Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:09

Fərhad Yalquzaq: Özümlə yalnız bir dəst paltar götürdüm


Fərhad Yalquzaq

Fərhad Yalquzaq

-

"Qalan paltarlarımı, ayaqqabılarımı bir yerə toplayıb zibil yeşiyinin yanına qoydum. Ətrafda onsuz da çoxlu evsiz-eşiksiz adamlar dolaşır. Onlar hər gün zibillikdə eşələnirlər və təbii ki, mənim pal-paltarım onlara lazım olacaqdı. O ki qaldı iş məsələsinə, haqlısınız. Mən böyük bir şirkətdə, yüksək vəzifədə işləyirdim..."

Rəssam Fərhad Yalquzaq ilə şair, yazıçı Rasim Qaracanın OxuZalında söhbəti

- Keçən ilin payızında sən qeyri-adi bir aksiyanı həyata keçirdin, şəhərdən uzaqlaşıb ölkənin şimal rayonlarından birində, meşədə, insanlardan uzaqda yaşamağa qərar verdin. Bu addımının motivlərini necə izah edərdin?

Fərhad Yalquzaq

Fərhad Yalquzaq

- Atdığım bu addım bir tərəfdən sadəcə olaraq psixoloji zərurətdən doğmuşdu. Mən ətrafımda baş verən hadisələrdən, işimdən, insanlardan, ümumiyyətlə, şəhər həyatından yorulmuşdum.

Digər tərəfdənsə, uşaqlıqdan macəranı sevmişəm. Daniel Defonun "Robinzon Kruzo"sunu bəlkə də iyirmi dəfə oxumuşam.

Böyük səyyahların həyatıyla yaxından maraqlanmışam. Qleb Travinin bütün SSRİ-nin hüdudlarını velosipedlə gəzməsi; Rual Amundsenin, Skottun cənub qütbünə səyahəti; Frityof Nansenin, Robert Pirinin şimal qütbünə səyahəti; rus klassik yazarı Vladimir Saninin hər iki qütbə səyahətləri və bu səyahətlər nəticəsində ərsəyə gətirdiyi on altı kitab mənim üçün böyük önəm kəsb edib. Mən bu böyük insanların yaşadığı çətinliyin heç olmasa az hissəsini öz həyatımda yaşamaq istəyirdim.

Robinzon Crusoe-nun prototipi

Robinzon Crusoe-nun prototipi

Əslində hər bir adamın içində bir avantürist macəraçı mürgüləyir. O, öz vaxtını gözləyir. Çox zaman reallıq hissi, sağlam düşüncə həmin avantüristin ortaya çıxmasına imkan vermir. Qıraqdan baxanın heç ağlına da gəlməz ki, heç toyuq başı kəsməyə ürəyi gəlməyən bu gözlüklü adam, az qala hər gün təxəyyülündə ağlasığmaz macəralar yaşayır. O, hələ dünən Edmon Danteslə birlikdə "İf" qalasından qaçmışdı. Bu gün isə küçənin ortasında təkbaşına bir sürü xuliqanın ağız-burnunu əzib.

Ancaq ən azı min adamdan birində mürgüləyən avantürist mütləq bir gün oyanır və o, "məni dağlar gözləyir" deyərək yaxınlarını, əzizlərini şoka salır. Pavel Koqan "Briqantina"da avantüristlərə öz himnini daha gözəl səsləndirdiyindən, yalnız bir şey əlavə edə bilərəm: bu böyük və yenilməz avaralar tayfasına mənim həmişə xüsusi simpatiyam olub. Mən əminəm ki, onlarsız həyat monastırdakı kimi sönük olardı.

Bu gün avantüristləri romantiklər adlandırırlar, ancaq bu onların məğzini dəyişmir. Necə adlandırırsan, adlandır. Bu tayfanın yalnız özünə məxsus olan qan qrupu var: onlar çətin anlar yaşayanda özlərini daha yaxşı hiss edirlər. Mən özümü bu tayfanın tam hüquqlu, layiqli bir üzvü hesab etməsəm də, deməliyəm: mən mindən biri olmaq cəsarətini özümdə tapa bildim.

- Bu addımın sadəcə şəhərdən çıxıb getmək deyildi, sanki sən ümumən sivilizasiyanın olduğu hər şeydən və hər yerdən uzaqlaşmaq qərarına gəlmişdin; evini, emalatxananı, bütün əşyalarını, hətta rəsm əsərlərini satdın. Üstəlik, yüksək maaşlı, prestijli işindən imtina etdin. Çoxlarına bu sadəcə bir dəlilik kimi göründü. Sən necə açıqlama verərdin?

- Qarşısına belə avantürist bir məqsəd qoymuş bir insanın qarşısını ev, mebel, əşyalar, hətta onun sənət əsərləri də kəsə bilməz. Sən həyatında böyük bir dəyişiklik etmək istəyirsənsə, hər şeyə hazır olmalısan. Sən hər şeyə hazır olmaya da bilərsən, ancaq qarşına böyük əngəllərin çıxa biləcəyini göz önünə almalısan.

Mən əslində heç bir şeyimi satmadım. Emalatxananı kirayə götürmüşdüm, sahibinə qaytardım. Altı yüzə yaxın kitabdan ibarət olan kitabxanamı Feysbukda elan verib gənclərə payladım. Əsərlərimi və bəzi xırda-xuruş şeyləri bir rəssam dostumun emalatxanasına yerləşdirdim. Bir neçə tablomu dostlarıma hədiyyə etdim.

Yəni o, hamı necə, mən də elə, palaza bürünüb, ellə sürünməliyəm – deyərək, qarşısına qoyduğu daha ali məqsəddən imtina edəcək. Mən beləliklə sınan çox rəssam və yazıçı görmüşəm.

Özümlə yalnız bir dəst paltar götürdüm, qalan paltarlarımı, ayaqqabılarımı bir yerə toplayıb zibil yeşiyinin yanına qoydum.

Ətrafda onsuz da çoxlu evsiz-eşiksiz adamlar dolaşır. Onlar hər gün zibillikdə eşələnirlər və təbii ki, mənim pal-paltarım onlara lazım olacaqdı.

O ki qaldı iş məsələsinə, haqlısınız. Mən böyük bir şirkətdə, yüksək vəzifədə işləyirdim.

Azərbaycan standartlarına görə yüksək maaş alırdım. Ancaq bayaq da vurğuladığım kimi, insan həyatında böyük bir dəyişiklik etmək istəyirsə, keçmişdən qalan hər şeyin üstündən xətt çəkməyi bacarmalıdır.

Sən səhv edə bilərsən, fəqət səhv etməkdən qorxmamalısan. Bəlkə biz gündəlik boz həyatımızda heç bir səhvə yol vermirik?!

Vincent van Gogh bir məktubunda yazır ki, nə isə əldə etmək istəyirsənsə, bir səhv buraxacağından qorxma. Çoxları elə bilir ki, heç zaman səhvə yol verməsələr, yaxşı adam sayılacaqlar. Bu yalandır. Belə düşüncə adamı yanlış yola, ortabablığa aparır.

- Sən rəssam, şair, yazarsan, dolayısıyla bir sənət adamısan. Qəşəng gitara çalmağın da var. Başa düşməyə çalışıram səni, sənət qurban tələb edir. Daha doğrusu, maksimal azadlıq lazımdır sənət adamı üçün. Bir neçə il bundan əvvəl həyat yoldaşınla da yollarınızı ayırmışdın. Mütləq Azadlıq ehtiyacını sonradan dərk etdin? Necə oldu səndəki bu dəyişmələr?

Fərhad Yalquzaq

Fərhad Yalquzaq

- İstənilən yaradıcı adama normal fəaliyyət göstərmək üçün maksimal azadlıq lazımdır. Ancaq bu azadlıq məsələsi də şərti bir şeydir. Elə insan var ki, o yalnız "ya hər şey, ya da heç nə" deyərək daha maksimalist bir təfəkkürlə yaşayır. Bu maksimalizm onun əsərlərində də özünü göstərir. Azadlıq məfhumu individualdır. Əli üçün azadlıq olan, Vəli üçün zindan ola bilər.

Ancaq mütləq azadlıq deyilən bir məfhum yoxdur. Mən bunu dağlara ilk qalxdığım günlərdə hiss etdim. Sən arzuladığın bir ortama ulaşmısan, ətrafında sivilizasiya əlamətlərindən çox az şey var. Sual edirsən özünə: axı mənə tam xoşbəxtlik üçün daha nə lazımdır? Nəyə görə mən burada da özümü tam azad hiss edə bilmirəm.

Bir yandan baxırsan ki, sən şəhərdə, insanların arasında yaşadığından qat-qat xoşbəxtsən. Digər tərəfdən isə içində yenə də nə isə bir boşluq hiss edirsən. Sizi inandırıram, mən orada başımı işlə qatmasaydım, bəlkə də dəli olardım. Hər gün özümü fiziki işlərlə, sonra isə yazı-pozuyla məşğul olmağa məcbur edirdim ki, daha heç nə haqqında düşünməyim. İnsan elə bir yaratıkdır ki, o, hər şeydən bezə bilər. Və bu konteksdə, təbiət də, elə bir məqam gəlir ki, sənin gözündə adiləşir. Bəlkə də burada insanın tək olması böyük rol oynayır: sən öz sevincini və kədərini heç kiminlə bölüşə bilmirsən.

Müəyyən bir zaman sürəsində bu normaldır, ancaq elə bir məqam gəlir ki, sən artıq depressiyaya düşməmək üçün özünlə ciddi surətdə mübarizə aparmalı olursan.

- Dağlarda neçə ay qaldın? Günlərin necə keçirdi? Konkret məişət tələblərini necə ödəyirdin? Bilirəm ki, orada "Orman adamı" adlı bir roman da yazmısan. Bir az oradakı həyatın və yaradıcılıq laboratoriyan haqqında danış.

- Mən dağlara keçən ilin avqust ayının əvvəllərində qalxdım. Dəniz səviyyəsindən iki min metr yüksəklikdə bir köhnə daxma tapdım. Dağları yaxşı tanıyan dostlarım mənə kömək etməsəydilər, özüm haradasa, bəlkə də namünasib bir yerdə koma tikməyə məcbur olacaqdım ki, bunun üçün özümlə müxtəlif alətlər də aparmışdım. Yüküm də ağır idi: üç at ancaq mənim yükümü aparırdı. Atları da dağdakı dostlarım təşkil etmişdilər.

"Orman adamı"nda bütün bu proses çox geniş şəkildə nəql olunduğundan detallara varmayacağam. Yaxın bir dostumun yardımı olmasaydı, mənim dağlardakı Robinzonadam çox tez başa çatacaqdı.

Hətta kiçik elektrik generatorum da vardı ki, onu gecələr üç saat işlədib telefonumu, kompüterimi doldururdum.

Çünki mən, yalnız oradakı mühitlə yaxından tanış olandan sonra anladım ki, bizim dağlarda, meşələrdə tamamilə tək qalmaq mümkün deyil. Bura Alyaska meşələri, Amozon cəngəllikləri qədər geniş bir ərazi deyil ki, sən heç kimi görmədən uzun müddət ortalıqdan qeyb ola biləsən.

Qida məsələsi də çox ciddi bir məsələdir. Mən özümlə iki aylıq azuqə götürmüşdüm, sonradan dağlarda, təbiətdən qida əldə edə biləcəyimi düşünürdüm, ancaq bu, elə də asan məsələ deyil. Bakıda hazırlıq işlərini görən zaman elə bilirdim ki, meşədə əlini hara uzatsan, oradan qida əldə edə bilərsən. İstənilən çaya qarmaq atsan iri-iri balıqlar tuta bilərsən. Yox, qətiyyən belə deyil.

Bir söz var: canavarı ayaqları yedirdir. Meşədə yaşayan adam da, yemək tapa bilmək üçün çox gəzməlidir. Ancaq bu da azdır: sən yeməli göbələkləri, otları, gülləri, meyvələri, yarpaqları tanımalısan. Yoxsa o məşhur filmdəki oğlan kimi zəhərlənib ölməyin qaçılmazdır.

Fərhad Yalquzaq

Fərhad Yalquzaq

Məişət tələblərim çox deyildi. Mənə lazım olan şərait dağın başındakı evdə vardı. Hətta kiçik elektrik generatorum da vardı ki, onu gecələr üç saat işlədib telefonumu, kompüterimi doldururdum.

Yemək bişirmək, otağı qızdırmaq üçün dəmirdən odun sobam da vardı. Bulaq evdən yüz əlli metr aralıdaydı. Həm oradan içməli su daşıyırdım, həm də mütəmadi olaraq soyuq suyun altında çimirdim.

Mən səkkiz ay dağlarda, ormanda yaşadım, daim soyuq suyla çimdim, ancaq bircə dəfə də xəstələnmədim. Fiziki zəhmət, gündəlik beş-altı kilometrlik gəzintilər, sağlam qida qəbul etməyim sayəsində çəkim on iki kilo azaldı. Bakıya qayıdan kimi isə soyuqladım.

Dağa qalxdığım ilk gündən "Orman adamı" üzərində işləməyə başladım. Tək olduğumdan, gözəl mühitdə yaşadığımdan, heç kimin mənə mane ola bilməməsindən iş çox sürətlə gedirdi. Hər gün ən azı min beş yüz söz yaza bilirdim. Mən işi bir kitabla bitirəcəyimi planlaşdırmışdım, ancaq hər şey tamam başqa cür alındı. Mən bir neçə dəfə dağlarda yaşadığım yeri dəyişdim və hər getdiyim yerdə daha maraqlı olaylarla, insanlarla qarşılaşdım. Bütün bunları yazmamaq mümkün deyildi. Özümdən uydurduğum obrazları da yazıya qatandan sonra mətn böyüdü və altı aydan sonra mən romanı dörd cildlik bir kitaba yerləşdirə biləcəyimə əmin oldum.

Daha sonra isə beşinci cildi yazmağa başladım, ancaq bu dəfə iş ləng gedirdi. Çünki indi, daha çox rəngkarlıqla məşğul olmağa başlamışdım. Qısası, beşinci cild üzərində hələ işləməliyəm. Hələlik isə burada, Bakıda birinci cildin redaktəsini tamamlamaqdayam. O ki qaldı rəssamlığa, – mən dağlarda azı altmış yeni tablonun eskizini və kətan üzərində otuza yaxın yeni tablo işlədim. Dostum məni rəng və kətanla təmin edirdi.

- Mənə elə gəlir ki, sənin bu cəsarətli addımın, çoxlarına ağılsızca görünsə də, tarixi hadisədir. İndi olmasa da bəlkə gələcəkdə həmvətənlərimiz tərəfindən bəyəniləcək. Hər-halda ilk dəfədir ki, bir azərbaycanlı könüllü, məqsədli və hazırlıqlı şəkildə ibtidai insanın təcrübəsini yaşamağa girişir. Və bu şücaəti bir AYO-çunun yapmış olması da qürurvericidir... Bütün bunlar sənin iradəli bir insan olduğunu göstərir. Nədir iradəli olmaq? Təkcə fiziki güc deyil, sanıram.

- İradə – öz mənəvi və psixoloji gücünə tam güvənən insanlara xas olan bir xüsusiyyətdir. Öz işinin, məqsədinin, əməlinin doğruluğuna inanan insan iradəli olmazsa, həyatında uğur qazana bilməz. Təbii ki, iradəli olmaq üçün təkcə fiziki güc tələb olunmur. Məncə, fiziki gücün ümumiyyətlə iradəyə o qədər də böyük aidiyyəti yoxdur. Uzun müddət sevmədiyi işlə məşğul olan insanın əvvəl-axır iradəsi qırılmalıdır. Yəni o, hamı necə, mən də elə, palaza bürünüb, ellə sürünməliyəm, – deyərək, qarşısına qoyduğu daha ali məqsəddən imtina edəcək. Mən beləliklə sınan çox rəssam və yazıçı görmüşəm.

Mən özüm də sınmağın astanasındaydım: 20 il hər gün səkkiz saatını sevmədiyin işdə keçirmək sizə elə-belə gəlməsin. Bu iyirmi ilin az qala hər günü mən azad olmaq, yalnız sənətimlə məşğul olmaq, istədiyim zaman gedib təbiətin qoynunda tək yaşamaq imkanına malik olmaq haqqında düşünürdüm. Ancaq hələ məqam yetişməyib deyə-deyə bir də fördüm ki, artıq həyatımın yarıdan çoxu arxada qalıb, mən isə hələ də yerimdə addımlayıram. Bax, artıq bu məqamda düzgün qərar vermək iradə tələb edirdi və mən, qətiyyən peşman deyiləm ki, bu ağır qərara gələ bildim. Düzgün qərar qəbul etdiyimə də şübhə etmirəm.

İnsanlar yenilikdən qorxurlar. İnsanlar başa düşə bilmirlər ki, yenilik etməsələr, həyatlarını maraqlı və mənalı edə bilməzlər. Həyatında yenilik etmək üçün də, təbii ki, istəkdən başqa, iradə də lazımdır. Fədakarlıq da lazımdır. Öz mövcud qınına qapılmaqla heç bir nailiyyət qazanmaq mümkün deyil. Heç kim gəlib sənin həyatını mənalı etməyəcəkdir. Sən özün tərpənməlisən və keyfiyyətindən asılı olmayaraq yeniliklərə hazır olmalısan.

Yenilik olmasa insanın əqli və fiziki baxımdan inkişafından söz açmaq yersizdir. İradəsiz insan, yeniliyikdən qaçan insan isə mənim üçün ən mənasız insandır. Onun, çayın sahilinə səpələnmiş qənbər daşlardan heç bir fərqi yoxdur.

- Nədir həyatın mənası və məqsədi?

- Mənim sevimli yazıçım Çarlz Bukovski deyir ki, sən özün ona məna verməyincə həyatın heç bir mənası yoxdur. Bir az dərindən qurdalasaq qörərik ki, hər kəsin özünə məxsus individual həqiqəti var və bunu eyni zamanda onun məna anlayışına da şamil etmək olar. Digər tərəfdən burada səviyyə fərqi, mədəniyyət və əxlaq fərqi də özünü göstərir.

Dərd burasındadır ki, bizim xalqımız mənalı yaşaya bilmir. Kitab oxumur, tamaşalara getmir, muzeylərə getmir. Bir xalq əgər ancaq yemək-içmək, toy haqqında düşünürsə, onun həyatına necə maraqlı və yaxud mənalı demək olar? Məncə insan həyatını mənalı edən onun daxili aləminin zənginliyi, bu zənginliyi paylaşmaq qabiliyyəti, onun yaradıcı varlığı və yaşadığı dünyada baş verən hadisələrə göstərdiyi münasibətdir.

Laqeyd insanın həyatı heç zaman mənalı ola bilməz. Dayaz düşüncəli insanın həyatı heç zaman mənalı ola bilməz. Yaradıcı qabiliyyəti olmayan insanın həyatı bəlkə də mənalı ola bilər, ancaq bunun üçün onun heç olmasa yaradıcı insanlara, onların yaradıcılığına düzgün münsaibəti olmalıdır. Örnək üçün, sənətşünasın həyatı mənalı ola bilər, ancaq o heç zaman rəssam kimi, yazar kimi, yaxud bəstəkar kimi maraqlı ola bilməz.

O ki qaldı məqsədə, – məncə yuxarıda sadaladığım keyfiyyətlərə malik olan insanın məqsədi mənasız həyat sürən böyük bir kütlənin məqsədindən kökündən fərqlənməlidir. Bu isə məntiqidir. Üzeyiri sevən adamın məqsədi ondan avtoqraf almaqdırsa, Stefan Sveyqi sevən adamın məqsədi isə onu əsərlərini oxumaq, təbliğ etmək və tərcümə etməkdir. Bu iki insanın həyatının mənası və məqsədi heç zaman eyni ola bilməz.

- Sən artıq Bakıdasan. Emalatxana kirayələyib işləməyə başlamısan. Dağlara yenidən qayıtmaq fikrin varmı? Yoxsa artıq birdəfəlik sivil həyata dönməyə qərar vermisən?

- Bakıya qayıtmağa qərar vermək mənim üçün bir az çətin oldu. Ancaq bunu etməliydim. Müəyyən məsələlər var ki, onları vəhşi təbiətin qoynunda etmək mümkün deyil. Vəhşi təbiət müəyyən məsələlərdə sivil dünyanın oyun qaydalarını qəbul etməyə məcburdur.

Səkkiz saatlıq iş rejimi yaradıcı insanı məhv edir.

İnsanın həyata gəlməsi təbiətin qanunlarıyla bağlıdırsa, onun əqli olaraq inkişaf etməsi və ortaya sanballı bir əsər çıxarda bilməsi üçün sivil dünyanın atributları olan elektrik enerjisinə, bilgisayara, məlumat və bilgi mənbələrinə ehtiyacı var. Bütün bunlardan müəyyən müddət aralı qalmaq olar. Ancaq sonra, yəni resurs tükənəndə həmin ehtiyac insanı geriyə, sivil dünyaya dartır ki, bu gün mən, məhz buna görə Bakıdayam.

Mən "Orman adamı"nı qələmlə dəftərlərə yazmışam. Dörd cildlik kitabı meşədə bilgisayarıma köçürmək üçün mənə tonlarla benzin lazımdır. Mən balaca generatorumdan gecələr üç saatdan artıq istifadə edə bilmirəm. Bu yetərli deyil, – iş axsayır. Burada isə mən hər gün ucuz elektrik enerjisindən istifadə edərək işləyə bilirəm.

Digər tərəfdən, mən dağlarda iki yüzə yaxın eskiz etmişəm. Bu eskizləri böyük kətanlara köçürmək lazımdır. Mənim meşədəki komamda belə bir şərait yoxdur. El diliylə desək, qurdumu öldürəndən sonra yenə də dağlara qayıtmaq fikrim var.

Sual edə bilərsiniz ki, bəs müəyyən bir yerdə işləmədən, pul qazanmadan Bakıda necə yaşayacaqsınız? Təbii ki, çox çətin olacaq, ancaq mən bir daha səkkiz saatlıq iş rejiminə qayıtmaq istəmirəm. Səkkiz saatlıq iş rejimi yaradıcı insanı məhv edir. Pulsuzluq da insanı məhv edə bilər, ancaq seçim insanın özündən asılıdır.

Mənə hazırda dostlarım maddi yardım göstərirlər. İndi demək olar ki, dostlarım üçün işləyirəm. Bakıda yaşadığım müddətdə işləyəcəyim tablolarımın çoxunu indi mənə yardım edən insanlara verəcəyəm. Sata bildiklərimi satıb onların yükünü azaltmağa çalışacağam. İndi daha çox romanın redaktəsiylə məşğulam. Heç olmasa birinci cildi qurtarıb çapa vermək istəyirəm. Yəni, hələ burdayam. Ancaq məni bilmək olmaz: bir də gördün qurdum tərpəndi və mən yenidən başımı götürüb dağlara qaçdım.

Günün bütün mövzuları

XS
SM
MD
LG