Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:14

Qəhrəman yarada bilməyib özü qəhrəmana çevrilən tiplər


İllüstrasiya
İllüstrasiya

-

"Bir az da ironiya çatmırdı ona. Klassikaya istehza edə bilmirdi. O saat təsirinə düşürdü. İndi hərdən düşünürəm ki, çağdaş şübhəçi tendensiyaları mənimsəsəydi o qədər əzilməzdi."

Yazıçı Şərif Ağayar 1990-cı illər ədəbi mühitinin siması Mehdi Bəyazidin ədəbi taleyini xatırlayır

- Şərif, Mehdi Bəyazid nə işlə məşğul olurdu? O, şair idi, yoxsa yazıçı, jurnalist?

- Universal insan idi. Həm şair idi, həm yazıçı, həm jurnalist. Amma mən onu tanıyan vaxtlar artıq məhsuldarlığı aşağı düşmüşdü. Nəsr və şeir yazmırdı. Məqalələri isə tək-tük olurdu.

- Mən Mehdini görməmişəm. Onu mənə necə təqdim edərdin?

- Mehdi haqqında heç vaxt yaza bilməmişəm. Bu mənimçün çətindir, ağırdır. Ziddiyyətli şəxsiyyət idi həm də. Zahiri görünüşü də sirayətedici idi. Arıq, ortaboy, gur saçlı, uzun barmaqlı, yorğun baxışlı, alagöz, palıdı sifətli... Əzəmətli səsi vardı. Gözlərini qıyıb uzaqlara baxanda mənə elə gəlirdi ki, dünyanın lap axırını – Qiyamət gününü də görür. Sifətinin buz soyuqluğu bəzən adamı üşəndirirdi. Bəzənsə kişmişi gülüşü çox doğma gəlir, özü demiş, bənöyüş səsi adamın ruhunu dincəldirdi. Nə deyim. Bütün bunlar çox azdır hələ. Gərək gözlərinlə görəydin. O, hətta şəkillərdə də özünə oxşamır.

- Deyirlər, Mehdi səni çox istəyirmiş. Bir yerdə çox günləriniz keçib. Görüşəndə ən çox nədən danışırdınız?

- Mənə ədəbiyyatın sonbeşiyi deyirdi. Güclü yaddaşım onun yanında məni heç vaxt utandırmadı. Söhbətimiz tuturdu. Bir neçə şeirimi oxumuşdum, bəyənmişdi. Məqalələrimi izləyirdi. Söhbətlərimdən həzz alırdı və bunu gizlətmirdi. Amma deyəsən, hekayələrimdən nəsə oxumamışdı...

- Niyə, görəsən?

- Çünki onda nəsrlə məşğul olmurdum. Ya da az olurdum. Həm də Mehdiyə hekayə verəcək qədər cəsarətim bəlkə heç indi də yoxdur. Amma o, mənə inanırdı. Məni tanıdığı yazı-pozu əhlinə ürəklə təqdim edirdi. Məsələn, qazaxlı şair Məmməd İlqarla məni o tanış eləmişdi. Özü də necə: gələcəyin yiyəsi kimi... O, sözü suçakən kimi canına çəkir, ruhuna hopdururdu. Sözlə yaşayırdı, xoşbəxt olurdu. Adamın içində hələ sözə çevrilməyən ədəbiyyatı görürdü. Bir az da qara magiya vardı özündə. Bəzən adamı yorurdu, əzirdi, sıxırdı... Məşhur bir misal vardı o vaxtlar: Mehdi Bayazidi hirsləndirməyin, yoxsa həqiqəti deyib hamınızı biabır edəcək!


- Deyirlər, çox zövqlü adam olub. Bu fikirlə də razısan?

- Sənə deyim, ən bərkgedən şairi-yazıçını əlində plastilin kimi bürmələyib cibinə qoyardı. Onunla mübahisədən qaçırdı hər kəs. Yalançı tostlar, saxta təriflər yanında keçərsiz idi. Bunun əvəzində bəzən özünün pul və badə xatirinə kimisə təriflədiyini görmüşdüm. Arada belə səhvləri özünə deyirdim, elə gülümsəyirdi ki... Belə ərk və sevgiylə gülümsəməyi adam yalnız öz doğma atasında görə bilər: “Balam yekəlib, hər şeyi bilir!” Tanışlığımız müddətində onu bir çox əsər qəhrəmanlarına bənzətmişdim...

