Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

Manat necə möhkəmlənir?


ABŞ dövlət katibi John Kerry Vaşinqtonda prezident İlham Əliyevi qəbul edir - 30 mart 2016

ABŞ dövlət katibi John Kerry Vaşinqtonda prezident İlham Əliyevi qəbul edir - 30 mart 2016

-

Prezident İlham Əliyevin Vaşinqton səfəri, manatın möhkəmlənməsi və ölkə səhiyyəsində rüşvətxorluq bu gün medianın əsas diqqət ayırdığı mövzular sırasındadır...

CİDDİ EHTİYAC DUYULAN LİDER

«Azərbaycan» qəzeti dövlət başçısı İlham Əliyevin ABŞ-a səfərini gündəmdə saxlayır. «ABŞ prezident İlham Əliyevin siyasətini tam dəstəklədiyini rəsmən bəyan etdi» adlı məqalədə iki ölkə arasında əlaqələrin daha da gücləndiyi qeyd olunur: «Xüsusi vurğulanmalı məqam isə odur ki, ABŞ-ın nəzərində prezident İlham Əliyev yalnız Azərbaycan və Qafqaz miqyasında ən güclü lider kimi nəzərdən keçirilmir. Müəllifi olduğu qlobal miqyaslı layihələrin uğurla gerçəkləşməsinə və davamlı, prinsipial siyasi xəttinə görə, indi Azərbaycan prezidenti dünyanın bu nəhəng fövqəldövlətinin ciddi ehtiyac duyduğu siyasi müttəfiqə, etibarlı iqtisadi tərəfdaşa çevrilib».

İQTİSADİ FƏALLIQ YOXDUR...

İqtisadçı-ekspert Rövşən Ağayev «Azadlıq» qəzetində «Hökumətin «dollar pəhriz»i...» başlıqlı məqaləsində son zamanlar dolların manata nisbətdə bir qədər ucuzlaşması fonunda ölkənin maliyyə bazarındakı mövcud durumu təhlil edir. Müəllif yazır: «Xarici valyutaya tələbatın azalmasının bir neçə səbəbi var. Əvvəla, ölkədə iqtisadi fəallıq tamamilə sıradan çıxıb. İlin ilk ayında ÜDM-in həcmi 3.2 faiz, qeyri-neft ixracı 2 dəfəyə qədər azalıb, iqtisadiyyatın kreditləşməsi faktiki dayanıb. İdxal 25 faiz, büdcə xərcləri 50 faiz azalıb. Bunlar etiraf edilməyən iqtisadi geriləmənin üzdə olan mənzərəsidir».

Rövşən Ağayev

Rövşən Ağayev

İqtisadçıya görə, azalmanın ikinci mühüm səbəbi kənara kapital axının kəskin azalmasıdır. O, 2015-ci ildə kənara 8 milyard dollar valyuta çıxdığını deyərək, bunun 2014-cü il ilə müqayisədə 2 dəfə çox olduğunu qeyd edir. Məqalədə oxuyuruq: «Hazırda ölkə iqtisadiyyatı kəskin pul qıtlığı dövrünü yaşayır. Real sektorun son dərəcə zəif potensiala malik olması, yeni dəyər yaradan sahələrin həddən artıq məhdudluğu insanları kredit götürməyə stimullaşdıra bilmir. Belə bir şəraitdə, manatın digər valyutalar qarşısında real dəyər qazanmasından söhbət belə gedə bilməz».

R.Ağayev hökumətin manatın dollara nisbətdə bir neçə qəpik bahalaşmasını xüsusi qabartmasını əhaliyə psixoloji təsir vasitəsi kimi dəyərləndirir. Onun fikrincə, bunun arxasında əhalini əlindəki manatı dollara çevirməkdən çəkindirmək səyləri durur. Müəllif dolların ucuzlaşmasında bankların «ucuz alıb, baha satmaq» kimi xidmətlərini də istisna etmir: «Mərkəzi Bank çalışacaq ki, valyuta ilə büdcə gəlirlərinin mədaxil edildiyi günlər məzənnə 1.55-dən aşağı olmasın. Çünki qanunvericiliyinə görə, büdcənin xarici valyuta ilə mədaxili Mərkəzi Bankın həmin günə olan məzənnəsi ilə ölçülür».

Ali Məhkəmənin sədri Ramiz Rzayev

Ali Məhkəmənin sədri Ramiz Rzayev

MƏHKƏMƏLƏRDƏ PULSUZ ƏDALƏT OLMUR

«Novoye Vremya» qəzetində dərc edilən «Cəzalandırıcı məhkəmə sistemindən ədalətli...» adlı məqalədə isə bütünlükdə ölkədə məhkəmə sistemi gözdən keçirilib.

Yazıda əvvəlcə Ali Məhkəmənin sədri Ramiz Rzayevin öz fəaliyyətlərini təqdir edən hesabatdan sitat təqdim olunur: «Cəmiyyətdə məhkəmələrin vətəndaşlara cəza verən məkan olması kimi səhv təsəvvür var. Əslində isə, məhkəmə hər şeydən öncə insanların hüquqlarını müdafiə edir». Ali Məhkəmə sədrinin bu sözlərinə məqalədə belə cavab verilir: «Məhkəmələrin prioriteti vətəndaşların qanuni haqlarını müdafiə etməkdir. Amma təəssüflə deyəcəyik ki, bizim məhkəmələrdən az adam əziyyət çəkmir».

Daha sonra yazıda ölkədə məhkəmə sistemi haqda neqativ düşüncənin yaranma səbəblərinə toxunulur: «İstər mülki, istərsə də cinayət işlərində sərt hökmlər cəmiyyətdə mənfi stereotip formalaşdırıb. Daha pisi, bizim insanlarda belə bir mövqe var ki, pulsuz yerli məhkəmələrdə ədalətə nail ola bilməzsən...».

Yazıda siyasi motivli işlər barədə də qeydlər yer alır: «Biz siyasi motivli işlər və siyasi sifarişlər barədə təsadüfən danışmadıq. Bu məsələdə vətəndaş hüquqları heç yada düşmür…».

Ana və körpə.

Ana və körpə.

AZƏRBAYCANDA ANA OLMAĞIN QİYMƏTLƏRİ...

«Bizim Yol» qəzetində «Azərbaycanda ana olmaq 2000 manata başa gəlir» başlıqlı yazıda ölkənin səhiyyə sistemində rüşvətxorluqdan söz açılır.

Məqalədə qiymətlər xəstəxanalara yolu düşən sıravi insanlardan soruşulub. Sıravi paytaxt sakinləri bildiriblər ki, qan analizləri 200, USM-də yoxlama 40-80 manatadır. Təbii doğuş üçün isə 1200 manat ödənilir. Əgər doğuş qeysəriyyə üsulu ilə olarsa, 1600 manata başa gəlir.

Müəllifin yazdığına görə, dövlət xəstəxanalarında xidmətin pulsuz olması ilə bağlı deyilənlər həqiqət deyil. «Həkimlər məndən 700 manat istədilər, müəyyən səbəblər gətirdikdən sonra 300 manata razılaşdılar, həm də dövlət xəstəxanalarında xəstəyə nəvaziş yoxdur. Dövlət xəstəxanalarında doğuşun, müayinələrin pulsuz olması haqda deyilənlər ancaq sözdür», - Bakı sakini Vəsilə İbrahimova qəzetə bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG