Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:45

Məşhur xəbər agentliyi nasistlərlə əməkdaşlıq edib?


Adolf Hitler
Adolf Hitler

-

Obama nüvəsiz dünyadan yazır; Savchenko-nu silah alverçisinə dəyişmək istəyirlər – 31 mart Qərb mediasının icmalı.

«The Associated Press» (AP) agentliyi 1930-cu illərdə nasist partiyası ilə sövdələşib, Adolf Hitler rejiminin təbliğatını aparıb». Bu eksklüziv materialı çərşənbə günü «The Guardian» qəzeti yayıb.

«Newsweek» bildirir ki, AP-nin nasist rejiminə münasibəti barədə məlumatı, əslində, bir alim açıqlayıb. Tarixçi Harriet Scharnberg bir elmi jurnalda yazıb ki, AP nasist rejimi ilə qarşılıqlı faydalı əməkdaşlığa gedib. Scharnbergalman tarixçisidir. Onun yazdığına görə, AP-nin nasist partiyasına yanaşma tərzi Hitler rejiminə «məhvedici savaşı adi müharibə kimi qələmə vermək» imkanı yaradıb.

Nyu-Yorkda 1846-cı ilin mayında yaradılan AP Hitler hakimiyyəti dönəmində Almaniyada fəaliyyət göstərən yeganə qərb xəbər mediası olub. 1930-cu illərdə «The Guardian» da Almaniyada qadağan edilmişdi. Qəzetin yazdığına görə, AP «redaktor qanunu» adlanan «Schriftleitergesetz»i imzalayıbmış. Yəni agentlik ölkə daxilində və xaricdə Reyxin gücünü sarsıdacaq heç nə dərc etməməyə boyun olubmuş. Qanun baxımından AP nasist partiyasının üzvü olan reportyor və fotoqrafları işə götürməliydi. Nasistlər agentliyin fotolarından təbliğat məqsədi ilə yararlanırmışlar. Bu bir yana, nasistlərin «ABŞ-da yəhudilər» adlı bukletinin üz qabığında da AP-nin fotosundan istifadə olunub.

AP çərşənbə günü bəyanat yayaraq bildirib ki, öz arxivindəki xeyli materialı tarixçinin xahişi ilə onunla paylaşıb. «İkinci Dünya müharibəsi vaxtı agentlikdə çalışan əməkdaşlar barədə məlumat da verilib», - bəyanatda belə deyilir. AP bildirir ki, məqalədə agentliyə bəlli olmayan mənbələrdən də istifadə edilib və agentlik həmin dövrün doğru anlaşılmasından ötrü sənədləri gözdən keçirir.

Sözügedən xəbər agentliyi bir neçə il öncə Şimali Koreya hökuməti ilə də anlaşmaqda suçlanıb. 2014-cü ildə «NK News» saytı yazıb ki, Pxenyanda bürosu olan agentlik rəsmiləri 2011-ci ildə Şimali Koreyanın dövlət media təbliğatını yaymağa razılaşıblar. Ancaq agentliyin sözçüsü «The Guardian»a müsahibəsində Şimali Koreya hökumətinin senzurasına məruz qalmadıqlarını söyləyib.

Barack Obama
Barack Obama

OBAMA NÜVƏSİZ DÜNYADAN YAZIR

«The Washington Post» qəzeti ABŞ prezidenti Barack Obama-nın məqaləsini dərc edib. «Nüvəsiz dünyanı necə reallığa çevirə bilərik» başlıqlı məqalədə prezident yazır ki, nüvə silahlarının yayılması və onlardan potensial istifadə dünyada güvənlik və sülhə ən böyük təhlükədir:

«Bu səbəbdən 7 il öncə Praqada vəd etdim ki, Birləşmiş Ştatlar nüvə silahlarının yayılmasını dayandıracaq və onsuz bir dünya yaradacaq. Bu yanaşma məndən öncəki demokrat və respublikaçı prezidentlərin siyasətinə söykənir. Ronald Reagan deyirdi ki, «nüvə silahlarını bir gün Yerüzündən tam yox etmək istəyirik»».

Martın 31-də Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti başlanır. Obama yazır ki, bu sammitdə Praqa gündəliyinin əsas bəndini – terrorçuların nüvə silahı əldə edib ondan yararlanmasını əngəlləmək məsələsinimüzakirəyə çıxaracaqlar. ABŞ da, başqa ölkələr də yeni öhdəliklər götürəcək. Özünü «İslam Dövləti» (İŞİD) adlandıran silahlı qruplaşmanın törətdiyi təhlükəni nəzərə alan ABŞ tərəfdaş və müttəfiqləri ilə antiterror tədbirlərini götür-qoy edəcək.

Barack Obama-nın yazdığına görə, nüvə terrorçuluğunu əngəlləmək sahəsində irəliləyişlər var: Nüvə silahı olmayan dünyaya doğru konkret addımlar atılıb; nüvə silahlarının yayılmasını önləməkdən ötrü qlobal rejim gücləndirilir; öhdəliklərinə əməl edən ölkələrin dinc nüvə enerjisinə çıxışı naminə mülki nüvə əməkdaşlığı gerçəkləşdirilir:

«Yeddi il öncə dediyim beynəlxalq yanacaq bankı hazırda Qazaxıstanda tikilir. Bununla da ölkələr uran zənginləşdirmədən istədikləri enerjini alacaqlar... Praqada dediyim kimi, nüvə silahı olmayan dünyada təhlükəsizlik və sülhü tezliklə əldə etməyə bilərik. Yəqin mən o günü görmərəm, ancaq buna başlamışıq. Nüvə silahını işlətmiş tək ölkə olan ABŞ-ın bu silahın məhvinə liderlik etmək kimi mənəvi öhdəliyi var. Amma bu, tək bir ölkənin işi deyil və bütün dünyanın işinə çevrilməlidir».

Viktor Bout
Viktor Bout

SAVCHENKO-NU SİLAH ALVERÇİSİNƏ DƏYİŞMƏK İSTƏYİRLƏR

Rusiya və ABŞ hakimiyyəti ukraynalı pilot Nadia Savchenko-nu rusiyalı məşhur silah alverçisi Viktor Bout-la dəyişmək barədə danışıqlar aparır. Bunu «The Telegraph» qəzeti yazır.

Rusiyada Savchenko-ya siyasi ittihamlarla 22 il həbs cəzası kəsilib. Bout və Konstantin Yaroshenko isə ABŞ-da qanunsuz silah satışı və narkotik maddə qaçaqçılığında təqsirli bilinib və uzunmüddətli həbs cəzası alıblar. «Interfax» yazıb ki, siyahıda bu 2 nəfərdən başqa, «fəaliyyətləri barədə açıq məlumat verilməyən» rusiyalılar da var.

Kreml belə bir məhbus mübadiləsi barədə bilgisiz olduğunu söyləyib. Ancaq Viktor Bout-un vəkili Alexei Tarasov sözügedən mübadiləni mümkün saydığından, söz-söhbət daha da dərinləşib.

ABŞ-ın Ukraynadakı səfiri Geoffrey Pyatt bu fikri gülünc sayıb: «Savchenko Rusiyada qanunsuz saxlanır və Minsk razılaşmalarına görə azadlığa buraxılmalıdır».

«Interfax» Rusiya XİN-dəki qaynağa istinadla yazıb ki, bu şayiə daha geniş təbliğat kampaniyasının bir hissəsidir:

«Bütün bu deyilənlər yalandır. Məqsəd bu işlə bağlı informasiya kampaniyası sürdürməkdir». Həmin qaynaq belə söyləsə də, təbliğatı kimin apardığını açıqlamayıb.

Kiyevdəki ABŞ səfirliyi belə bir mübadilə təklifinin irəli sürülməsinə dair qəzetə heç bir şərh verə bilməyəcəyini deyib.

XS
SM
MD
LG