- Hansılardı?

Hermann Hesse-nin "Yalquzaq" kitabının üzü
Hermann Hesse-nin "Yalquzaq" kitabının üzü

- Herman Hessenin Yalquzağını eynən Mehdi görünüşlü, hətta o cür düşünən, danışan və gəzən hesab etmişəm. Bir də Dostoyevskinin “Netoçka Nezvanovna” əsərində özündən daha masterini görüb dəli olan skripka ifaçısı Yefimə oxşatmışam. Özü isə ömrünün son anlarında bir dəfə güzgüyə baxa-baxa qalın və uzun saçlarını əliylə arxaya darayaraq “Ax Roskolnikov!” – deyib acı-acı güldü. Sümüklərim gizildədi. Üzündə ölümün işığını gördüm. Deyəsən, özü də bunu hiss elədi.


- Bu, harda oldu ki?

- Adi bazar günlərindən biriydi. Qəfil mobil telefonuma zəng gəldi. Xan Rəsuloğlu idi. Dedi, Mehdi Bayazid Sumqayıt yolunun üstündəki bağ evində ölümcül vəziyyətdədir. Qonşuları zəng edib dedilər, mümkünsə dostlara da xəbər elə, ona kömək edək. Tez “Vahid” evinə getdim, şair Böyükxan Pərvizlə rastlaşdım, vəziyyəti dedim, vecinə almadı. Dedi, öz dərdimiz xirtdəyəcəndi, Mehdiyə nə gün ağlayaq? Amma rəhmətlik Ədalət Əsgəroğlu mənimlə gəldi, gedib Xanı tapdıq, o, bizi Mehdinin bağına apardı. Yeri gəlmişkən, Böyükxan Pərviz Mehdidən əvvəl rəhmətdə getdi. Taleyin işi... Lap gənc vaxtlarında atası Mehdiyə yaxşı pul veribmiş ki, özünə ev alsın. O da pulu dağıdıb, son anda bu həyətyanı sahəni və bu balaca çovustanı ala biliblər.

- Tanıyırdın atasını da?

- İnşaat Universitetində işləyirdi. Gərək ki, kafedra müdiri idi. Mehdi atasından küsmüşdü. Anasını vaxtsız itirmiş, atası rus qadınla evlənmişdi. Mən hiss etdiyim qədər Mehdi atasına ikinci evliliyi bağışlaya bilmirdi. Çünki mərhum anasını həddindən çox sevirdi və hərdən yada salıb kövrəlirdi. Bir dəfə mərhum Akif Səməd Qazaxa gedəndə Mehdinin anasının qəbrini də ziyarət eləyibmiş, Mehdi buna görə Akifə şeir yazmışdı... Daş məzardan boylandımı tuti dillər ayrısı... Belə bir misrası vardı. İçəndə deyirdi.


- Bütöv bilmirsən o şeiri?

- Tam deyə bilmirdi deyə bütöv yadımda qalmayıb. Məşhur bayatını dağıdıb uzun hecalı şeirə elə çevirmişdi ki, adam heyran qalırdı. Əslində, Mehdinin əsl yazıçı taleyi vardı. Öz anasından Azərbaycan dilini ən incə qatlarına, qımqımasına, laylasına qədər necə öyrənmişdisə, ögey anasından da ruscanı o cür mənimsəmişdi. Ruscanı da Azərbaycan dili kimi hiss edirdi. Hiss edirdi ifadəsi çox yumşaq səslənir əslində. Bu sözlər Mehdinin dilə münasibətinin heç onda birini əks etdirmir. Həm də çox nadinc, acıdil adam idi. Heç kimlə yola getmirdi. Görünür, atası da ondan bezmişdi. Həm də yalan danışa bilmirdi. Ədəbiyyatdakı ambisiyalı qocaları, istedadsız və yaltaq yazarları görməyə gözü yox idi. Hər yerdə də sözünü deyirdi. O, böyük ədəbiyyatın nə olduğunu çox yaxşı bilirdi və həmin dövrdə bu sirri bilən azad bir insanın özünə gün ağlaması çox çətin olardı. Necə ki, oldu da! Öz qazaxlıları da ondan qaçırdılar.


- Niyə qaçırdılar, nə idi əsas səbəb?

- Çünki o, heç bir dəstənin adamı deyildi. Dediyim kimi, yalquzaq kimi hərlənirdi. Hər şeyi bilən və görən, ancaq susmaq məcburiyyətində qalan, ağzını açanda qan düşən yalquzaq. Ona dözən kim idi? Mehdinin amansız həqiqətləri həşərat kimi yalnız yem axtaran cılız insanların daşıyacağı yük deyildi. Onun bir zərrəsini belə kiminsə üstünə atsan dizlərini yerə qoyardı. Zahirən də qoca canavara oxşayırdı. Onun döşündə dayanıb sənət-ədəbiyyat mübahisəsi eləmək mümkün deyildi. Hətta o vaxt mənə elə gəlirdi ki, bunu tanrı da bacarmaz.

- Gedib bağda Mehdini necə gördün?

- Bir az geciksək öləcəkdi. Ölməsə də balaca çovustana daraşan qarışqalar basıb yeyəcəkdi onu. Qaldığı bu balaca otaqça məzara bənzəyirdi. Hər şey qarışmışdı. Kitab, zir-zibil, kirli pal-paltar... Mehdi özü də əşyaya oxşayırdı. Elə bil evin ortasına saçlı-saqqallı bostan qorxuluğu uzatmışdılar. Bircə gözlərindən bilinirdi ölü olmadığı. Adam vahimələnirdi. Mən onun qoluna yapışanda elə bildim dərisi paltarına yapışıb əlimdə qalacaq. Yaxud heysiz qolu bədənindən qopacaq. Güclə ayağa qaldırdıq. Qonşuları Qubadlıdan idi. Görüblər uzun müddət bayıra çıxmır, gəliblər ki, ölür. Ona süd-filan vermişdilər. Çörək yeyə bilmirmiş. Sonra da özündən dost-tanışını soruşub Xan Rəsuloğlunu tapmışdılar. Xan Rəsuloğlu da Qubadlıdandır axı. Mehdi bilib ki, bu sadə insanlar yalnız öz yerlilərini tapa bilərlər. Maşın gətirdib Musa Nazğıyevə apardıq, qəbul eləmədilər. Dedilər, Ağciyər İnstitutuna aparın. Nəfəs ala bilmirdi. Orda da qəbul eləmədilər.

- Bazar günü idi, ona görə?

- Hə. Həm də hiss edirdilər ki, yiyəsiz, kasıb adamlarıq. Axırı güc-bəla 20 yanvardakı vərəm dispanserinə yerləşdirdik. O, maşının arxa oturacağında ağrıdan və halsızlıqdan mənə sarılıb sızıldayırdı. Mən də nevrozam, qorxurdum. Ən çox da evə görə qorxurdum. Qızım təzə doğulmuşdu, qorxurdum ki, onu vərəmə yoluxduraram. Arada hiss elədi, dedi, çəkinirsən məndən? Dedim, dəli olma, sənin nəyin var ki? Və həmin an heç nəyi vecimə almadan ona sarıldım. Ağlamaqdan özümü birtəhər saxladım. Ağır gün idi. Çox qəzəbli idim. İnana bilmirdim ki, can verən bir insanı xəstəxanaya qəbul etmir, ona yardım göstərmirlər. Vərəm dispanserindəki həkim yaxşı adam idi. Mehdini palataya yerləşdirdi, iynə vurdu, dərman verdi, bizə də məsləhət elədi ki, əllərimizi, qollarımızı, üzümüzü və paltarlarımızı spirtlə silək. Pul-paramız da yox idi. Yadımdadır, Şirzadın kafesinə gedib nisyə araq aldıq. Avtobusa isə Ədalət Əsgəroğlu qol saatını verdi, dedi, sabah pulunu gətirərik. Almadı sürücü, dedi, problem deyil, sizi anlayıram. Bütün şəhəri taksidə dolanıb pullarımızı xərcləmişdik. Ağciyər İnstitutundan yaşlı bir kişi bizi 20 yanvara pulsuz gətirdi. Heç telefon-zad da qoymadı ki, sonra axtaraq.

- Bəs niyə atasının yanına getmirdiniz onu?

- Mehdini palataya yerləşdirəndən sonra Ədalət mənə Mehdinin atasının iş yerini nişan verdi. Səhəri getdim dalınca. Tapa bilmədim. İşdən telefonunu aldım, zəng vurdum. Ona izah elədim ki, oğlunuz ölür, filan yerdədir. Elə həmin gün maraqlandım ki, dalınca gediblər. Mehdi bir müddət müalicə alıb xəstəxanadan çıxdı. Atasıyla barışmışdı. Onu axırıncı dəfə Sahil bağında, Milli Kitabxananın qarşısında gördüm. Bir az düzəlmişdi. Sonra yenə yoxa çıxdı. Bir gün isə dünyasını dəyişdiyini eşitdim. Mən eşidəndə gec idi. Ədəbi mühitdən heç kim bilməmişdi deyəsən. Heç dəfn olunduğu yeri də tanımıram. Bilirsən, rəhmətlik Böyükxan Pərviz demiş doğrudan çətin vaxtlar idi. Pul-para tapılmırdı. Ona görə kiməsə baş çəkmək, yardım eləmək olmurdu. Həm də arxayın idik ki, artıq qohumlarının himayəsindədir.


- Şərif, səncə, Mehdinin əsas problemi nə idi? Kasıbçılıq, işsizlik, ailə, yoxsa yaradıcılıq? Niyə yaşaya bilmirdi?

- Dediyim kimi, Mehdi böyük ədəbiyyatın nə olduğunu çox tez anlamışdı və o böyük sirrin qarşısında Azərbaycandakı əlacsızlığı görürdü. Üstəlik, saxtakarlıqları, iyrənclikləri... Adamları əla tanıyırdı. İçalatını görürdü. Bu, bilirsən nə deməkdir? O, içməsə daha tez ölərdi. İçki isə bədəninin immunitetini tədricən öldürürdü. Siqareti də çox çəkirdi və daim öskürürdü. Sonralar çox arıqladı. Bir gün dedim, həkimə getməlisən, çox sınıxmısan. Xətrinə dəydi ki, kobudluq edirsən, adam adamın üzünə belə söz deməz. Mənə uşaq kimi baxırdı, ona görə eşitmirdi. Bir dəfə də insan iradəsi haqqında mühazirə oxumuşam ona. İndi yadıma düşəndə gülmək tutur məni. Deyəsən, Nitsşeni təzə oxumuşdum. Dedim, insanda istedad və intellektlə yanaşı iradə də olmalıdır, yoxsa heç nə alınmayacaq. Güldü gülməyinə də, amma təsirləndi də xeyli... Mehdi böyük ədəbiyyat, böyük həqiqət qarşısında məğlubiyyətini vaxtından əvvəl anladı. Buna görə özü qarışıq hər kəsdən, hər şeydən qisas alırdı elə bil.


- Maraqlıdır, onun heç bir şeirini, nəsr əsərini, hansısa publisist yazısını oxumamışıq. Bəs Mehdi Bəyazidin adı niyə bu qədər məşhurdur?

- Vidadi Məmmədov faktı da var. Folklorlaşan, əfsanələşən insanlardır bunlar. Qəhrəman yarada bilməyib özü qəhrəmana çevrilən tiplər. Mehdi ilə bircə dəfə oturub söhbət eləmək kifayət idi ki, böyüklüyünə əmin olasan.


- Ədəbi zövqü yüksək səviyyədə olan bir insan bəs niyə yaza bilmədi?

