Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:44

►Səudiyyə Ərəbistanı dünyanın ən böyük suveren fondunu yaratmağa hazırlaşır.

Bu, neft erasının başa çatmasına hazırlığın bir hissəsidir.

Vəliəhdin müavini Mohammed bin Salman İctimai İnvestisiya Fondu (İİF) ilə bağlı baxışlarını ortaya qoyub.

Krallığı neft asılılığından qurtarmaq məqsədi ilə yaradılacaq bu fondun 2 trilyon dollardan çox vəsaitə nəzarət etməsi planlaşdırılır.

Şahzadə deyib ki, strategiyanın bir hissəsi olaraq səudiyyəlilər "Aramco"nun ana şirkətindəki paylarını sataraq bu neft nəhəngini sənaye konqlomeratına çevirəcəklər.

Səhmlərin birinci partiyası artıq gələn il ictimai satışa çıxarıla bilər. Hazırda ölkə səhmlərinin 5%-dən azını satmaq niyyətindədir.

20 illik plan

“İndi investisiyaları diversifikasiya etmək lazımdır ki, biz gələn 20 il ərzində əsasən neftdən asılı olmayan iqtisadiyyata və dövlətə çevrilək."

Səudiyyə Ərəbistanında neftin tapılmasından 80 il sonra kral Salmanın 30 yaşlı oğlu ölkəni dünyanın ən böyük xam neft ixracatçısından növbəti eraya hazır ölkəyə çevirmək istəyir. Onun ölkə iqtisadiyyatına gətirmək istədiyi dəyişikliyin sürəti onilliklərlə dövlət ödəmələrinə öyrəşmiş mühafizəkar cəmiyyəti şoka sala bilər.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Şahzadənin sözlərinə görə digər adı Səudiyyə Ərəbistanının Neft Şirkəti olan "Aramco"nun satışı 2018-ci, yaxud hətta 2017-ci il üçün planlaşdırılır. Əldə olunan vəsait İctimai İnvestisiya Fondunu təşkil edəcək.

Sözügedən fond sonradan ölkənin həm daxilində, həm də xaricində investisiyalar qoymaqla ölkə iqtisadiyyatında əsas rolu oynayacaq. O, Apple Inc., Google-un ana şirkəti olan Alphabet Inc., Microsoft Corp. and Berkshire Hathaway Inc. kimi şirkətləri satın ala biləcək qədər böyük olacaq. Bu şirkətlər dünyada səhməri açıq şəkildə satılan dörd ən böyük şirkətdir.

Fondun baş katibi Yasir Alrumayyanın sözlərinə görə, İİF 2020-ci ilə qədər xarici investisiyaların nisbətini hazırda olan 5%-dən 50%-ə qədər artırmağı planlaşdırır.

Keçən il Səudiyyə Ərəbistanı büdcə kəsirinin ÜDM-in 15%-ni keçməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görüb. Dekabrın sonunda hökumət yanacaq və elektrik enerjisinin qiymətini artırıb, büdcə xərclərində israfçılığa son qoymağı vəd edib.

Tezliklə "Milli Keçid Planı" elan olunacaq. Bu plana tariflərin və əlavə dəyər vergisinin artırılması da daxildir.

Şahzadə Mohammed bin Salman deyib ki, onun ölkəsi yalnız o halda neft istehsalını dondura bilər ki, İran da eyni addımı atmış olsun.

Beynəlxalq Valyuta Fondunun 2014-cü ildə dərc etdiyi araşdırmada qeyd edilir ki, enerji istehsalından asılılığı azaltmağa çalışan ölkələrin yol verdiyi "səhvlərə çoxlu misallar" göstərmək olar. Hesabatda deyilir ki, Körfəzin ərəb monarxiyaları neftin bir barrelinin qiyməti 100 dollardan yuxarı olanda əllərində olan ən yaxşı şansı artıq qaçırıblar. (Ardı aşağıda)

Azərbaycan kəndlisi niyə varlana bilmir?

"Siz iqtisadi islahatları ...şam yeməyi kimi sifariş edə bilməzsiniz."

Vaşinqtondakı Corctaun Universitetinin təhlükəsizlik elmləri professoru Paul Sullivan deyir: "Aydındır ki, Səudiyyə Ərəbistanı öz iqtisadiyyatında islahat aparmalı və onu canlandırmalıdır. Ancaq bunun üçün qeyri-neft sahələrinə qoyulan investisiyaların artırılması kifayət deyil. Siz iqtisadi islahatları ...şam yeməyi kimi sifariş edə bilməzsiniz."

Şahzadə Mohammed Səudiyyə Ərəbistanının yaranmasından (1932) bəri əlində ən çox güc toplamış şahzadədir. Üstəlik onun iqtisadiyyatda köklü dəyişikliklər etmək cəhdləri ölkə daxilində və regionda təhlükəsizlik məsələlərinin qabarıq olduğu dövrə təsadüf edir. Belə ki, sünnilərin idarəçiliyində olan krallıq Yəməndə şiə üsyançılara qarşı mübarizə aparır. Üstəlik həmin şiələrin İran tərəfindən dəstəkləndiyini deyir.

Şahzadə Mohammed həm də ölkənin Müdafiə Naziridir. Bundan başqa İqtisadi və İnkişaf Məsələləri Şurası çərçivəsində maliyyə, neft və iqtisadiyyat nazirlikləri də onun kurasiyasındadır. Atası kral Salmanın taxta çıxmasından sonra yaradılmış bu şura həm də yuxarıda sözügedən İctimai İnvestisiya Fonduna nəzarət edir.

Fond artıq xaricdə daha fəal olmağa başlayıb. İyulda İİF Cənubi Koreyanın "Posco Engineering & Construction Co." şirkətinin səhmərinin 38%-ni 1,1 milyard dollara əldə edib. Eyni ayda o, Rusiya rəsmiləri ilə Rusiyanın Birbaşa İnvestisiya Fondu vasitəsilə bu ölkənin iqtisadiyyatına 10 milyard dollar sərmayə qoymaq barədə razılığa gəlib.

“Şübhəsiz ki, bu, dünyada ən böyük fond olacaq. Bu "Aramco"nun səhmləri satılan kimi baş verəcək," deyə şahzadə qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG