbi xidmətdən kənarda qalmasının səbəblərindən biri də ölkədə vətəndaşa verilən əməkhaqqı və təqaüdlərin aşağı həddə olmasıdır: «Təbii ki, Azərbaycanda orta aylıq əməkhaqqı, orta aylıq təqaüdün həcmi ilə müqayisədə qiymətlər çox yüksəkdir».

N.Cəfərli qeyd edir ki, bu qiymətlərin yüksək olmasını kompensasiya edəcək addımlardan biri tibbi sığortanın tətbiqi ola bilərdi: «Ancaq çox təəssüf ki, səhv etmirəmsə, 17 ildir ki, bununla bağlı qərar olsa da, həyata keçirilmə mexanizmi hazırlanmayıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG