Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:36

Cəbhə xəbərlərini bilib, saxlamaq olarmı?


Qarabağda erməni hərbi birləşmələri.
Qarabağda erməni hərbi birləşmələri.

-

Qarabağ cəbhəsində vəziyyət, regional münasibətlər və intiharların artması medianın aparıcı mövzusu olaraq qalır.

HƏR GÖRDÜYÜNÜ DEMƏMƏK...

«Azərbaycan» qəzeti Qarabağ cəbhəsində yaranmış son vəziyyətlə bağlı vətəndaşların sosial şəbəkələrdə əks olunan fikir və şərhlərindən bəhs edən yazı dərc edib. Yazıda vətəndaşlar ayıqlığa çağırılır. Qarabağ münaqişəsinin hələ həllini tapmadığı üçün informasiya sahəsində də təmkinli olmaq tövsiyə edilir: «Məmnunedici hallardan biri də odur ki, Azərbaycanın internet resursları və istifadəçiləri fəaliyyətlərinə məsuliyyətlə yanaşırlar. Prinsiplər müəyyənləşdirilib. Rəsmi məlumatlardan qeyri, fərdi qaydada çəkilmiş və ya əldə edilmiş hərbi xarakterli audio-video materialları yaymamaq qərara alınıb. Cəbhə bölgəsində də insanlar təmkinli davranır. Hər bildiklərini və gördüklərini bölüşməyə tələsmirlər. Elə qələbənin də rəhni budur».

İNTİHARLAR ÖLKƏSİ

«Azadlıq» qəzetində son illər ölkədə intiharların artmasından bəhs edilir: «Ötən illərlə müqayisədə keçən il Azərbaycanda intihar halları artıb. 2013-cü ildə bu göstərici 415 nəfər idisə, 2015-ci ildə bu rəqəm 535-ə yüksəlib».

Bu cümlə qəzetdə dərc edilən «İntiharlar hökuməti niyə hərəkətə gətirmir?» adlı yazıdan götürülüb. Yazıda uşaq intiharlarının da artmasına diqqət çəkilir: «2013-cü ildə 18 uşaq intihar etmişdisə, 2015-ci ildə uşaqlar arasında intihar sayı 29-a yüksəlib».

Daha sonra məqalədə intiharların səbəblərinə toxunulur: «Son dövrlərin intihar hallarına nəzər salanda məlum olur ki, əsas səbəb sosial-iqtisadi durumun ağırlaşmasıdır. Xüsusən də intihar edənlər arasında kredit borcu olanlar üstünlük təşkil edir. Bəli, əsas səbəb hökumətin biganəliyi, məsuliyyətsizliyidir. İşsizliyin hökm sürdüyü, qiymətlərin artdığı, təhsil haqlarının kəllə-çarxa çıxdığı, dövlətin sərvətlərinin bir qrup şəxsə xidmət etdiyi ölkədə intiharlar qaçılmaz olur».

Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyi

BUZ TƏRPƏNDİ

«Novoye Vremya» qəzetində «Buz tərpəndi» adlı məqalədə QHT-lərin vəziyyətindən bəhs edilir. Məqalədə qeyd edilir ki, Baş Prokurorluq ölkədə fəaliyyət göstərən QHT-lərin və onların rəhbərlərinin bank hesablarına qoyulan həbslərin götürülməsi ilə bağlı məhkəmələrə təqdimat göndərəcək. Müəllifin düşüncəsinə görə, əslində, bir sıra QHT-ləri «qrant yeməkdə» ittiham etmək düzgün deyildi: «Ölkənin bütün sahələrində çoxsaylı problemlər var və vətəndaş sektoru bu problemlərin həllinə əhəmiyyətli dərəcədə kömək edə bilər. Elə əslinə qalarsa, QHT-lərin fəaliyyəti məhz bundan ibarət olmalıdır».

Məqalədə daha sonra QHT-lərin qeydiyyatı məsələsində problem yaşanmasına toxunulur və Ədliyyə Nazirliyi ciddi tənqid edilir: «Ədliyyə Nazirliyində qeydiyyat məsələsi çoxdandır ki, həm Azərbaycanda, həm də Avropa qurumlarında diskussiya mövzusudur. Ədliyyə Nazirliyi burada ayrı-seçkilik edir. Hökumətə yaxın QHT-lər qeydiyyat məsələsində problem yaşamır. Amma bunu müstəqil QHT-lər haqda demək olmaz. Özü də, qeydiyyatdan əsaslandırılmamış şəkildə imtina edilir və ya proses süni şəkildə uzadılır».

Müəllif yazır ki, indi QHT-lər qeydiyyatsız fəaliyyət göstərə bilməzlər. Onun fikrincə, bu, ən az hesablara həbs qoyulması qədər ciddi problemdir: «Yəni, hamı öz fəaliyyətini qanuniləşdirməyə səy edir, heç kəs yarımleqal fəaliyyət göstərmək istəmir. Bu düzdür, hər şey qanunauyğun olmalıdır. Öz növbəsində Ədliyyə Nazirliyi də qanunauyğun fəaliyyət göstərməlidir. Məgər bu belədirmi?».

Qəzalı bina
Qəzalı bina

EVSİZLİK DƏRDİ...

«Ekspertlərin fikrincə, ayda 2 min manat gəliri olmaq şərtilə, yalnız 10 ilə daşınmaz əmlak almaq olar».

Bu cümlə «Exo» qəzetində dərc edilən «Bakıda mənzil almaq üçün nə qədər işləmək lazımdır?» adlı məqalədən götürülüb.

Məqalədə paytaxtın mərkəzində evlərin bir kv.metrinin 3-4 min manat, şəhər kənarında isə 1000-1200 manat olduğu deyilir: «Əlbəttə, belə kosmik qiymətlər müştəriləri qorxudur. Nəticədə obyektlər yarıboş durumda qalır, tikinti sahibi gəlir əldə edə bilmir, insanlar kirayədə yaşamalı olurlar».

Yazıda qeyd edilir ki, vətəndaşlar ipoteka krediti vasitəsilə də ev problemini həll edə bilmirlər. Məqalədə ekspertlərdən Rəşad Həsənovun fikirlərinə də yer verilib. «Qiymətlərin bahalığı hər ailəyə mənzilə sahib olmaq imkanı vermir, Bakı ilə müqayisədə İsveçrə kimi ölkədə mənzil sahibi olmaq dəfələrlə asan məsələdir»,- deyə Rəşad Həsənov qəzetə bildirib.

Daha sonra ekspert keçən ilki devalvasiyadan sonra ölkənin mənzil- tikinti sektorunun böhran yaşadığını deyərək, vəziyyətin hələ bir müddət qeyri-müəyyən qalacağını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG