Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:39

-

Rusiya Yerevanda rejim dəyişikliyinə qarşıdır; Qarabağ münaqişəsində son toqquşmalar Avrasiya İqtisadi Birliyində ciddi problemləri üzə çıxardı – 15 aprel Qərb mediasının icmalı.

Fevralda Rusiya Ermənistana «MiG-29» döyüş təyyarələri, digər silahlar göndərib. Moskva Yerevana 200 milyon dollarlıq silah krediti boyun olub. Ermənistan Rusiyanın müttəfiqi və Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ancaq Rusiya son aylar Ermənistanla daha çox məşğul olur.

«The Washington Post» qəzetində Samuel Ramani bunun səbəblərini araşdırıb. Müəllifin fikrincə, Moskvanın 3 məqsədi var:

1) Ermənistanla ittifaq Türkiyə hökumətini qorxutmağı, onun ətrafındakı halqanı daraltmağı hədəfləyən daha böyük strategiyanın bir hissəsidir. Rusiya daha bir təyyarəsinin Ankara tərəfindən vurulmasını önləməyə çalışır. Putin Türkiyə sərhədi boyunca əsgərlərini yerləşdirir. Daha bir səbəb Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini mütəmadi qızışdırmaqdır. Rusiyanın hərbi dəstəyi Yerevanı buna cəsarətləndirmiş olur. Digər tərəfdən, Azərbaycan Türkiyənin müttəfiqidir. Ermənistana hərbi dəstəyi artırmaqla Rusiya Türkiyənin Qafqaz strategiyasını zəiflədir, özünün regional dövlət mövqeyini gücləndirir.

2) Digər səbəb Rusiyanın Suriyada Assad rejimini dəstəkləməsidir. Rusiya, Ermənistan və BƏƏS Suriyası Türkiyəyə qarşı ittifaqdadır. Türkiyə 2011-ci ildən Assad-a qarşı çıxan üsyançıların tərəfini saxlayır. Suriyada 120 min erməni yaşayır və Yerevan bu ölkəylə sıx diplomatik münasibətlər qurub. Assad ötən ilin noyabrında «France-Presse» agentliyinə müsahibəsində «erməni soyqırımı»nı tanıdığını söyləyib.

3) Rusiya Yerevanda rejim dəyişikliyinə qarşıdır. Rusiyanın regiondakı digər iki müttəfiqi – Belarus və Qazaxıstan Qərblə ticarəti artırır. Ancaq Ermənistanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Ermənistan 2013-cü ildə Avropa Birliyinin assosiasiya təklifindən imtina etdi və Avrasiya Birliyinə getdi. Ancaq bu qərar prezident Sargsyan-ın siyasi mövcudluğunu Rusiyadan daha da asılı etdi. Moskvanın hərbi yardımı artırması Sargsyan-ın kütləvi etirazları yatırmaq qabiliyyətini gücləndirmiş olur.

Müəllif yazır ki, Ermənistanda rejim dəyişikliyi Rusiyanın Cənubi Qafqazda təkbaşına qalmasıyla sonuclanar və rusların ölkənin böyük dövlət statusu barədə təsəvvürünə kölgə salar. «Rusiya-Ermənistan tərəfdaşlığının güclənməsi Qafqazda, Yaxın Şərqdə və postsovet məkanında sabitlik və təhlükəsizliyə dərin təsir gücünə malikdir. Bu geosiyasi məsələ nisbətən az araşdırılıb. Suriyada münaqişə həll olunmayıb, Rusiyanın Türkiyə ilə əlaqələri gərgin dönəm yaşayır. Belə bir dönəmdə Ermənistan rejimi Rusiyanın iqtisadi və hərbi yardımından görünməmiş dərəcədə faydalanmaqdadır».

Vladimir Putin Ermənistandakı Gümrü hərbi bazasında.

Vladimir Putin Ermənistandakı Gümrü hərbi bazasında.

ERMƏNİSTANIN AVRASİYA DİLEMMASI

«Bu gün Ermənistanda ictimaiyyət, ekspertlər və müxtəlif siyasi qüvvələr ölkənin bəzi qurumlara üzvlüyünün səmərəsini müzakirə edirlər. Bu qurumlar indiki proseslərə obyektiv qiymət vermək gücündə deyillər». Bunu «The National Interest» dərgisində Areg Galstyan yazır.

Yerevan rəsmən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Avrasiya Gömrük İttifaqının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Azərbaycan bunların heç birinə qoşulmayıb. Üstəlik, Rusiyanın Ermənistanda hərbi bazası var. «Ancaq Dağlıq Qarabağ münaqişəsində durumun pisləşməsi Rusiyanın postsovet məkanındakı inteqrasiya layihələrində ciddi sistematik problemlərin olduğunu üzə çıxardı», - yazan müəllif əsas problemi Avrasiya Birliyi ilə KTMT arasında mövqe uzlaşmasının olmamasında görür. Məsələn, KTMT üzvü olan Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Qazaxıstan da belə davranır.

Müəllif Ermənistanın Avrasiya İqtisadi Birliyinə təhlükəsizlik səbəbindən qoşulduğunu qeyd edir. Ölkənin üzləşdiyi bir sıra problemlər onu Moskvadan asılı duruma salıb. Ancaq son hadisələr bu üzvlüyün əks təsirini ortaya çıxardı. Avrasiya Birliyinə qoşulmayan Azərbaycan Qazaxıstan, Belarus və Qırğızıstan üzərində siyasi təsirə malikdir, onlar da öz növbələrində Rusiyaya təzyiq göstərir. Digər tərəfdən, Rusiyanın Bakıya da silah satması Yerevanda birmənalı qarşılanmır. Rusiyalı siyasətçilər və ekspertlər hər iki tərəfə ağır silahların satılmasını onlar arasında güc balansının saxlanması istəyi ilə izah edirlər.

«Beləliklə, Qarabağ münaqişəsində son baş verənlər Avrasiya İqtisadi Birliyi daxilində ciddi problemləri üzə çıxardı. Hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir. Çətin ki, rəsmi Yerevan Avrasiya Birliyindən çıxmaq qərarını versin. Çünki alternativi yoxdur. Ermənistan hakimiyyətinin bu qurumda Rusiyanın və digər üzvlərin mövqeyinə təsir göstərə biləcəyi də real görünmür. Ancaq bir şeyi əminliklə demək olar ki, xarici prioritetlərdə müəyyən korreksiya baş verəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG