Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:41

-

"Qəzetdə “nauşnik” taxılmış qarpızların fonunda Səmədin fotosu yayınlandı..."

Rasim Qaraca

NİLUFƏR

(hekayə)

-Ayə, sən allah, o boyda şəhərdə sən kimə lazımsan? Kiminlə oturub araq içirsən, kiminlə oturub siqaret çəkirsən? Dərdləşəcəyin bir adam varmı? Sən papanın goru, birdəfəlik köç gəl kəndə, ömrünü asfaltın üstündə kor eləmə...

Bunları Səməd deyir. Əsgərlik yoldaşım, məni ölümdən qurtaran adam.

Düz deyir Səməd, indi şəhərdən uzaqda olmağa, sakit təbiətə hər şeydən çox ehtiyacım var. Yataqxana, taleyin şil-küt elədiyi insanlar, səfalətin əbədi kədərlə möhürlədiyi üzlər, artıq məni cana doyurub. Uzaqlaşmaq, uzaq bir yerə getmək, indiki həyat tərzimdən həmişəlik uzaqlaşmaq mənim də çoxdankı arzumdur. Ancaq bunu edə bilmirəm. Səməd də sanki söz xatirinə deyir bunu, o saat da unudur.

Müharibə hər ikimizin həyatını pozub, Səmədin əsəbləri korlanıb, sağ əlində qumbara partlayıb, barmaqları qatlanmır. Mən də itirilmiş rayonun qaçqın vətəndaşı statusunda yataqxana divarları arasında keçməyən zamanın qurbanıyam.

Səməd düz deyir, heç kimim yoxdur mənim bu şəhərdə və yer üzündə. Təkcə uzaq Muğan çölündə havalı başıyla güzaranını sürdürən bir dostum var, o da Səməd.

Bəlkə də, sözünə baxaram, şəhərdən köçüb kəndə yerləşər, onun qonşuluğunda yaşaya bilərəm. Ancaq bir məsələ də var.

Elə ki, Səmədlə görüşürəm, bir saatdan sonra məni yorur, belə bir şeyin mümkün olmayacağını düşünürəm. Çünki bir xasiyyəti var Səmədin, danışanda nəfəs almadan danışar. O qədər uzun cümlələr qurar ki, ciyərlərindəki hava tamam boşalar, ancaq Səməd hələ də danışmağa davam edər. Bu dəqiqə boğulacağını düşünərsən. Onun əvəzinə sən boğularsan.

Üstəlik, ancaq özü danışar, sənə danışmağa imkan verməz. Bir an öncə canını qurtarıb qaçmaq istəyirsən bu boğulan adamdan. Yox, bu doğrudan da ciddi məqamdır mənim üçün. Elə ki, Səməd havasız səsiylə dodaqlarını açıb-yummağa başlayır, ən son nəfəsində daha bir “yəni” deyib davam edir, onda, yataqxanadakı bütün turşumuş sifətlər xəyalımda mələk kimi canlanır, kənd söhbətini növbəti dəfə bağlayıram özüm üçün.

Əyri üzünə, mayıf gözünə yaraşmayan şəvə kimi, gur saçları var Səmədin. Bu gün sabah əlli yaşı tamam olacaq, saçlarına hər cür külək toxunub, təkcə zaman küləyindən başqa, necə vardı elə də qalıb. Sanki özü də bilir yeganə var-dövlətinin bu qara saçlar olduğunu, bəlkə on dəfə eşitdirib mənə, “ayə, saçlarını nə yaman ağartmısan”. Bunu deyib gülür, tütündən saralmış mırıq dişləri görünür hər dəfə.

Şəhərə gələndə mənim yanımda, yataqxanadakı tək otaqlı mənzilimdə qalır. Hər gələndə pay-püşk gətirir, halıma vaysınır, “sən allah, tüpür bu şəhərə, çıxaq gedək kəndə” deyir. Şəhərdə qalmaqda öz səbəblərim var, nə qədər olmasa da burda işim-gücüm, pul çıxartmaq üçün öz varintlarım var, Səmədə başa salmağa çalışıram, kəndə köçə bilmərəm deyirəm.

Pulu olanda da, olmayanda da düşündüyü təkcə bir şey var Səmədin, o da pul. İslaholunmaz optimistin biridir, ən ümidsiz vaxtlarında da böyük proyektlər qurar. Bir dəfə, müharibə təzə qurtaran vaxtlarda, Bakıya gəlmiş, geri qayıtmağa pulu olmamışdı.

Görüşüb söhbət etdik, çay içdik, çörək yedik. Səməd dəri tədarükünə başlayacağından, barterlə Türkiyədən şəkər tozu gətirəcəyindən danışırdı. Sanki "Pul olsa filan şeyi filan edərdik" cümləsi dilinin altında hazır qəlibdi, yeri oldu-olmadı sıçrayıb düşürdü ortaya.

Əsgərlikdə mənə çox yaxşılığı dəyib. Bir dəfə, üç günün yuxusuzluğundan sonra uzanıb tankın altında yatmışam. Tank hərəkətə gəlib, Səməd vaxtında sürüyüb çıxartmasa öləcəm. Başqa şeylər də olub... Bir sözlə, Səməd yaxşı adamdı, biraz kontuziyalı olsa da, mənim dostumdur.

Hər dəfə məni kəndə qonaq çağırır. Toydan toya, yasdan yasa getmişəm Muğan düzündəki Cəfərli kəndinə. İlk dəfə gedəndə, bir də bu kəndə gələnin ağlı yoxdur - demişəm özü-özümə. Əldən-ayaqdan uzaq, yolu olmayan ucqar bir yerdi.

“Hökumətin bizdən xəbəri yoxdur” deyir Səməd. Bu sözdə həqiqət var. Əskidən bu yerlərdə qaçaq mal-qara saxlayan, hökumətdən gizlənən adamlar yurd salıblar, sonra yavaş-yavaş yaşayış məskəninə çevrilib. Qış aylarında, yağmurlu havalarda bir dəfə yollar tamamən keçilməz olanda mən də Səmədin sözünü özünə qaytarmışam: “Nə var bu palçığın içində, köç gəl şəhərə...”

Bir də görürsən, Səməd xortdadı. Xəbərsiz filansız durub gəlib Bakıya. Şəhərdə cürbəcür işləri olur. Çox vaxt hansısa nazirliyə şikayət məktubu gətirir. Poçtla yollamır, çünki rayonda poçt işçıləri məktubları açıb oxuyur, şikayət məktublarını cırıb atırdılar. Ya da həkimə görsənmək üçün gəlirdi, başında qəlpə vardı.

Əməliyyat olmasa öləcək. Əməliyyat olmağa da pulu yox. Daha doğrusu, simiclik edir, pulun o qədər dərdi var ki, sağlamlığına xərcləmək istəmir. Böyük külfəti var Səmədin, bir də himayəsində yaşayan Nilufər adlı bir bacısı...

Nilufər haqqında ayrıca danışam gərək. Bu cür qızlar haqqında xalq dilində “təzəcə soyulmuş payız alması” sözünü işlədirlər, ancaq bu ifadə sizin üçün anlaşılmaz ola bilər. Mədəni bir ölkədə yaşasaydı, gözəllik yarışmasına qatılsaydı, əminəm ki, dünya gözəli seçilərdi Nilufər. Dünyada məşhur olan modellərdən heç nəyi əksik deyildi. Düzgün üz cizgiləri, boy-buxunu, yerişi, təbəssümü qeyri-adiydi. Üstəlik, dünya gözəllərində olmayan bir özəlliyi də vardı Nilufərin, - o da üzündəki həyası idi.

Yanağındakı xəfif qızartı onu daha cazibədar edirdi... Bir kərə gördünsə daim düşünəcəyin bir qızdı o. Kəndə qonaq gedəndə bir əliylə yaşmaqlanıb o biri əlini uzadaraq görüşüb. Evin qadınlar olan qismində oturar, yalnız süfrəyə yemək və çay gətirəndə əllərini görə bilərdin.

Üzünə baxmaq, kəlmə kəsmək kənd yerində yaxşı sayılmır. Beləcə öz gözəlliyindən xəbərsiz bir gözəl deyim, siz də məni başa düşün... Maneken və ya aktrisa ola bilərdi. Rəsmləri rəngli jurnalların üz qabığını bəzəyərdi bəlkə. Tale ona ucqar Cəfərli kəndində yaşamağı qismət etmişdi.

Hər gözəlin bir eybi varsa, Nilufərin də eybi himayəsində yaşadığı həmin bu qardaşı Səməddi. Ana-ataları vəfat etmişdi. Yetimçilik, kasıb həyat Nilufərin taleyini tərsinə çevirmişdi. Onu istəyənləri o istəməmiş, beləcə, yaşı ötmüş, evdə qalmışdı. “Kimdir kasıb qızı alan” düşüncəsi də kənd yerlərində çox yayğındır. Üstəlik, kontuziyalı bir qardaşı varsa bir qızın, artıq o evə elçilərin düşməsi də bir ayrı məsələdir...

Nə gizlədim, qəlbimdə Nilufərə qarşı çox dərin və gizli bir sevgi vardı, ancaq onunla evlənmək düşüncəsini yaxına buraxmırdım. Doğrusu, özümü ona layiq bilmirdim, üstəlik qardaşıyla da dost idim, dostumun bacısına göz dikməyi özümə sığışdırmırdım... Əslində, bu da deyildi... Sadəcə utancaq idim. Belə bir niyyətim olsa belə, Səmədə nə cür deyəcəyimi bilmirdim. Ana, bacı da ki, yox idi...

İllüstrasiya

İllüstrasiya

Mən tanıyan gündən Səməd kasıbçılığın daşını atmaqdan ötrü yollar axtarırdı. Bir dəfə ağlına bir fikir gəlmişdi. Musiqiylə qarpız yetişdirmək adıyla varlanmaq istəyirdi.

Qarpızlara maqnitafon qulaqlığı taxıb fotolarını çəkdirmiş, bunu qəzetlərin birində çap etdirməyi məndən xahiş etmişdi. İstəyi buydu ki, alıcıların diqqətini öz məhsulunun üstünə çəkəcək, musiqiylə yetişən qarpızlar bazarda daha çox müştəri toplayacaqdı.

Dostumun arzusunu yerinə yetirdim, qəzetdə “nauşnik” taxılmış qarpızların fonunda Səmədin fotosu yayınlandı, altından da belə bir xəbər getdi:

“Sabirabad rayonunun Cəfərli kəndinddə qeyri-adi hadisə baş verib. Kənd sakini Səməd Əhmədov öz təsərrüfatında yeni üsulla qarpız yetişdirməyə başlayıb, 5 dəfə artıq məhsuldarlıq əldə edib”.

Əlbəttə, xəbər şişirtməydi. Təkcə bir dənə “nauşnik” vardı, o da xarabdı. Ancaq fotolarda elə təsəvvr yaranırdı ki, bütün bostanda qarpızlara qulaqlıq taxılıb.

Effekt gözlənilməz oldu. ANS kanalından müxbirlər, çətin yolları arxada qoyaraq Cəfərli kəndinə gəlmiş və Səməddən müsahibə almışdılar. Təbii ki, yalanın üstü açılmışdı, ancaq bizim televiziyaçı dostlarımız da məsələni ağartmamışdılar.

Efirə gedən materialda yalanı biraz da şişirdərək Səmədi reklam etmişdilər. Nəticə? - qarpız böyüklükdə bir sıfır. Səmədin biznesi yerindən tərpənməmişdi.

Son dəfə Səmədi üç-dörd ay bundan əvvəl, şaxtalı bir qış günü gördüm. Zəng etdi. Məlum oldu ki, Bakıya gəlib, təcili mənimlə görüşmək istəyir. Görüşdük.

Əynində nazik gödəkcə vardı. Büzüşüb cücəyə dönmüşdü, soyuqdan rəngi göm-göy göyərmişdi. Mən görməyəli bir xeyli qocalmışdı dostum. Sən demə, şadlıq evlərindən biriylə danışıb, 20 dənə hinduşka istəyiblər, Səməd də borca girib, hinduşkaları kəsib gətirib. Beş-üç manat qabağa düşəcəkmiş.

Ancaq şadlıq evində hinduşkaları qəbul etməyiblər, biz erkək hinduşka istəmişik, sən dişi gətirmisən, deyiblər. İndi əlac mənə qalmışdı. Kömək elə bu hinduşkaları əridək - deyirdi Səməd. Kömək elədəim. Birlikdə kafeləri, restoranları gəzdik, üç bir, beş bir hinduşkaları “əritdik”.

Ən sonda oturub çörək yedik Səmədlə, ordan, burdan danışıq. İçkili olmasaydım, cəsarət etməzdim. Nilufər necədir? - deyə soruşdum. Nilufər rəhmətə getdi - dedi Səməd. Səsi titrəmədi, elə-belə, quru-quru dedi bu sözləri.

Üstündən yük götürülmüş adamın rahatlığı da vardı səsində. Yəqin o da içkili olduğuna görə Nilufərin ölüm səsbəbini danışdı. Qadın xəstəliyi varmış, həkimə aparmağa utanıb, kənd yerində nə deyərlər - deyib. Acizliklə üzümə baxır, məndən öz hərəkətini təsdiq edən bir söz gözləyirdi. Nə deyəcəyimi bilmədən, götür bunu içək, dedim sadəcə...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG