Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Ə.Əylislinin gedə bilmədiyi Kitab Festivalında edəcəyi çıxışın mətni


Əkrəm Əylisli

Əkrəm Əylisli

-

Yazıçı Əkrəm Əylisli İtaliyanın Venesiya şəhərində keçirilən, 31 martda Bakı hava limanında saxlandığı üçün gedə bilmədiyi "Sivilizasiyaların görüşü" kitab festivalında bu çıxışı edəcəkdi.

Əkrəm Əylisli

HAKİMİYYƏTİN PSİXOLOGİYASI

ÖZ MÖVQEYİ OLAN YAZIÇILARI QƏBUL ETMİR

Hələ Bakıda ikən, burada danışmağıma ehiyac yaranarsa, çıxışıma necə başlayacağımı düşünərkən bu təlaş dolu sözlər ağlıma gəldi:

"Sizin qarşınızda tamamilə müdafiəsiz insan dayanıb". Və elə həmin andaca ürəyimdən buna qarşı etiraz səsi gəldi. O səs: "sızıldama" - dedi, "qocafəndi deyingənlik eləmə. Sən öz müdafiəsizliyində tək deyilsən. Dünyada səndən də müdafiəsiz adamlar var!"

Təəssüf ki, həqiqətən belədir, əziz həmkarlarım! Bu qəddar zəmanədə bizim hər birimiz aciz və köməksizik.

Tarixdə elə dövrlər olur ki, insanın qəlbindəki boşluğu heç nə doldura bilmir: nə din, nə elm, nə də ədəbiyyat.

Ruhi və bədii avtoritetlər əbədi olaraq, keçmişdə qaldı. Ən çox inkişaf etmiş ölkələrin dövlət institutları insanlığın mübtəla olduğu ruhi və mənəvi çıxılmazlıqdan çıxış yolu tapmaqda aciz olduqlarını sübut etdilər.

Vaxtilə mənim dindaşlarım dini məbədlərin qapılarını üzümüzə bağladığına görə, Sovet hakimiyyətinə lənət yağdırırdılar. İndi mənim ölkəmdə məscidlərin sayı az qala məktəblərin sayına çatmaqdadır, ancaq bunun nəticəsində mənim həmyerlilərimin heç biri hələ ki, Allaha daha yaxın olduğunu deyə bilməz.

Kilsə və məscidlərdə basabasdır, beyinlərdə də hər şey bir-birinə qarışıb. İnsanların ürəyində gələcəyə nikbin baxmağa ümid qalmayıb. Ürəyinin səsini eşitməyə kimsənin vaxtı yoxdur. İnsanlar mədəniyyətdən də əlini üzüb.

"İlahi, mən dondum bu dünyada,

Evdə də əynimdə palto var.

Burda sənin olan hər şeyi dağıdıblar,

Özümüzünkülərsə bizi isitmir".

Ürəklərimizin ağrısını söyləməyə bir gənc rus şairinin bu dörd misrada dediklərindən daha dəqiq söz tapmıram.

İndi biz hamımız köməksizik. Və bu, tək-tək insanlara aid deyil, çarəsiz, köməksiz qalan xalqlar və millətlər də var.

Yüzminlərlə insanın ölümünə və milyonlarla insan taleyinin şikəst olmasına bais olan - Çeçenistanda, Yuqoslaviyada, İraqda, Liviyada, Suriyada, Yəməndə, Donbasda... törədilən cinayətkar siyasi avantüralara görə, kimsə məsuliyyət daşımaq istəmir.

Əgər belə davam edərsə, lap yaxın zamanda dünyada həmişəlik cəzasız qalacaq daha dəhşətli hadisələrin şahidi ola bilərik.

Alexander Solzhenitsyn

Alexander Solzhenitsyn

Soljenitsının dediyi kimi, zorakılıqla yalan həmişə bir-birinin yanındadır. Zorakılıq yalandan ayrı yaşaya bilmir, onun tək yaşamağa zoru çatmır. Zorakılıq yalnız yalan hesabına özünə haqq qazandıra bilir.

Zorakılıq – bu gün dünyada heç vaxt olmadığı qədər geniş miqyas alan və hər kəsi öz həyatı və yaxınlarının, doğmalarınınn taleyi üçün daim səksəkədə saxlayan terror aktları ilə bitib qurtarmır. Zorakılıq həm də ona görə qorxuludur ki, xəlvətcə şüurumuza soxulub qəlbimizi viran qoyur, insanın xeyirə, ədalətə inamını məhv edir, bizi cəhalət tərəfdarlarının və tərəqqi düşmənlərinin qarşısında çarəsiz vəziyyətə salır. O, Xeyirlə Şərin yerini vicdansızcasına dəyişə bilir.

Qəlbində insanlıq naminə heç nə olmayan, yaxud içində bir müdhiş mənasızlıq gəzdirən ürəksiz və beyinsizlər bu yerdə fürsət tapıb milli ideya pərdəsi arxasında gizlənərək, hələ dünən sülh içində, dinc-yanaşı yaşayan xalqların, millətlərin arasına zəhərli nifrət toxumları səpirlər.

Millətçi ona görə qorxuludur ki, o, hər zaman nikbindir, həyatın kədərli, faciəvi məqamlarını görmür və görmək istəmir. Əslində isə həyat həmişə faciələrlə doludur.

Bu sayaq millətçilik - idraka və insaniyyətə qarşı qiyamdır. Özlərini, həyasızcasına, yeganə düzgün ideyanın aparıcısı və xalqın səadəti uğrunda həqiqi mübarizlər elan edən bu adamlar əslində iblisanə dərəcədə qəddarlaşıb insan sifətini itirənlərdir.

Yuxarıdan insanlara sırınan patriotizm isə faşistcəsinə azğınlaşan belə həpəndlərə xalqı kütləyə çevirmək üçün geniş imkan yaradır. Kütləyə yaxın, çox yaxın olanların potensial satqınlar olduğunu qoca tarix çoxdan sübut edib. Kütləyə xalq kimi yanaşanların xalqı necə bir cəhalətə sürükləməyi də bizə çoxdan məlumdur.

Günahkarlar arasında yaşayanda günah istər-istəməz sənə də yapışır. Yazıçı isə elə ona görə yazıçıdır ki, ən ekstremal şəraitdə də əsl həqiqət qarşısında şüurunu sakit və sabit saxlaya bilir.

"Həqiqət Puşkindən, Nekrasovdan, xalqdan, Rusiyadan da üstündür" – bu sözləri bir zaman Dostoyevski yazıb.

"Özünü millətin səsi adlandıran yazıçılardan ehtiyat edin," – bu sözlər isə başqa bir böyük rus yazıçısı, bizim müasirimiz Andrey Bitova məxsusdur.

Kütlənin sevimlisi olmaq üçün nə gəldi, necə gəldi yazmaq olar. Ancaq öz oxucuna doğma adam olmaq hər yazıçıya qismət olmur.

Əsl ədəbiyyat - yazıçının vicdanla keçdiyi fikir və hiss yoludur.

Yazıçı kütləvi oxucu tərəfindən daha çox oxunduğuna görə, yazıçı sayılmır.

Yazıçı, - ən yaşarı əxlaqi və mənəvi dəyərlərin sadiq ifadəçisidir, xalq ona öz ağrı və əzablarını etibar edir. Və xalq simasını itirməyə başlayanda bunun əzab-əziyyətini hamıdan çox yazıçı çəkir.

Yazıçı - xalqının ürəyindən doğulan müəllimdir və bu, yazıçının təqsiri deyil ki, onun belə bir sehirli üstünlüyə malik olduğunu anlamaq siyasət adamlarının adına yazılmayıb.

Hakimiyyətin psixologiyası ictimai həyatda baş verən taleyüklü hadisələrə münasibətdə öz mövqeyi olan yazıçıları qəbul etmir. Hakimiyyət belə yazıçıları sərt və dəhşətli cəzalandırır. Mənə münasibətdə də o, belə sərt və amansız mövqe göstərdi.

Amma indi bu barədə geniş danışmaq niyyətim yoxdur: xarici auditoriya qarşısında öz balaca ölkəmin nüfuzuna xələl gətirmək istəmirəm, çünki ölkəmin indiki rəhbərlərinin mənimlə məlum rəftarından sonra da mən öz vətənimi əvvəlkindən az sevmirəm.

Mənimlə bağlı olan bu əhvalatda kədərli hadisələr az olmadı, ancaq mənim üçün xeyli faydalı və ibrətamiz məqamlar da oldu.

Mənə elə gəlir ki, artıq italyan dilində də nəşr edilən bu kiçik həcmli əsərimlə mən öz başlıca məqsədimə nail ola bildim: mən erməni millətindən olan xeyli insanı xalqıma nifrət bəsləməkdən xilas etdim.

Bir daha anladım ki, bu qanlı konfliktdə bizim iki xalqın günahı yoxdur. Əgər siyasət xalqlarımızın həyatına müdaxilə etməsəydi, xalqlarımız bu qanlı konfliktə heç vaxt getməzdi.

Bir daha əmin oldum ki, xalqlarımız hərə özlüyündə yaxşıdır, hər ikisi bir yerdə olanda isə onlar daha gözəl görünür.

Mən əvvəllər də bilirdim ki, görünəndən görünməzə gedən yol həmişə əzablar içindən keçib. İndi mən bu yolu öz ayaqlarımla yeridim və imkan daxilində çalışdım ki, büdrəyib yıxılmayım.

Görünür, mənim qəlbim bu iztirabı axıracan çəkməliydi ki, satqınlığa və xəyanətə həmişə hazır olan insanları daha yaxından tanıya bilsin. Və bu prosesdə mən özümü yenidən dərk elədim.

Həyatın elə epizodları olur ki, o epizodlar bir çox həyata dəyər. Həyatımın bu epizodunda mən kiminsə nəzərində qəhrəman, kiminsə nəzərində satqın oldum. Ancaq buna bir an belə, şübhə etmədim ki, mən nə qəhrəman, nə də satqınam, mən sadəcə başqalarının ağrısını duya bilən bir yazıçı və humanist insanam.

Galileo Galilei

Galileo Galilei

Mən özümü Qalileyin həyatında gördüm. O Qaliley ki, özünün inandığı həqiqətə bir an belə, şübhə eləməmişdi. Amma bu şəksiz həqiqətlə o, köhnəlmiş əxlaq və dünyagörüşə malik olanların paslanmış qəlbinə yol tapa bilməmişdi.

Mən yalnız coğrafi qonşuluqla yox, həm də çoxəsrlik tarixi tale ilə bir-birinə bağlı olan iki yaxın xalqın yenidən bir yerdə olması üçün şəxsi rifahımdan və rahatlığımdan məhrum oldum.

İndi mənim ən böyük arzum bu iki xalqı yenidən bir yerdə görməkdir.

Və mən o işıqlı günü görənəcən yaşamaq istərdim.

(Yazının orijinalı rus dilində contact.az saytındadır)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG