Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:06

Axı bu necə olur, dostlar? (Yapon hokkuları)


Yapon körpüsü. Klod Mane (1899)
Yapon körpüsü. Klod Mane (1899)

-

Yapon hokkuları

İlqar Tağının tərcüməsində

(Vera Markovanın ruscaya çevirmələrindən tərcümə)

(Matsuo Basyo)

(1644–1694)

Əsir almışdır məni gecə...
canıma sarmaşaraq
səssizcə mürgüləyib dayanmışam.
***
Səmadakı ay,
gövdəsi qoparılmış ağac
par-par yanırmış kimidir.
***
Saralmış yarpaq üzür.
hansı sahildəsən, cırcırama,
qəfil oyanarmısan?
***
İydə ağacı əyilərək mürgüləyib.
budağına qonan bülbülü
onun ruhu sandım.
***
Payız küləyi necə də vıyıldayır!
şeirimi anlayardınız...
zəmidə gecələsəydiniz.
***
Xrizantemanın şehini
sümürür tələsik:
payızı da yaşamaq istər kəpənək.
***
Ehh, oyan, oyan!
sirdaşım ol,
yatmış pərvanə!
***
Qəfil ayıldım.
şaqqıltıyla çatlamış su bardağı:
içində su donubmuş axşam.
***
Açıqda hacıleylək yuvası.
ondan lap aşağıda,
fırtınadan ehmalca gizlənir albalı çiçəyi.
***
Doymadan,
aramsız oxuyur
yazda torağay.
***
Şırıldayır may yağışı.
nədi belə, çəlləyin çənbərimi qopmuş?
gecənin anlaşılmaz səsi.
***
Saf çeşmə!
balaca krab ayağım boyu
yuxarı dırmaşmaq istər.
***
Hava aydındır bu gün.
hardandır bəs sıçrayan damcılar?
göydə çəngə-çəngə buludlar.
***
şair Rikə mədhiyyə

Sanki şimşəyi
aldın ovcuna -
zülmətdə şam yandıranda.
***
Süzür sürətlə ay!
kirimiş budaqlardan
sallanır yağış damcıları.
***
Ağlıma gəlmədi
bərabərin olacaq bir şey,
üçgünlük ay!
***
Qara bulud
göy üzündə donuxub durmuş...
şimşəyi gözlər yəqin.
***
Nə qədər olarmış zəmidə, aman!
hər biri də çiçəkləyər bildiyi kimi -
budur çıçəklərin ali qüdrəti!
***
Asılan körpüyə
hörüb həyatını
çöl sarmaşığı.
***
Bahar sonucdadır.
quşlar ağlar.
balıqların gözləri yaşla dolar.
***
Dağlar, bostanlar tərpəşiblər,
üz tutublar yayın
qapıları taybatay açılmış mənzilinə.
***
May yağışları
şəlalələri dəfn etdilər-
su əndərdilər.
***
Köhnə döyüş meydanında yay otlaqları-
igidlərin röyalar kimi
gözdən itdiyi yer.
***
Adacıqlar...Adacıqlar...
xıncım-xıncım edəcək səni dəniz
yay günlərində.
***
Hər yan sakitlik.
qayaların ürəyində kök salır
cırcıramaların səsi.
***

Kyoray

(1651-1704)

Axı bu necə olur, dostlar?
adamın nəzərləri çiçək açmış albalıda,
qurşağında uzun xəncər!
***
kiçik bacımın ölümünə ithaf

Heyhat, mənim əlimdəcə,
yavaş-yavaş solaraq,
söndü mənim işıldaquşum.
***
İssyo

(1653-1688)

Həyatda nə varsa
doyunca baxdı gözlərim
qayıtdılar yanına - bəyaz xrizantem.
***
Ransetsu

(1654-1707)

Mavi səmada
tuşla küknar rəsmii çəkir
payızda Ay.
***
Çiçəklər... güllər-çiçəklər...
gavalı necə də çiçəkləyir
beləcə istilər gələr.
***
Gecə yarısı gördüm:
istiqamətini dəyişmiş
səma çayları.
***
Kikaku

(1661-1707)

Dilənçi yolda!
yayda bütün geyimi -
göy və yer.
***
Sübh çağı yuxuma
anam gəldi... qovma onu
qışqırığınla, ququ quşu!
***
Dzsyo

(1662-1704)

Həm səhraları, həm dağları -
qar ehmalca oğurladı...
birdən boşluq yarandı.
***
Göydən ay işığı süzülür
bütxananın kölgəsində gizlənmiş
gözləri qamaşan bayquş.
***
Onisura

(1661-1738)

Çəndəki suyu indi
hara əndərim mən -
hər yanda cırcırama oxur!
***
Tiyo

(1703-1775)

Gecəylə sarmaşıq dolaşıb
quyumun badyası boyunca...
suyçün qonşuya gedim!
***
balaca oğlumun ölümünə ithaf

A mənim dəcəl balam!
sən indi hansı gizli yerdə
qaçıb gizləndin?
***
On dörd gecəlik aylı gecə!
quşlar da bağlamazlar
yuvalarında qapılarını.
***
Zəfəran yarpağında şeh damcısı!
yerə damcılayaraq
adi suya çevriləcək...
***
Şəfəqli ay!
gəlirəm, gəlirəm sənə sarı
sən yenə çox uzaqlarda.
***
Ancaq qışqırıqları qulağımda
bəyaz vağlar görünməz
səhərin təzəcə yağmış qarında.
***
Asılmış ağır zəng.
onun lap küncündə
mürgü döyən kəpənək.
***
Sərin külək.
zəngləri tərk edərək
gecə zınqıltısıtək süzülər.
***
Kənddə köhnə quyu.
köpüklər arxasında kürü salmış balıqlar
dərindən gələn gurultulu küt səs.
***
İldırımlı leysan!
otdan güclə yapışmış
qarğa dəstəsi.
***
Ay necə də işıq saçır!
mənimlə qəfildən toqquşdu kor
gülümsəyib, rişxənd etdi.
***
"Fırtına başladı!"
Qarətçi yolum üstə
Qorudu məni o...
***
Soyuq, sancı kimi ürəyimə basıldı:
yataq otağında mərhum arvadımın
darağını basdaladım.
***
Zərblə balta çaldım
matım qurudu... qış bağında
ənbər ətri əsdi!
***
Ay işığı üzüqərbə hərəkətdə
çiçəklərin kölgələri
şərqə tərəf yönəlik.
***
Cırcırama, ağlama!
sevgi hicransız olmur
səmada ulduzlarçün də.
***
Qarlar əridi -
kənd birdən dolub, aşıb-daşdı
səs-küylü uşaqlardan!
***
Elədi, sən keçmiş həyatında
bacımdın mənim,
qəm-qüssəli ququ quşu...
***
Ağac - odunluğa doğranacaq...
quşlar qayğısız
yuva hörürlər!
***
Yol boyu küsüşməyin,
hayan olun bir-birinizə, qardaş kimi,
köçəri quşlar!
***
balaca oğlumun ölümünə ithaf

Həyatımız - şeh damcısı.
qoy olsun şeh damcısı
yenə də - həyatdır ki...
***
Yavaş-yavaş sürün, ilbiz
Fudzi qayalığı boyunca
yuxarıya, lap zirvəyədək!
***
Çalınmış ot kolluğunda,
baxın, necə də gözəl
kəpənəklər doğulurlar!
***
Məhzun dünya!
hətta albalı çiçəklərkən də...
hətta onda...
***
Mən qabaqcadan bilirdim,
ki, onlar gözəldirlər, həmin göbələklər,
zəhərli, ölümcül göbələklər!

XS
SM
MD
LG