Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:32

-

"Amerikada tarix müəllimi Ron Jones orta məktəb şagirdləri üzərində keçirdiyi psixoloji eksperimentlə bu suala aydınlıq gətirməyə çalışıb."

Orxan Adıgözəl

XALQI QINAYAN SADİSTLƏR

Deyirlər, guya xalqımız başına gətirilən bütün bu pis oyunlara, zülmə layiqdir. “Hər bir xalq layiq olduğu şəkildə idarə olunar”, “Hər bir xalq öz hökmdarına layiqdir”, Hegelin bu cümləsini də sitat gətirirlər.

Necə yəni mən belə idarə olunmağa layiqəm? Axı mən, siz, biz neyləmişik? Hansı günahların sahibiyik?!

Əgər məktəbə gedən azyaşlı övladlarımız beli qırılmış təhsilin qurbanına çevirilirsə, deməli, o uşaq belə savadsız böyüməyə layiqdir? Hər hansı birimiz xəstələndiyi zaman səhiyyə ocaqlarında naşı bir həkimin hesabına, şəfa tapmaq əvəzinə daha da beş-betər dərd tapırıqsa, o zaman biz buna layiqik?!

Bu nə məntiqdir?! Əgər siz ağrıdan zövq alan sadistlərsinizsə, bu başqa məsələ. Bioloji cəhətdən yanaşsaq, sadistlik insanın uşaq vaxtı aldığı psixoloji travma ilə bağlıdır. Hə, yoxsa bu Cumhuriyyətimiz dağılandan sonra və hətta 1937-ci ilin ağır günlərinin travmasının təzahürüdür?! İndi də bu cür ağrıları bir növ bədən tələb edir.

A.Hitler. 1933

A.Hitler. 1933

Bəs niyə bu gün alman xalqı keçmiş ağrılarını yaşamaq istəmir? Alman xalqının dürüstlüyü, dəqiqliyi, işini vicdanla yerinə yetirməsi çox vaxt bizə nümunə kimi göstərilir. Halbuki belə nümunəvi xalq çox yox, 70-75 il öncə qaniçən, zalım bir diktator olmuş Adolf Hitlerin qeyri-insani davranışlarına boyun əymişdi.

Milyonlarla insanı bu xalqın gözü önündə diri-diri yandıranda, güllələyəndə onlar bu cür şeylərə necə alət olub, həmin rejimə pərəstiş edirdilər?!

Amerikada tarix müəllimi Ron Jones orta məktəb şagirdləri üzərində keçirdiyi psixoloji eksperimentlə bu suala aydınlıq gətirməyə çalışıb. O, bu eksperimentə “Üçüncü dalğa” adını verib.

1967-ci il aprelin əvvəllərində o, alman xalqının repressiv milli sosializm altında davranışlarını anlamaq üçün ABŞ məktəblərindən birinin bir sinfində bir həftəlik təcrübə aparıb. Məktəblilər üçün sərt qaydalar tətbiq edib, gənclər qruplaşması yaratmaqla o, ehtimal etdiyinin tam əksinə, nə tələbələrin, nə də böyüklərin müqaviməti ilə rastlaşıb.

Beşinci gün Jones tələbələrə onların asanlıqla manipulyasiyalara boyun əymələrini və bu sakit davranışları ilə Üçüncü Reyx vətəndaşlarından heç bir şeylə fərqlənmədiklərini izah edərək təcrübəni dayandırıb.

Eksperiment. Ron Jones Kaliforniyada, Palo-Altoda “Ellvud Kabberl” adlı orta məktəbdə tarix fənnini tədris edirdi. İkinci Dünya Müharibəsinin tədrisi zamanı şagirdlərdən biri ondan Almaniyanın sıravi sakinlərinin ölkələrindəki toplama düşərgələrini və insanların kütləvi şəkildə qətlə yetirlmələrini necə göz ardına vura bildiklərini soruşmuşdu.

Sinfin məktəb proqramını qabaqlamasını nəzərə alaraq, Jones bu suala həsr olunmuş bir həftəlik eksperiment keçirməyə qərar verir.

Bazar ertəsi o, şagirdlərinə nizam-intizamın gücünü izah edir. Jones intizamlı olmaq üçün şagirdlərə “səssiz” oturmağı əmr edir. Daha sonra o, şagirdlərə bir neçə dəfə ayağa qalxıb yeni vəziyyət almağı, səssizcə auditoriyanı tərk edib sonra qayıdıb yerlərini tutmağı əmr edir.

"Oyun” uşaqların xoşuna gəlir və onlar tapşırıqları həvəslə yerinə yetirməyə davam edirlər.

Çərşənbə axşamı Jones “səssiz” oturmuş sinfə icmanın gücünü izah edir. O, sinfə xorla “Güc nizam-intizamdadır, güc icmadadır” deməyi əmr edir. Şagirdlər qruplarının gücünü görərək ruh yüksəkliyi ilə ona itaət edirlər.

Dərsin sonunda Jones şagirdlərə Üçüncü dalğanın “salam” jestini (çiynə doğru yönəlmiş sağ əl) göstərir və onlara bu cür salamlaşmağı tapşırır. Növbəti günlərdə şagirdlər bu yolla salamlaşırlar.