- Mən istedadda və zövqdə ondan üstün adam görmədim. Mütaliəsi də çox yaxşıydı. Xüsusən rus nəsrini yaxşı bilirdi. Ancaq dövr etibarı ilə Folknerdən bəri keçə bilməmişdi. Mehdini özünün bildikləri bədbəxt elədi, yazmağa qoymadı. O, xüsusilə Balzakın və Dostoyevskinin fanatına çevrilmişdi və bu gücün qarşısında nə edəcəyini bilmirdi. Bir az da ironiya çatmırdı ona. Klassikaya istehza edə bilmirdi. O saat təsirinə düşürdü. İndi hərdən düşünürəm ki, çağdaş şübhəçi tendensiyaları mənimsəsəydi o qədər əzilməzdi.


- Yaza bilmədiyini özü də bilirdimi?

- Di gəl, yaza bilmədiyini boynuna almırdı. Bir az da özü özünü uydurmuşdu deyəsən. Deyirdi, hökmən yazacam, hətta başlamışam da. Bəzən hiss edirdim ki, yazmadığı mətni danışıb reaksiyamızı yoxlayır. Şübhəsiz, çox istedadlı idi. Ancaq bir dövr gəldi ki, bilgiləri və hissiyyatı istedadını üstələdi. Arzuları ilə imkanları arasında dərin uçurum yarandı. Mehdinin də çox sevdiyi Folkner deyirdi ki, heç bir bəhanə yeri yoxdur ədəbiyyatda, kim nə qədər yaza bilibsə, o qədərdir. Bu mənada Mehdi taleyə biabırçı xalla uduzmuşdu. Amma bir həqiqət də vardı ki, bir dəfə özü dilə gətirdi - məşhur şairlərdən birinə dedi: “Dayanıb qışqırdığın dayanacaqlardan mən sükutla keçmişəm! Yazdıqlarını təzədən yazıb gözünə soxaram, başa düşərsən ki, onlarla çox da öyünmək olmaz.”


- Deyəsən, Mehdi ailəsindən də ayrılıbmış. Özü bu barədə danışırdımı?

- Ayrılmışdı, hə. Bir oğlu da vardı. Amma, açığı, onu bu haqda çox danışdırmırdım. Daha çox üzülməyini istəmirdim. Oğluna sevgisini də mənə hiss elətdirmirdi. Aciz görünməkdən qorxurdu. Hamını atmışdı Mehdi, hamı da onu atmışdı.

- Çox içirmiş...

- İçki axır vaxtlar onu tamam söndürürdü. Stolda yatır, sənə baxa-baxa uyub gedirdi. Hətta bir dəfə o vəziyyətdə gəlib kinostudiyaya, bizim iş yerinə də çıxdı. Guya çağırmışdım ki, “Kino+” üçün yazılar yazsın, mən də imkan daxilində ona qonorar-filan verim. Pis gündə gəldi, redaksiyada bir neçə dəfə az qala yıxılacaqdı. İş yoldaşlarımın yanında xeyli utandım da. Və təbii ki, yazı-filan da olmadı. Aşağı düşürüb taksiylə yola saldım.


- Xoşladığı mahnı, türkü, şeir vardımı?

- Füzulini çox sevirdi. Mən onu ilk dəfə “Ədəbiyyat qəzeti”ndə görəndə də Füzulidən bir beyt oxumuşdu:

Keçdi meyxanadan el, məsti-meyi-eşqin olub,
Nə mələksən ki, xərab etdin evin şeytanın...

Çox qəribə avazla dedi. Və onu da dedi ki, bu beyti oxuyanda nə yazıbmışsa hamısını cırıb-atıb. Mən bu beyti əvvəl-əvvəl başa düşmədim. Sonra mahiyyətinə varanda anladım ki, çətindir. Həqiqətən çətindir. Dahi qələm adamları öz varlığı ilə daha az böyük olan qələm adamlarını əzir. Kiçiklərin işi asandır. Mehdinin oxuduğu dahiyanə əsərlərlə bitib-tükənməyən daxili qovğası vardı. O, hər an Balzakla, Dostoyevskiylə, Füzuliylə, hətta Nazim Hikmətlə “əlbəyaxa” idi. Bethoven deyir, qulağım kar olsa da başımın içində daim qarışıq səslər dolaşır, bircə musiqi yazanda rahat oluram. Təəssüf ki, Mehdi içində dolaşan o səsləri, o ağrıları yazmaqla ovuda bilmədi, içməklə ovutmağa çalışdı. Bilirsən, onsuz da hamı öləcək. Ya içkidən, ya içkisiz, ya vərəmdən, ya vərmsiz... Sadəcə, Mehdi ilə Bethovenin fərqi budur ki, Bethoven o qovğalardan dahiyanə əsərlər yarada bildi.


- Bəs sənin Mehdi ilə hansı ortaq cəhətlərin vardı? Sizi dost eləyən nə idi?

- Xalq ədəbiyyatı, Aşıq Ələsgər, Füzuli, Dostoyevski, Eldar Baxış, Müşfiq, Vaqif Cəbyaılzadə, Səttar Bəhlulzadə, Əli Kərim, Hüqo, Aşıq Ədalət, Vaqif Mustafazdə... Ortaq dəyərlərimiz çox idi. Ən vacibi də azad və dürüst qələm adamı olmaq istəyi... Mehdidən çox şey öyrəndim. Ən çox da onu öyrəndim ki, yazmaqdan qorxmaq olmaz. Mehdidə bir az şöhrət hissi də vardı. Zəif yazmaqdan ehtiyat edirdi. Bu bir qələm adamı üçün böyük problemdir.


- Yaxın dostun olub. İndi onu unutmusan, yoxsa tez-tez yadına düşür? Yəqin darıxırsan.

- Darıxıram desəm, yalan olar. Unutmaq da olmur. Etiraf edim ki, onu içimdə böyük bir ağrı kimi gəzdirirəm. Yazıb qurtula da bilmirəm. Bəlkə də heç bizə dost da demək olmaz. Dostluq belə olur ki? Mənə arada acığı da tuturdu. Xüsusən, içməyəndə. İçməyəndə ona ağıl verməyə başlayırdım, gənc idim, nəyinsə dəyişəcəyinə inanırdım. Bir dəfə buna görə mənə acıqlandı, dedi, içməyəndə Anarlaşırsan! (gülür).


- Hə, eşitmişəm onun bu sözünü.

- Mehdi mənim gənclik həyatımdan bir kabus kimi ötüb keçdi. Dağıtdığı da oldu, tikdiyi də. Amma daha çox tikdi. İndi də bəzən yazdığım, oxuduğum mətnlərə onun gözü ilə baxıram. Necə edərdi, nə deyərdi? Dediyim kimi, yaddaşım yaxşı idi, hətta onun oxumadığı şeirləri də əzbər bilirdim. Ancaq onu heç içkili olanda da aldada bilmirdim. Bəlli bir şkalası vardı, dediyim şeirlər o şkaladan aşağı düşərsə əlini astaca qaldırır, dayan işarəsi verirdi. Mən onu tanıyanda Bakıda çox axmaq şeirlər dəbdə idi. Əvvəl elə bilirdim ki, mən səhv bilirəm, elə əsl ədəbiyyat budur. Bax, o vaxt Mehdiylə rastlaşdım, necə deyərlər, ona dəyib ayıldım.

- Bəs sonra necə oldu?

- Sonra AYO gəldi, hər şey axarına düşdü. AYO-dan sonra Mehdinin təkadamlıq peyğəmbərlik missiyası artıq çayxanalardan mətbuata – daha səmərəli müstəviyə keçdi, ictimailəşdi. AYO əslində pivə qoxuyan andeqraunddan işığa çıxmış Bayazid arzularının təcəssümüdür. Bu prosesi tarix özü yaratdı. Əminəm ki, Mehdi bizimlə yaşıd olsa yazacaqdı. Həm də çox ciddi kitablar. Mehdi Bayazid mənim üçün azad ədəbiyyatın faciəsini simvolizə edir. Ona görə onun taleyindən həmişə qaçıram. Əminəm ki, alternativ var və bu alternativ azad ədəbiyyatın təntənəsinə inamımızdır. Əgər bu inam olmasa həyatımız beş qəpiyə dəyməz.

Telegraf.com

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG