Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:48

Qarabağ ətrafında nə baş verir?


Prezidentlərin Rusiyanın vasitəçiliyi ilə Kazan danışıqları - 2011

Prezidentlərin Rusiyanın vasitəçiliyi ilə Kazan danışıqları - 2011

-
Dağlıq Qarabağ münaqişəsi, regional münasibətlər və ölkədə demokratik proseslər medianın aparıcı mövzusudur.

«QARABAĞI AZAD EDƏK» MƏKTUBLARI…

«Azərbaycan» qəzeti öz səhifəsində Qarabağdakı döyüşlərdən sonra dövlət başçısı İlham Əliyevə ünvanlanan çoxsaylı vətəndaş məktublarına geniş yer verib. Məktublardan biri özündə əksər müraciətlərin mahiyyətini əks etdirir. Məktubda oxuyuruq: «Biz bir nəfər kimi torpaqlarımızın geri qaytarılması uğrunda əsl qəhrəmanlıq göstərərək həlak olan övladlarımızın ruhu qarşısında baş əyirik. İnanırıq ki, bizim igid, cəsur və əyilməz ordumuz işğal altındakı bütün torpaqlarımızı azad edəcək».

Məktublarda torpaqların işğaldan azad edilməsi istiqamətində göstərilən səylərlə bağlı prezidentə dəstək ifadə edilir.

İQTİDARIN TƏZADI…

«Azadlıq» qəzetində də Dağlıq Qarabağda yaranan gərginlik və bu münaqişə ətrafında gedən danışıqlardan bəhs edən yazı verilib. Məqalədə hakimiyyətin təzadlı siyasəti tənqid edilir. Müəllif qeyd edir ki, hakimiyyət Azərbaycan torpaqlarını işğal edən qüvvələr və onların havadarları ilə danışıqlara gedir. Ancaq ölkədəki demokratik qüvvələrə heç də barışıq təklif edilmir. Müəllif yazır ki, son günlər cəbhədə vəziyyət Azərbaycan ordusunun xeyrinə dəyişsə də, hakimiyyət Kremlin çağırışı ilə əməliyyatları dayandırmağa üstünlük verdi. Onun fikrincə, halbuki, Qərbin insan haqları ilə bağlı çağırışları, bir qayda olaraq, eşidilməz qalır:

«Bu məqamda mühüm bir sual meydana çıxır: Bəs Avropadan, ABŞ-dan demokratiya tələbi gələndə, siyasi məhbusların azadlığı, korrupsiyanın ləğvi, şəffaf seçkilər istənəndə, hökumət niyə sözəbaxan olmur?».
Müəllif yazır ki, məhz Qərbdən demokratiya ilə bağlı tələblər gələndə, rəsmi Bakı «heç kim bizim daxili işlərimizə qarışa bilməz» deyib məhək daşına çevrilir. Məqalədə qeyd edilir ki. Qərbdən gələn tələblər, əslində, bir çox hallarda məhz demokratik qüvvələrin istəyi ilə üst-üstə düşür: «Bütün dünyanın israrlı tələbinə baxmayaraq, Xədicə İsmayılı, Seymur Həzini, İlqar Məmmədovu və s. ictimai-siyasi xadimləri həbsdə saxlayan hökumət bu dəfə də heç bir çağırışa baxmadan Ağdama, Füzuliyə, Cəbrayıla getməli deyildimi?».

Milli Məclis

Milli Məclis

Müəllif yazır ki, indi hakimiyyəti itirilən torpaqlardan çox özünün isti yeri daha çox maraqlandırır.

ONLAR SEÇİLİBLƏRMİ?

«Novoye Vremya» qəzetində isə dərc edilən «Tələsərsən, eli özünə güldürərsən» adlı məqalədə bu ilin əvvəlində qəbul olunmuş qanunlar gözdən keçirilib.

Məqalədə qeyd edilir ki, son aylar ölkədə qəbul edilən yeni qanunlar və ümumilikdə bu istiqamətdə edilən dəyişikliklər sırf neftin qiymətinin düşməsindən zərurətə çevrilib. Müəllif yazır ki, hakimiyyət büdcəni doldurmaq üçün qanunvericilik istiqamətində çoxsaylı dəyişikliklər edib: «Ölkə parlamenti də bu prosesdən kənarda qalmadı. Hər hansı müzakirə aparmadan o qədər qanunverici aktlar qəbul etdi ki, bir il sonraya da bəs edərdi. Amma tezliklə elə zaman gəldi ki, «isti baş»la edilənlər üzərində düşünməli oldular».

Məqalədə yada salınır ki, hətta İnzibati Xətalar Məcəlləsinə 7 gün dərsə getməyən şagirdin valideynindən 100 manat cərimə tutulması kimi dəyişiklik edilmişdi: «Cəmiyyət bu qərara, neqativ münasibət göstərdi. Bu, çoxsaylı mübahisələr yaratdı. Ancaq belə hal az deyildi».

Sonda müəllif yazır ki, bütün bu məsələlər xalqın seçdiyi deputatların daim nəzarətində olmalıdır. Ardınca da oxuculara belə bir sual ünvanlayır: «Bu, xalqın seçdiyi deputatların missiyasıdır, amma, onlar seçiliblərmi?».

Kitabxana

Kitabxana

KİTABXANADA OXUMAĞA KİTAB YOXDUR…

«Bizim Yol» qəzetində «Azərbaycanda cəmi bir kitabxana işləyir» adlı məqalədə ölkədə kitabxanaların vəziyyəti araşdırılıb. Məqalədə Mədəniyyət və Turizm Nazirliyinin kitabxanalarla bağlı sektor müdiri Lətifə Məmmədovanın fikirlərinə də yer verilib. O deyib ki, 2011-ci ildən bu yana ölkədə 800 kitabxana birləşdirilib və ya bağlanıb: «Bunlar binası təhlükəli, qəza durumunda olan, fondu, oxucusu olmayan çox kiçik kəndlərdə yerləşən kitabxanalar idi».

Lətifə Məmmədovanın deməsinə görə, indi ölkədə 2800-ə yaxın kitabxana var.
Daha sonra yazıda Türkiyədə kitabxanaların durumu ilə bağlı statistik rəqəmlər yer alır.

«İndi Milli Kitabxanadan başqa bütün kitabxanalar öz funksionallığını itirib. Kitab təminatı bərbad gündədir. Kitabxanaların birləşdirilməsi ilə ona işarə edilir ki, yerdə qalan binalara kimlərsə göz dikib». Bunu isə qəzetə təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Məqalədə qeyd edilir ki, hətta ali məktəblərin kitabxanaların belə kitabla təminatında ciddi problemlər yaşanır.

Kitab çapı ilə məşğul olan Nadir Əmirov isə qəzetə deyib ki, kitabxanalara verdikləri kitabların pullarını belə ala bilmirlər. Onun fikrincə, kitabxanada yeni kitab görə bilmədiyi üçün oxucu ora getmir: «Bu gün kitab mağazalarında satış yaxşıdır, oxucu da azalmayıb. Oxucu yaxşı kitaba pul verir və alır. Mən bunun əyani şahidiyəm».

Günün bütün mövzuları

XS
SM
MD
LG