Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:54

-

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bugünlərdə bəyan etdi ki, QHT-lərlə əlaqədar cinayət işinin istintaqı başa çatıb, hesablar üzərindən həbs götürülüb: «Hər hansı QHT-nin bu baxımdan problemi yoxdur».

Xeyli müddətdir təşkilatının fəaliyyəti məhdudlaşdırılan, özünün ölkədən çıxışına qadağa qoyulan QHT rəhbərləri deputatın bu açıqlamasından sonra ümidlənsələr də, çox çəkməyib.

Vəkil Elçin Sadıqov deyir ki, QHT-lərlə bağlı cinayət işinin başa çatması və hesablar üzərindən həbsin götürülməsi xəbərini eşidən kimi,Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ilə əlaqə saxlayıb: «Vəkili olduğum QHT-lərin işləri ilə maraqlandım. Bildirdilər ki, cinayət işi hələ davam edir və müdafiə etdiyim QHT-lərin bank hesablarından, o cümlədən, mənim bank hesabımdan həbs götürülməyib».

QADAĞALAR QALIR

Azərbaycan Hüquqçular Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli də Azay Quliyevin açıqlamasından sonra Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ilə əlaqə saxlayıb və mənfi cavab alıb: «Mənə dedilər ki, təxminən 15-20 təşkilatın, o cümlədən bizim təşkilatın hesabı üzərindən həbsin götürülməsi, ölkədən çıxışıma qadağanın aradan qaldırılması ilə bağlı müzakirələr gedir, hələ qərar qəbul edilməyib».

Ə.Hacıbəyli deyir ki, hələ ötən il oktyabrın 2-də ona rəhbərlik etdiyi təşkilatla bağlı istintaqın bitdiyi, cinayət işinin xitam olunduğu yazılı şəkildə elan olunub. Amma üstündən 6 ay keçməsinə baxmayaraq, hələ də həbs və qadağalar götürülməyib.

Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəyli

«Bizim təşkilatın fəaliyyətində heç bir qanun pozuntusuna yol verilməyib. Həm Maliyyə Nazirliyinin mütəxəssisləri, həm Ədliyyə Nazirliyinin ekspertizası təşkilatın mühasibat sənədlərini, bank əməliyyatlarını yoxlayıblar. Ekspert rəyində yazılıb ki, təşkilatın fəaliyyətində qrant vəsaitlərinin xərclənməsi və bank əməliyyatları zamanı qanun pozuntusuna yol verilməyib. İstintaq bunu müəyyənləşdirdiyi halda, vergi orqanı bizə qanunsuz olaraq cərimə tətbiq edib», – Ə.Hacıbəyli bildirib.

«MƏCBUR OLUB CƏRİMƏNİ ÖDƏDİM»

Təşkilat rəhbəri qeyd edir ki, cərimə tətbiqini qanunsuz hesab etsələr də, ödəyiblər, amma yenə də nə hesab üzərindən həbs götürülüb, nə də özünə qoyulan səfər qadağası aradan qaldırılıb:

«Cərimə ilə əlaqədar məhkəmədə vergi orqanına qarşı iddia qaldırmışdıq. Təəssüf ki, məhkəmə hakimiyyətinin müstəqil olmaması bir daha özünü göstərdi və hakimlərin vergi orqanına qarşı qərar qəbul etməyə gücləri çatmadı. Ali Məhkəmənin qərarından sonra məni vergi orqanına çağırıb bildirdilər ki, qısa müddətdə cərimə ödənilməsə, haqqımda cinayət işi başlanacaq. Bundan sonra mən məcbur olub cəriməni ödədim. Hətta bundan sonra da həbs və qadağanın götürülməməsi tamamilə qanunsuzdur və istintaq orqanının özbaşınalığıdır. Hesab edirəm ki, həbsin, qadağanın bu günə qədər saxlanmasında məqsəd bizim təşkilatımızın fəaliyyətinin qarşısını almaqdır».

Ə.Hacıbəyli əlavə edib ki, vergi orqanına qarşı şikayət üzrə iş yaxın günlərdə Avropa Məhkəməsinə göndəriləcək.

Əsabəli Mustafayev

Əsabəli Mustafayev

«GÖRÜNÜR, AZAY QULİYEVİN MƏLUMATI DƏQİQ DEYİLMİŞ»

Azay Quliyevin sözügedən açıqlamasından sonra əvvəlcə sevinib, sonradan məyus olanlar arasında Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayev də var. Ə.Mustafayev deyir, deputatın dediklərini mediada oxuyandan sonra o da prokurorluqda müstəntiqlə əlaqə saxlayıb və məlum olub ki, 2014-cü ilin mayından təşkilatının bank hesabı üzərinə qoyulmuş həbs də, özünün ölkədən çıxışına qadağa da qüvvədədir: «Görünür, Azay Quliyevin məlumatı dəqiq deyilmiş. Bəlkə də o, başqa cür demək istəyib...».

Ə.Mustafayev onu da qeyd edir ki, QHT-lərlə bağlı cinayət işi 2014-cü ilin aprelində başlanıb: «Cinayət Prosessual Məcəlləsinə görə, yalnız xüsusilə ağır cinayətlər üzrə istintaq müddəti müstəsna hallarda 18 aya qədər uzadıla bilər. QHT-lərlə bağlı cinayət işi isə xüsusilə ağır yox, ağır cinayətlər kateqoriyasına aiddir. Bu kateqoriyadan olan işlərin istintaqı ən çoxu 12 ay ola bilər. Göründüyü kimi, QHT-lərlə bağlı cinayət işi üzrə istintaq isə artıq 24 aydır ki, davam edir».

Ə.Mustafayevin rəhbərlik etdiyi təşkilata da maliyyə sanksiyası tətbiq olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG