Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:32

«Qarabağ münaqişəsi Rusiyaya başağrısıdır»


Vladimir Putin
Vladimir Putin

-

Türkiyənin Azərbaycanı ürəkləndirməsinin bir səbəbi də onun Moskvayla münasibətlərini korlamaq istəyidir; Azərbaycanlılar bilirlər ki, tam müharibəyə getsələr, son 10 ilin neft gəlirlərini xərcləməli olacaqlar – 6 aprel Qərb mediasının icmalı.

«Ermənistan-Azərbaycan münaqişəsi Moskvaya uduş gətirmir». UPI.com saytı təhlilçi Vladimir Mikheev-in məqaləsini dərc edib. Müəllif Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki maraqlarını araşdırıb.

Yazıda qeyd olunur ki, Rusiya Ermənistanın təhlükəsizlik qarantı kimi çıxış etsə də, Azərbaycanı da pisikdirməməyə çalışır. Bu da regional oyunçuları, deyəsən, qıcıqlandırır. Son toqquşmalardan sonra Rusiya nazirləri həm erməni, həm də azərbaycanlı həmkarlarına zəng edib. Prezident Vladimir Putin də hər iki tərəfi «dərhal atəşkəs»ə çağırıb. Ancaq Türkiyə prezidenti Recep Tayyip Erdoğan ancaq azərbaycanlı həmkarına zəng edərək başsağlığı verib, dəstəyini bildirib.

Müəllifin fikrincə, Türkiyə-Rusiya münasibətlərinin durumunu nəzərə alsaq, Qafqazda münaqişənin alovlanması Moskvaya daha bir başağrısı yaradır. Moskva hər iki münaqişə tərəfi arasında diplomatik manevri davam etdirərsə, Ankara bundan heç nə itirmir. Yaxud Moskva Ermənistanın tərəfini tutmağa başlarsa, Azərbaycanı özündən uzaqlaşdırmış olar ki, bu da Türkiyə rəhbərliyinə bir hədiyyə sayılar:

«Görünür, indiki məqamda, BMT-nin, ATƏT-in sakitliyə çağırdığı bir məqamda Türkiyənin Azərbaycanı ürəkləndirməsinin bir səbəbi də onun Moskvayla münasibətlərini korlamaq istəyidir».

Təhlilçi düşünür ki, Türkiyə ilə Azərbaycan arasında 2010-cu ildə imzalanan Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə ciddi təhlükə yarada bilər. Belə ki, sənəd tərəflərdən birinə hücum halında digərinin onu dəstəkləməsini nəzərdə tutur: «Daha bir münaqişəyə cəlb olunmaq Erdoğan-a əlavə vaxt qazandırmış olar, bu zaman ölkəsində də ultramillətçi əhvalı qızışdırmış olar».

Müəllif «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması ilə müharibə aparıldığı bir regionda yeni bir münaqişənin çox namünasib vaxta düşdüyünü qeyd edir:

V.Putin və R.T.Erdoğan
V.Putin və R.T.Erdoğan

«Doğrudan da, baş sındırılası tapmacadır. Niyə axı? Tərəflərdən heç biri Dağlıq Qarabağ mübahisəsinin hərbi yolla həllinin mümkünlüyünə inanacaq qədər sadəlövh deyil. Azərbaycanla Ermənistan niyə silaha əl atsın ki? Hər ikisi itirəcək axı. Elə Rusiya da ən zəif yerində düşmənçiliyin qalmasından məmnun deyil…».

MOSKVA HƏRƏKƏTƏ KEÇƏCƏK

«The Washington Post» qəzetində Ishaan Tharoor yerli müşahidəçilərə istinadla yazır ki, hər iki ölkənin lideri zaman-zaman bu münaqişədən, Qarabağ kartından yararlanaraq dəstək qazanmaq, diqqəti daxili problemlərdən yayındırmaq naminə istifadə ediblər.

«Ermənistan rəhbərliyi tutduğu ərazini əldə saxlamaqdan ötrü dəridən-qabıqdan çıxır və status-kvonun qorunmasında maraqlıdır», - Birminhem Universitetinin araşdırmaçısı Kevork Oskanian deyib. «Azərbaycan hökuməti isə, əksinə, torpağını «azad etmək» üçün bir təzyiq altındadır, danışıqların dalana dirənməsindən təngə gəlib, üstəlik, neftin ucuzlaşması da iqtisadiyyatına ziyan vurub».

Müəllif Moskva-Ankara qarşıdurmasına da diqqət çəkir, bu ziddiyyətlərin Cənubi Qafqazda daha bir münaqişəyə təsirsiz ötüşməyəcəyini vurğulayır. Axı Avropaya neft-qaz ötürəcək tranzit marşrutu uğrunda da mübarizə gedir.

«Ancaq Moskva prosesə digər kənar oyunçulardan daha artıq girişib və görünür, özünün strateji maraqlarını irəlilədir», -Beynəlxalq Böhran Qrupundan Magdalena Grono yazır. «Bu iki güclü dövlət Azərbaycanla daha sıx əlaqə yaratmağa çalışır, regionda əvəzedilməz vasitəçi və təhlükəsizlik təminatçısı rolunu sübuta yetirməyə çalışır. Hər halda, Moskva regionda mövqeyini gücləndirməkdən ötrü hərəkətə keçəcək».

Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrə görüşü.
Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrə görüşü.

BEYNƏLXALQ TƏZYİQ DƏ YETƏR

«The New York Times», «The Wall Street Journal»ın Avropa nəşri cəbhə xəttində atəşkəsin elan olunması barədə məqalələr dərc edib.

«Atəşkəs elan olunsa da, ona necə əməl ediləcəyini söyləmək hələ çox tezdir». Bunu Karneqi Fondunun aparıcı əməkdaşı Thomas de Waal «The Guardian» qəzetinə deyib:

«Bu münaqişənin yerləşdiyi məkanın problemi ondadır ki, atəşkəs pozularsa belə, sülhməramlıları yoxdur. Genişmiqyaslı müharibə olmasa da, az intensiv atışmalar sülh prosesini darmadağın edir».

De Waal düşünür ki, eskalasiya təhlükəsi realdır, hər iki ölkənin ictimaiyyəti son 20 ildə hərbi təbliğatla böyüyüb. Ancaq təhlilçi münaqişənin tammiqyaslı müharibəyə keçməsini önləməkdən ötrü beynəlxalq təzyiqin yetərli ola biləcəyini düşünür:

«Azərbaycanlılar bilirlər ki, tam müharibəyə getsələr, son 10 ilin neft gəlirlərini xərcləməli olacaqlar. Son altı ayda neftin ucuzlaşması onları beynəlxalq maliyyə qurumları ilə danışıqlara aparıb. Yəni, bu məsələ rıçaq rolunu oynaya bilər».

Müəllif yazır ki, münaqişənin Rusiya və Türkiyənin dolayı müharibəsinə çevrilmək təhlükəsi də var. Rusiya Ermənistana hücum halında ona dəstək verməlidir, bundan ötrü müqavilə öhdəlikləri mövcuddur, Türkiyə isə Azərbaycanın yanındadır.

XS
SM
MD
LG