Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:42

Müharibə başlayanda, müharibə qurtaranda


Ülvi Babasoy
Ülvi Babasoy

-

"Həmin hekayənin qəhrəmanı Leo bütün telefon xətlərini kəsib calayır dostunun evinə."

Ülvi Babasoy

Doğulmadan ölməyin lənəti

Şuşa
Şuşa

Onda hələ dünyaya göz açmamışdım. Yenə də danışacam.

Anam deyir ki, 1987-ci ilin payızıydı. Atan işə gedəndən biraz sonra təngənəfəs geri qayıtdı. Rəngi qapqara olmuşdu. Elə bil boğub buraxmışdılar. Su istədi…

Həyacandan ürəyim ağzıma gəlirdi. Mənim suallarıma cavab vermirdi. Özü-özünə nəysə sayaqlayırdı. Axırda özünə gəlib dedi:

"Ermənilər Şuşaya bayraqlar asıblar. Bunun axırı yaxşı olmayacaq!"

Şuşa
Şuşa

- Mən "Burda nə var ki" dedim. Ömründə mənə güldən ağır söz deməyən atan əsəbiləşdi. Qışqır-bağır saldı. Hirsi soyuyandan sonra başımı oxşayıb hönkürdü:

- Yox, Gülnaz, sən yaxşı tanımırsan onları. Biz Şuşanı itirə bilərik…

***

Dünən cəbhədə atəşkəs elan olunandan sonra yadıma atamla anamın söhbəti gəldi. Daha sonra Böllün “Müharibə başlayanda” və “Müharibə qurtaranda” hekayələri.

Erməni millətçilərinin 300 illik kinin bəhrəsi Qarabağ savaşı. Savaş nəticəsində itirilən Topxana meşəsi, Cıdır düzü,İsa bulağı, Turşsu, hər tərəfi yasəmən gülləri ilə sarmalanan Şuşa bazar meydanı. O on addımlıq bazar meydanı. Və müharibənin nə qədər ağır və absurd olması.

Təəssüfləndim. Bu gözəlliklərdən məhrum olduğuma. Topxana meşəsində gəzmək hüququmun olmamasına. Turş suyu dadmamağıma. Cıdır düzündəki böyük alma bağında atamın tikdirdiyi evdə yaşaya bilməməyimə… Bu gözəlliklərin fotolarına həsrətlə baxmağıma…

Nəyin uğrunda olursa olsun, müharibə arzuedilməzdir. Ordumuzun təmas xəttindəki cəsarəti qürurverici olsa da. Haqlı tərəf biz olsaq da, məsum və qorunmağa möhtac onlarla canlı zərər görəcək.

Dinc erməni əhalisinin Qarabağdan qovulmasını istəmirik. Ermənilərin Qarabağda mədəni muxtariyyət hüquqları var. Bəli, mədəni. Ancaq və ancaq mədəni.

Heinrich Böll
Heinrich Böll

Biraz da ədəbiyyat pəncərəsindən müharibəyə baxaq. Heinrich Böll “Müharibə başlayanda” hekayəsində Rabitə bölüyündə xidmət edən iki alman əsgərini təsvir edir.

Hekayənin qəhrəmanı Leo bütün xəttləri kəsib calayır dostunun evinə. Ona görə ki, dostu arvadlyla doyunca danışsın. Daha sonra Leo da öz nişanlısı ilə danışır.

Nişanlısı hamilədir. Nişanlısı Leoya deyir ki, uşağı götüzdürəcəm. Leo çox kədərlənir. Əsgər dostunun ona vediyi təsəlli dözülməz gerçəklikdir: “Əslində sevinməlisən... məncə, müharibə uşağı olmaq o qədər də yaxşı deyil”.

Leonun telefon xəttlərini kəsməsi üzə çıxanda o, cəzalandırılır. Yenicə başlamış müharibədə ön cəbhəyə göndərilir. Və orada həlak olur.

Böll telefon xəttlərini simvollaşdırır. Telefon xəttləri ürəyimizlə ünsiyyət qura bilməməyimizin rəmzidir. Gözəlliklərin nifrətə çevrilməsinə mesajdır. İtmiş ünsiyyətlərin tapılmasına bir ümiddir. Mənəvi rabitə pozğunluqlarının ədəbiyyatla bərpasına çabadır.

“Müharibə qurtaranda” sağ-salamat evinə qayıdan alman əsgərinin nə evi var, nə də ailəsi. Ev yerlə yeksandır. Həyat yoldaşı isə başqası ilə... “Heç vaxt evləndiyimizi dilə gətirməyən o qadının səsi də qulağımda vağzala qayıtdım...”

Bir ailənin dağılması, bir millətin məhvinə işarədir. Burada bir ailənin dağılması, dünyanın sonu qədər faciəvidir. Məhz buna görə müharibə olmasın. Uşaqlar doğulmadan ölməsin!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG