Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:26

Səni vaxt qocaltmır, səni bilməyin qocaldır


Ziya F.M.
Ziya F.M.

-

"O vaxt həyat sənin üçün bir sirr idi. Sənə elə gəlirdi, hansısa bir sirr var ki, böyüklər onu səndən gizlədirlər."

Ziya F.M.

ÖLÜMÜN HESABINA YAŞANAN HƏYAT

İllüstrasiya
İllüstrasiya

Nə vaxtsa kiçik idim. Uşaq idim. Hamı nə vaxtsa olur. Mən də olmuşdum. Onda böyümək istəyirdim. İndi isə, əksinə. Uşaq olmaq istəyirəm.

Mənə indi elə gəlir ki, hətta inanıram ki, kiçik olmaq yaxşı idi. Uşaq olanda isə elə bilirdim ki, böyük olmaq yaxşıdır. Bilmirəm, nə vaxt haqlı idim. Ondamı, indimi?

Mən axı bilmirdim, böyük olmaq nə deməkdir, mənə elə gəlirdi ki, bu, uşaq olmaqdan daha yaxşıdır. Axı bir şeyə ki, gedib çatmayıbsan, onun necə olduğunu bilə bilməzsən.

Amma yaşlı olanda, böyük həyatı dadandan sonra anlamağa başlayırsan ki, uşaq olub böyümək istəməmək düzgün olmazdı. Düzgün uşaq, yəni adi uşaq elə bu beyinlə olmalıydı. Yaşına uyğun.

Bədənin, yaşın uşağınkı olub, beynin qocanınkı olsa həyatın nəyə çevrilərdi?! Mən yüz faiz əminəm ki, bu cür uşaq iyirmi yaşında qocalıqdan ölərdi. Bəlkə də görkəmindən bilinməzdi ki, o qocalıb, amma onun qoca olduğu dərin yorğunluq hissindən, gözlərindən, baxışından bilinərdi.

Boş... Dəcəl olmayan... Bilən, dərk edən gözlərindən.

Səni vaxt qocaltmır. Səni bilməyin qocaldır... Uşaqlıqda bilmək istədiklərin. İstədiyin, bilmək üçün can verməyə hazır olduqların. O vaxt həyat sənin üçün bir sirr idi. Sənə elə gəlirdi hansısa bir sirr var ki, böyüklər onu səndən gizlədirlər.

Sən isə hələ uşaq idin, sənə hələ olmazdı, səni yaxına buraxmırdılar, sən hələ uşaqsan deyirdilər. Sən isə cani-dildən bu ədalətsizliyi, haqsızlığı yarıb keçmək istəyirdin, böyümək, yaşlaşmaq istəyirdin. Sirri bilmək istəyirdin. Öyrənirdin, oxuyurdun, sual verirdin, cavab axtarırdın. Müqayisə edirdin, yadda saxlayırdın, yığırdın hər şeyi, canına hopdururdun. Sənə həqiqətin, sirrin qapılarının açılacağı günü gözləyirdin. Böyüklərin səndən ciddi-cəhdlə gizlətdikləri həqiqətin.

Bilmirəm nə vaxt, hansı anda sən birdən onu anlayırsan, dərk edirsən, nə vaxt bu həqiqət ildırım kimi sənin həyatına daxil olur. Yuxudamı, yoldamı. Təbiətin qoynunda istirahət edəndəmi. İşdəmi, evdəmi. Amma olur, gəlir. Həmin gün, həmin saat, həmin an səni elə bil cərəyan vurur.

Saat
Saat

Başqa cür də olur...

Sakit, ahəstə, qaçaqaçsız. Damcı-damcı, saniyəbəsaniyə, hər gün vaxt biraz da irəli gedir, sakit, pıçıltı ilə qulağına nələrsə deyir. O şeyləri ki, sən birdən, bir anın içində öyrənmək, bilmək, anlamaq istəyirdin. Bu, illərlə, onilliklərlə davam edir. Həqiqət sənin daxilinə xırda, görünməyən hissələrlə damcılayır, saatın kiçik, saniyəni, dəqiqəni yox, hərəkətini sezmədiyin, saatın özünü göstərən kiçik əqrəbi kimi...

Heç kim bu əqrəbin hərəkətini görə bilmir. Heç kim öz yaşının çoxaldığını, özünün böyüdüyünü anlaya bilmir. Heç kim anlamır, heç kim başa düşmür; necə olur ki, birdən-birə həyatın mənasızlığını, vaxtın darıxdırıcı olduğunu, bildiklərinin ağırlığını dərk edirsən. Bu biliyin haradan gəldiyini heç kim anlaya bilmir. Bilir, vəssalam.

Bilir. Amma, bacarmır. İstəmir də. Ona artıq heç hara getmək lazım deyil. Hətta geri, uşaq yaşlarına da. Bilmədiyi vaxtlara da. O vaxt çox şey eləmək olardı, bilmədən. Bəlkə də, elə necə lazımsa eləcə də eləyirmiş?! Bilmədən, anlamadan. Biz bilmək üçün hər əməldən çıxırdıq. Amma axtardığını tapandan, biləndən sonra yenə nəsə eləməyə nə hacət?

Bəlkə elə buna görə Tanrı bizim işlərimizə qarışmır? Oturub (göydəmi, yerdəmi, laməkanmı – bilmirik) özü üçün, sadəcə bizi müşahidə eləyir.

Və darıxır. Çünki bilir. Hər şeyi bilir. Özü yaradıb axı həyatı. Bunun özü elə ölümdür.

Azərbaycan dilində ölümün çox dəqiq bir ifadəsi var:

“Haqqa qovuşdu”.

İnsan qocalanda bu, təbiidir. O, artıq həqiqəti, haqqı canına çəkib, həmin nöqtəyə çatıb. Tanrıya yaxınlaşıb. Onu kimidir. Ona artıq heç nə maraqlı deyil. O bilir. O hazırdır. O yanıb, odu sönüb, amma kömürü hələ də qızarır, hələ də yüngülcə, xəfifcə istilik verir. Sonadək yanıb. Əvvəl tonqal idi. Yanırdı. Parlaq idi. Alovdan dilləri vardı. Ona baxmaq istəyən çox idi. Amma söndü...

Külü qaldı. Ağappaq – ölüm kimi, zil qara – yanıb tükənmiş kömür kimi, qapqara qarğanın qaralığından gümüşə çalan lələkləri kimi. Fiziki ölüm – artıq tamamlanmış ömrün təsdiqi kimi. O artıq heç nəyi həll eləmir. Sadəcə bölür, ayırır. Davamı bəlkə də var, bəlkə də yox. Fərq eləməz.

Həyat yaşanıb. Sona yetib.

O, öz təsdiqini tapıb.

Məntiqi sonluğuna çatıb.

İnsan haqqa qovuşub.

Ölümə yetişib.

Tanrının dərgahına.

Yolun sonuna.

Getməmək günahdır. Yaşamamaq günahdır. Yolun yarısında dayanmaq günahdır. Son damlasına qədər bu ömrü başına çəkməmək, son addımına qədər bu yolu getməmək günahdır. Onu yarımçıq saxlamaq günahdır. Onu yarımçıq kəsmək günahdır.

Başqaları kəsəndə də.

Güllə ilə. Müharibədə. Ən müqəddəs müharibədə belə.

Olsun lap torpaq uğrunda. Lap elə vətən uğrunda...

Biz ölümə göndərdiklərimizə görə cavab verəcəyik...

Biz onların hesabına yaşayırıq...

Ölənlərin, öldürülənlərin... hesabına.

Yarımçıq kəsilmiş ömürlərin hesabına.

08.04.2016

XS
SM
MD
LG