Çərşənbə günü təcrübə altında olan sinfə daha 13 nəfər könüllü qoşulur və Jones üzvlük biletlərinin verilməsinə qərar verir. O, hərəkatın gücündən danışır. Onun sözlərinə görə, ayrı-ayrı fərdlərin rəqabəti məyusluğa, qrup işi isə təhsildə böyük nailiyyətlərin əldə edilməsinə yol açır.

Jones şagirdlərə qonşu sinfin şagirdlərini “səssizlik” prinsipinə inandırmağı və onlardan bir nəfər etibarlı tələbəni öz sınaqlarına cəlb etməyi tapşırır. Üç şagird qayda pozuntularını və “Üçüncü dalğanın” tənqidçiləri haqda Jones-a xəbər vermək tapşırığı alır, lakin təcrübədə təxminən 20 nəfər könüllü “xəbərçiliklə” məşğul olur. Öz bədən quruluşuna görə fərqlənən şagirdlərdən biri Robert, Jones-a onun cangüdəni olacağını bildirir və bütün gün məktəbdə onun ardınca dolaşır.

Eksperiment. Filmdən görüntü

Eksperiment. Filmdən görüntü

Yeni şəraitdə qabiliyyətlərinə ehtiyac duyulmayan ən yaxşı üç şagird valideynlərinə təcrübə haqda danışır.

Nəticədə yerli ravvinlərdən (yəhudi ruhanisi) biri Jones-a zəng vurur. Jones-un alman şəxsiyyətini müəyyənləşdirmək üçün sinifdə təcrübə apardığını eşidən ravvin kifayət qədər məmnun qalır və vəziyyəti şagirdlərin valideynlərinə izah edəcəyinə söz verir. Jones hətta böyüklərin bu işə müqavimət göstərməməsindən dərin məyusluq keçirir.

Cümə axşamı eksperimenti bitirməyə tələsən Jones şagirdlərə qürurun gücünü izah edir. Sinifdə toplanmış 80 nəfərə onların xalqın rifahının yüksəldilməsinə yönələn milli gənclər proqramının üzvü olduqlarını deyir. Sonra isə o, ölkənin digər regionlarında Üçüncü Dalğanın yüzlərlə şöbəsinin olduğunu, cümə günü günorta isə prezident postuna namizədliyini irəli sürmüş hərəkat liderinin onların yaranması haqqında mətbuata məlumat verəcəyini bildirir.

Şagirdlər asanlıqla öz fikirlərindən imtina edərək manipulyasiyalara boyun əymişdilər.

Cümə günü günorta heç təhsil məsələləri ilə maraqlanmayan qruplaşmalar da daxil olmaqla, 200 nəfər şagird kabinetə toplanmışdı. Jones-un dostları otaqda o yan-bu yana gedərək özlərini fotoqraf və mətbuat işçisi kimi göstərirdilər.

Jones heç bir hərəkatın olmadığı etiraf edir. Şagirdlər asanlıqla öz fikirlərindən imtina edərək manipulyasiyalara boyun əymişdilər.

Onların bu davranışı çətin vaxtlar keçirən alman xalqının davranışlarından heç bir şeylə fərqlənmirdi. Şagirdlər məyus olmuş halda dağılışır, bəziləri isə göz yaşlarını saxlaya bilmirdi.

Nəticə: Təcrübə üzvlərinin davranışlarına görə keçirdiyi xəcalətlə bağlı uzun müddət gizli qalıb. 1970-ci ilin sonlarında Jones öz pedoqoji kitabında bu eksperimenti işıqlandırıb.

1981-ci ildə bu təcrübə əsasında “Dalğa” romanı və filmi işıq üzü gördü. 2008-ci ildə “Eksperiment 2-Dalğa” adlı alman filmi lentə alındı. (davamı aşağıda)

Baxın, sistem insanları meymuna da çevirə bilər. Sağlam və ədalətli sistem insanların içindəki pis duyğuları boğur və ortaya çıxmağa qoymur. Bura hər hansı milləti qatmaq yanlış fikirdir. Hər bir xalqı, cəmiyyəti düzgün idarəçilik, nizam, nəzarət mexanizmi və bütün bunları əhatə edən sistemlə inkişaf etdirmək mümkündür.

ASAN xidmətdə bu günə kimi rüşvət almaq-vermək hadisəsinə rast gəlinməyib. Bunu prezident də öz çıxışında vurğuladı. Bununla bizim xalqın adına çıxmış “rüşvət qanımızdadır” mifi avtomatik dağıldı. Camaatın başı xarab deyil ki, məcbur olmasa, gedib harasa, nəyəsə görə rüşvət versin. Deməli, müəyyən bəlli yerlərdə insanları belə şeylərə vadar və təhrik ediblər.

Aydın və vicdanlı insanlarımız hesabına gözəl günlər görəcəyik. Yetər ki, biz də üzərimizə gələn bu çılğın dalğaya qarşı üzərək, müqavimət göstərək. Qələbəmiz labüddür!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG