Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:24

Seyran Səxavət: Mühit, mühit, yenə də mühit (Müsahibə)


Seyran Səxavət
Seyran Səxavət

-

"Bəzən sayta girə bilmirəm, bəzən də girirəm, çıxa bilmirəm."

"Millət vəkilinin dediyindən belə çıxırdı ki, dövlət kiməsə nəsə verirsə, o, susmalıdı."

"Qaldı ki Elçin müəllimin o teleqramı baş nazirin müavini kimi göndərməsi, mənə yenə xoşdu. Bakıdan başqa paytaxtım yoxdu, Azərbaycandan başqa ölkəm yoxdu, vətənim yoxdu. Əlimdə-ovcumda olan budur və bu, mənimkidi..."

Yazıçı Seyran Səxavət ilə söhbət

"Cavan var, bir çağırışa reaksiyasıyla qoca görünür"

- Seyran müəllim, əvvəla, sizi 70 yaşınız münasibətilə təbrik edirəm. 70 yaşı olanda insan nələr hiss edir, nələr düşünür?

Seyran Səxavət
Seyran Səxavət

- Çox sağ ol. Vallah, yaşımı hamı vurğulayır, mən də onların dedikləriylə razılaşıram. Amma yaş şərti bir şeydi.

Adam var 20 yaşı var, cavan oğlandı, boy-buxun, hər şey yerində, amma hərəkətləriylə, əməlləriylə, bir çağırışa reaksiyasıyla, bir səsə münasibətiylə, ətrafa, bir ağaca, bir qayaya, bir daşa, bir çaya münasibətiylə qoca görünür.

Adam da var ki, məsələn, Musa Yaqub kimi. Səksənin ağzındadı, qapını döyür ki, açsın girsin səksənə. Baxırsan ki, cavan oğlandı. Yəni bizim bu görünən tərəfimiz bizim qabımızdı. Ruhumuzun qabıdı, ruhumuzun paltarıdı.

Əsas ruhdu, ruhun yaşıdı ki, bu da heç bir təqvimdə, heç bir yaş kağızında göstərilmir. Mən bu müstəvidən götürəndə heç bir fərq hiss eləmirəm.

Bu yaxınlarda sizin dediyiniz kimi 70 yaşım oldu və gördüm bütün qəzetləır, saytlar ağız-ağıza verib məndən danışırlar, sağ olsunlar yeri gəlmişkən və üzümə qarşı deyirlər ki, Seyran, sənin 70 yaşın olub!

Sadəcə bu dünyada 40, 50 il yaşayana nisbətən mənim ömür yaşım, rəqəmim böyükdü, başqa, ruhən heç bir fərq hiss eləmirəm.

- Özünüzü nə qədər gənc hiss eləsəniz də, siz istər-istəməz gənclərdən daha təcrübəlisiniz. Gənc yazarlara yazmaqla bağlı hansı məsləhətləri verərdiniz?

- Sizə deyim, mən o qədər də geri qalmış deyiləm ki, yazmaqla bağlı kiməsə məsləhət verim. Yazmaq məsləhətlə, filanla başa gələn iş deyil. Bu Allahın verdiyi bir şeydi. Əslində Adəm və Həvvadan tutmuş, sizə və mənə qədər yer üzünə gəlib gedən adamların hamısı istedadlı adamlar olub. Çünki hamının müəllifi Allahdı.

Sadəcə düşdüyü mühitdən asılı olaraq, bəzi bəndələrin istedadı açılır, toxum kimi cücərir, pardaxlanır, özünü büruzə verir, ətrafı məcbur eləyir ki, məni görün, mənim istedadım var. Bəzilərində isə düşdüyü mühitdən asılı olaraq açılmır və nəzərə çarpmadan gəlir yaşayır, yeyir-içir, qonşularla yola gedir, ya dava eləyir, axırda da çıxıb gedir. Yəni, bu, mühitdən asılıdı.

Bütün bəşəriyyətə Allahın yazdığı bir kitab kimi baxası olsaq, o kitabda pis cümlə ola bilməz. Sadəcə mühit, mühit, yenə də mühit.

Yazmaqla bağlı gənclərə heç bir məsləhət verə bilmərəm. Belə bir məsləhət, belə bir resept yoxdu. Kimsə kiməsə məsləhət verəndə mən onu başa düşə bilmirəm.

Seyran Səxavət
Seyran Səxavət

Amma mənəviyyatla bağlı demək istəyirəm ki, biz müstəqil dövlətik, belə demək mümkünsə, cavan bir oğlanıq.

Qəfil qapı-pəncərələr açıldı, dünya bizə açıq oldu, biz də dünyaya açıq olduq. Açığı, biz də buna hazır deyildik və bir millət olaraq, bir gənclik olaraq, orta yaşlı təbəqə olaraq, hətta ağsaqqal olaraq, bir balaca özümüzü itirdik. Çünki görməmişdik. Bir məsəl var, evdə bişməyib, qonşudan da gəlməyib.

Öz şirəsində bişən böyük bir dövlət parçalandı, birdən bütün qapı-pəncərələr açıldı, bir “skvaznoy” əmələ gəldi, “skvaznoy”da adam görürsən xəstələnir, sətəlcəm olur. İstər-istəməz biz bəzi gənclərimizə mənəvi sətəlcəm diaqnozu qoymalı oluruq. Yəni, bir az açıq-saçıq yazmağa başladılar. Mən bunu qəti xoşlamıram.

Həmçinin oxu: "Elçin Əfəndiyevin son romanında cəsarətli və bütün incəliklərinə qədər erotik epizodlar var"

Məsləhət vermək kimi çıxmasın. Mən ömür boyu özüm məsləhət almışam deyə məsləhət verməyə heç vaxtım olmayıb. Təəssüf ki, adını indi unutduğum bir avropalı yazıçı deyirdi ki, əsər yazanda elə yazın ki, onu qızınıza, ananıza, bacınıza oxuya biləsiniz. Bunu bir avropalı deyirsə, şərqli olaraq, müsəlman olaraq, yüz illər boyu yiyələndiyimiz məlum mentalitet sahibi olaraq, biz niyə açıq–saçıq yazmalıyıq?!

- Siz niyə elə düşünürsüz ki, əsəri yazıb kiməsə oxumalısız? Oxucu və əsər arasında intim münasibət ola bilməzmi? Oxucu ilə əsər arasına niyə kimsə girməlidi ki?

- Görünür, mən fikrimi sizə çatdıra bilmədim. Burda söhbət Şərq mentalitetindən və abır–həyadan gedir. Yəni, elə əsər yaz ki, qızın səndən xahiş eləyəndə ki, ata, o əsərdən mənə bir parça oxu, utanmadan o əsərdən oxuya biləsən.

"Ədəbiyyat bizim mənəvi həyət-bacamızdı"

- Təbii, hər kəsin öz fikrində qalmaq haqqı var. Seyran müəllim, deməli, gənclərin yaradıcılığını izləyə bilirsiz?

- Bəlkə də məndən çox gənclərin yaradıcılığını izləyən yoxdu. Çox diqqətlə izləyirəm gənclərin də, yaşıdlarımın da, hətta məndən yaşca böyük olanların da yaradıcılığını. Bu ədəbiyyat bizim təsərrüfatımızdı, bizim mənəvi həyət-bacamızdı. Onu necə izləməmək olar?! Özü də mən həmişə istedadlı gəncləri xoşagəlməz hücumlardan müdafiə eləmişəm.

Bu yaxnlarda Şərif Ağayarın gözəl bir hekayəsini oxudum, götürüb özünə zəng vurdum. Ondan əvvəl Kəramət Böyükçölün “Çöl” romanını oxumuşam. Qan Turalının “Fələk qırmancı” romanını oxudum. Xəyalə Sevil adlı gənc şairənin şeirlərini oxuyub bəyəndim.

- Seyran müəllim, bu yaxlnlarda sizin “Seçilməmiş əsərlər” adı altında yeni kitablarınız çıxdı. Həmin kitablar təşkilat, dövlət xətti ilə çap olundu?

-Yox. Həmin kitablar nə dövlət xətti ilə çıxıb, nə də AYB xətti ilə. Kitablar Seyran Səxavətin dostlarının vasitəsilə işıq üzü görüb.

- Dostlar demişkən, biz mətbuatda sizin qələm dostlarınızın çoxlu təbriklərini oxuduq yubileyinizlə bağlı. Onların arasında Nəriman Həsənzadə, Musa Yaqub, Elçin var idi...

- Musa Yaqub, Fuad Poladov – hər ikisi mənim minillik dostumdu. Min beş yüz illik uşaqlıq dostum akademik Hətəm Quliyev üçündən də mənim barəmdə müsahibə aldı. Mənim özümdən də müsahibə almaq istədilər. Dedim, zəhmət olmasa gedin mənə bir az da başqalarının gözü ilə baxın. Çünki adam güzgüyə baxanda özü-özünün xoşuna gəlir.

Biz uzun illərdi dostuq. Dostluq ədəbiyyatdan da böyük sənətdir. Haradasa, dostluq ədəbiyyatı doğa bilər, amma ədəbiyyat dostluğu... bəlkə də doğar, amma keysəriyyə ilə doğar.

Elçin
Elçin

- Seyran müəllim, təbrik edənlərin arasında baş nazirin müavini Elçin də var idi. Elçinin təbrik teleqramından sonra sizə olan diqqət çoxaldı. Hətta belə fikirlər var ki, sizə Xalq yazıçısı adı verəcəklər.

- Bu xalq yazıçısı söhbətini özünüzdən uydurmusuz? (gülür) Elçin müəllim bizim xalq yazıçımızdı, böyük ədəbiyyatşünasdı, böyük yazıçıdı, Azərbaycan ədəbiyyatında yaxşı mənada böyük bir ərazini işğal eləmiş qələm sahibidi. Yeri gəlmişkən, mənə vurduğu təbrik teleqramına görə ona təşəkkür edirəm. Çox isti bir teleqram vurmuşdu. Mən o teleqramı ilk növbədə, qələm dostumun sözü kimi qəbul edirəm.

Qoy bir zarafat eləyim: əgər siz dediyiniz söhbətlər doğrudan da varsa, yalandısa, gerçək olsun.

Qaldı ki Elçin müəllimin o teleqramı baş nazirin müavini kimi göndərməsi, mənə yenə xoşdu.

Bakıdan başqa paytaxtım yoxdu, Azərbaycandan başqa ölkəm yoxdu, vətənim yoxdu.

Əlimdə-ovcumda olan budur və bu, mənimkidi. Adam özününkünə necə münasibət bəsləyirsə, mən də bir normal insan kimi, bir kankan kimi, dəmirçi kimi o cür fikirləşirəm, heç yazıçılığı bir qırağa qoyaq.

Qoy bir zarafat eləyim: əgər siz dediyiniz söhbətlər doğrudan da varsa, yalandısa da, gerçək olsun...

"Elə bildim, Əkrəmin balalarını atıblar o tonqala"

- Siz mətbuatı izləyirsiz. Yəqin onu da bilirsiz ki, Əkrəm Əylislini İtaliyaya kitab festivalına getmək istəyərkən hava limanında saxlayıblar...

Əkrəm Əylisli
Əkrəm Əylisli

- Əkrəm müəllim Azərbaycanın ən istedadlı yazıçılarından biridi. O hadisələrin gur vaxtında, qalmaqal apogeyinə çatdığı vaxtda, mən millət vəkili Çingiz Qənizadə ilə ANS televiziyasında Qənirə Ataşovanın “tamadalığı” ilə fikirlərimi demişəm.

Demişəm Əkrəm müəllim bizim böyük yazıçımızdı, amma yazdığı “Daş yuxular” romanında bir qırıq dırnaq yeri qoymayıb ki, onu müdafiə eləyim.

Hətta orda millət vəkili mənə dedi ki, Əkrəm müəllimin nəyi çatmırdı? Xalq yazıçısıydı, ordenlərini saydı, nə bilim təqaüdünü saydı. Millət vəkilinin yanaşması xoşuma gəlmədi. Mən elə orda dedim ki, bu yanaşma çox qeyri-sərrast yanaşmadı.

Millət vəkilinin dediyindən belə çıxırdı ki, dövlət kiməsə nəsə verirsə, o, susmalıdı. Yaxud Seyran Səxavət olaraq, dövlət mənə heç nə verməyib, mən bircə dəfə “Nekroloq” romanına görə Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” adını almışam, onda belə çıxır mən gecə-gündüz dövlətimin ayağının altını qazımalıyam?

Bunu xatırlatdım ki, oxucular üçün də aydın olsun. Mən açığı, dəqiq bilmirəm Əkrəmi niyə saxlayıblar. Mən biləni kitab festivalına gedirmiş. Mən dərindən bilmədiyim şey haqqında danışa bilmərəm.

Amma Əkrəm Əylislini yazıçı kimi dərindən tanıdığıma görə onu müdafiə də elədim, ona iradımı da bildirdim o əsərə görə. Onun kitablarını Əylisdə, Gəncədə yığışıb camaat yandırmışdı, o tonqalı görəndə də dedim ki, hardasa bu bir növ vandalizmdi, mən o tonqala televozorda baxanda elə bildim ki, Əkrəmin balalarını atıblar o tonqala, yandırırlar.

"Yazıçılıq çox gözəl bir xəstəlikdi"

- Hazırda üzərində işlədiyiniz əsər var?

-Yazıçı həmişə yazır. Sizinlə danışa-danışa, paralel şəkildə ağlıma nəsə gəlir. Amma oturub konkret yazmaq yaradıcılığın texniki tərəfidi. Dolmusan, oturursan: stol, sən, qələm. Üçlük yaradırsan. Vəssalam. Həmişə deyirlər ki, üçüncü artıqdı. Amma burda dördüncü artıqdı. Yazıçı həmişə yazır. Yazıçılıq çox gözəl bir xəstəlikdi, arzu edirəm ki, bütün istedadlı yazıçıları Allah bu xəstəlikdən sağaltmasın.

- Seyran müəllimi internet istifadəçisi hesab eləmək olarmı?

-Yox, mənə istifadəçi deməklə, siz başqalarının hüququnu pozursunuz. Bir az da onları incidirsiz. Mən ancaq beş-altı sayt var, onlara girib-çıxıram. Bəzən girə bilmirəm, bəzən də girirəm, çıxa bilmirəm. Uşaqlar quyuya düşən adam kimi ver əlini, səni ordan çıxardaq - deyirlər. Mənim saytım vardı, ora o qədər məktub yazırdılar, mən heç onlara cavab yaza bilmirdim. Mən internetşünas deyiləm.

- Feysbukda sizin adınıza səhifə var. Xəbəriniz var?

- Kim açıbsa, sağ olsun. Deməli, ürəyi açıq adamdı, açıb.

- Sağ olun, Seyran müəllim. Sizə can sağlığı arzulayıram. Gün olsun 80 yaşınızı qeyd eləyək.

- Çox sağ olun.

Sevinc Elsevər söhbətləşdi

XS
SM
MD
LG