Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33

İsa Hüseynov bu zarafatında kimlərə söz atırdı?


İsa Hüseynov (Muğanna)

İsa Hüseynov (Muğanna)

-

Bu gün yazıçının ad günüdür

İsa Hüseynov

YAZIQ

(zarafat)

Dəqiq deyəmmərəm nə vaxt, bu son vaxtlar bir səhər yuxudan oyanıb gördüm özümü itirmişəm, yəni sözün həqiqi mənasında yoxa çıxmışam. Fikirləşdim ki, harda itmiş olaram? Hüsü Hacıyev küçəsindəki bu mənzildən eşiyə çıxanda getdiyim yer ancaq Yazıçılar Birliyidir, ordan çıxanda isə gəldiyim yer buradır, şübhəsiz, ya aralıqda qalmışam, ya orda Yazıçılar Birliyində itmişəm, ya da burda – mənzildə.

Çox axtardım, mənzildə tapmadım. Getdim Yazıçılar Birliyində axtardım, tapammadım. Kor-peşman qayıdırdım ki, brdən birliyin sədri Anarı gördüm, salam verdim. Dedi: “Niyə qayıdırsan, iyirmi birinci əsrçilərin iclasına çağırmamışammı səni?” Dedim: “Unutmuşam, gedək”.

İsa Hüseynov

İsa Hüseynov

Qısası, getdim, gördüm, foyedə oturmuşam. Dedim: “Şükr, tapdım özümü. Əmma çox sevinəmmədim. İclas zalına tərəf gedirdim ki, birdən yenə özümü gördüm. Dedim: “Mən özümü itirmişdim, budur tapdım, bəs sən kimsən?!”

Dedi: “Bıy? Necə kimsən?! Özünü tanımırsan?!” Dedim: “A kişi, mən bax,o yazıçıyam, oturmuşam o divarın dibində, siqaret çəkirəm! Bəs sən kimsən axı, niyə mənsən sən də?” Dedi: “İsa mənəm. O deyil!” Dedim: “Odur İsa. Sən deyilsən!” O dedi, mən dedim, qısası, bezikdik bir-birimizdən, ayrıldıq.

Birdən... baxdım ki, bu nədir, ilahi, bütü zal dolu İsadır... Lap qısası, iyirmi birincilərin iclasında yox, isaların iclasında oturdum. Sonra istədim o divar dibindəki İsaya qoşulum gedim evə. Amma çox təəssüf, o İsa da zaldakı isalara qarışıb itmişdi.

Gəldim evə, bir vərəq kağız götürdüm, yazdım: “Elan. İsa Hüseynov özünü axtardı, tapmadı.” Deyirlər, dönüb Muğanna olub ki, daha bir də itirməsin özünü, iyirmi birinci isalar isə nə qədər çoxalırlar, çoxalsınlar.

Çünki Muğannanın yazdıqlarını başa düşən yoxdur. İsaları isə hamı sevir! Yaşasınlar! Dünya durduqca dursunlar, yazsınlar, yaratsınlar, sevilsinlər, əmma elə eləsinlər ki, mən bir də özümü itirməyim. Yazığam axı!

Günün bütün mövzuları

XS
SM
MD
LG