Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:55

-

Merkel Erdoğan məsələsində azad sözün yanında duracaqmı? İranda iqtisadi islahatlar qayaya rastlayıb; İŞİD-i məğlub etməyə 50 min əsgər lazımdır – 14 aprel Qərb mediasının icmalı.

«Türkiyə prezidenti Recep Tayyip Erdoğan ölkəsində rejim tənqidçilərini əzib, qəzetləri ələ keçirib, jurnalistləri həbsə atdırıb, 1800-dən artıq insana qarşı böhtan ittihamıyla cinayət işi açılıb. İndi isə bu repressiyanı Almaniyaya ixrac etməyə çalışır. Televiziyada ona rişxənd etmiş komediyaçını məhkəmə verir. Əslində, bu sərsəm hərəkətə ancaq şaqqanaq çəkib gülmək gərəkir. Ancaq narahatlıq doğuran odur ki, Almaniya kansleri Angela Merkel buna ciddi yanaşması görüntüsü yaradır».

Bunu «The Washington Post» qəzeti redaksiya məqaləsində yazır. Martın 31-də Almaniyanın ZDF kanalında məşhur komediyaçı Jan Böhmermann Erdoğan-la bağlı bir şeir oxuyub. Unudub ki, Erdogan daha öncə də alman mediasında bundan da yumşaq fikirlərə qarşı ölçü götürməyi tələb edirdi.

«Merkel azad sözün müdafiəçisidir. Ancaq iki əngəli var. Birincisi, xarici dövlət başçılarının özlərinin Almaniyadakı tənqidçilərinə qarşı iddia irəli sürməsinə imkan yaradan qanundur. Bu qanunun Qərb demokratiyasında yeri yoxdur və ləğv olunmalıdır».

«İkinci problem ondadır ki, Merkel Erdoğan-la təzəlikcə bir saziş imzalayıb. Avropaya gələn suriyalı qaçqınlar Türkiyəyə qaytarılır və əvəzində Avropa Birliyi bu ölkəyə 6 milyard dollarlıq yardım göstərir, siyasi güzəştlər edir. Elə Erdoğan-ın alman mediasında tənqidə tuş gəlməsinin bir səbəbi də odur ki, miqrant sövdələşməsinin əsirinə çevrilmiş kansler və AB-nin digər liderləri Türkiyə prezidentinin avtokratik yanaşmanı artırmasına göz yumublar», - qəzet yazır.

Ötən həftə Merkel komediyaçının şeirini «bilərəkdən təhqiredici» adlandırıb. Amma bu, deyəsən, Erdoğan-ı razı salmayıb. Ondan sonra Merkel-in sözçüsü deyib ki, hökumət Türkiyə liderinin cinayət təqibi xahişini «diqqətlə» nəzərdən keçirir».

«Görünür, xanım Merkel inanır ki, özünü belə aparmaqla qaçqın sazişinə təhlükə yaradacaq diplomatik böhranı önləyəcək. Ancaq o yanılır: Böhmermann cəzalandırılmayınca, Erdoğan əl çəkən deyil ki, bu da Almaniyada söz azadlığını zərbə altında qoyur».

İranda neft yatağı.

İranda neft yatağı.

İRANDA İQTİSADİ İSLAHATLAR QAYAYA RASTLAYIB

«İrana sanksiyalar qaldırıldı. İndi ölkənin siyasi fraksiyaları iqtisadiyyatın istiqaməti, növbəti beş ildə xarici sərmayəyə açıqlıq dərəcəsi məsələsində savaşırlar. İranın sərt xətt tərəfdarı olan mühafizəkarları mötədil prezident Hassan Rouhani-nin iqtisadi islahatlarına müqavimət göstərəcək, onu gözdən salmağa çalışacaqlar. Axı açıq iqtisadiyyat yaranarsa, ən çox onlar itirəcəklər».

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, əsas döyüş yeri xeyli vacib sayılan neft-qaz sektoru olacaq. Çünki Rouhani-nin islahatlarının mərkəzində enerji istehsalını gücləndirmək məqsədilə sərmayə cəlbi dayanır.

«İranın daha zəif, seçkili institutları olan prezident və parlament seçilməmiş qurumların müqavimətini üstələməkdə çətinlik çəkəcək. Mühafizəkarlar və Ali Dini lider Rouhani-nin səylərinə pəl vuracaq», - təhlildə vurğulanır.

Ötən il İran Qərblə nüvə sazişi imzaladı və bu ilin yanvarında sanksiyalar qaldırıldı. Fevralda keçirilən parlament seçkilərində xeyli sayda mötədil siyasətçi qələbə çaldı. Bundan sonra prezident Rouhani ümid edirdi ki, ambisiyalı iqtisadi hədəflərini irəlilədəcək. Bu hədəflər daha çox dünya, Qərblə əməkdaşlığı əhatələyir.

«Lakin iqtisadiyyatda kəskin dönüş sanksiyalar dönəmində iqtisadi güc qazanmış kəsimə zərbə vurmuş olar. Məsələn, İran İnqilab Keşikçiləri Qvardiyasına. Konsensus əldə etmək naminə Ali Dini lider Ayətulla Ali Khamenei siyasi ziddiyyətlər arasında körpü yaratmağa çalışacaq. Ali Dini lider eyni zamanda Rouhani-yə xatırladır ki, mühafizəkarları siyasi qərarlardan kənarda saxlamaq olmaz. Khamenei demək istəyir ki, o və sərt-xətt tərəfdarları öz iqtisadi maraqlarını qorumaqdan ötrü bütün güclərini səfərbər edəcəklər».

«Stratfor» yazır ki, Rouhani onsuz da Khamenei-nin dəstəyi olmadan iqtisadi islahat təşəbbüsü göstərməyəcək. Ancaq dini lider bir şeyi dəqiq bilir: qəfil siyasi və iqtisadi dəyişiklik uzun illər boyunca İrana hakim kəsilmiş siyasətə alternativi ortaya çıxarar və hökumətə təhlükə yaradar. «İran iqtisadiyyatında daha öncəki liberallaşdırma cəhdlərində olduğu kimi, bu dəfə də opponentlər Rouhani-nin yoluna daş qoyacaqlar».

Ray Odierno

Ray Odierno

İŞİD-İ MƏĞLUB ETMƏYƏ 50 MİN ƏSGƏR LAZIMDIR

«İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasını məhv etməkdən ötrü 50 min hərbçi lazımdır. Həm də onların hamısının amerikalı olması vacib deyil. Bunu ABŞ ordusundan bu yaxınlarda təqaüdə çıxmış general Ray Odierno deyir. O, çərşənbə günü Vaşinqtonda bir forumda danışıb.

«Foreign Policy» dərgisinin yazdığına görə, Odierno ekstremistlərin məhvindən ötrü quru qüvvələrin gərəkdiyini vurğulayıb. Ancaq general birinci dəfədir 50 min əsgər barədə fikir səsləndirir.

Odierno 2008-2010-cu illərdə İraqdakı ABŞ qüvvələrinə komandanlıq edib. Həmin müddətdə ABŞ hərbçilərinin sayı 100 mindən 50 minə düşüb. Ötən il Ağ Ev İraqda İŞİD-lə savaşan qüvvələrə təlim məqsədilə 450 hərbi müşavir göndərib. Hazırda İraqda 5 min Amerika hərbçisi var.

«Foreign Policy» yazır ki, 50 min söhbətinin haradan yarandığı bəlli deyil. Daha öncə BƏƏ, Səudiyyə Ərəbistanı İrada əsgər göndərə biləcəyini deyib, say açıqlamayıblar.

ABŞ kəşfiyyatı İraq və Suriyada 19-25 min İŞİD yaraqlısının qaldığını bildirir. Ötən il bu rəqəm 20-31 min idi. Pentaqon inanır ki, 2014-cü ildə ABŞ hava zərbələri başlayandan 25 min İŞİD-çi öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG